Quli qanuni oğru adından imtina edə bilər - yeni iddialar və telefon danışığı...

26-09-2019, 14:29 496 dəfə baxılıb

Quli  qanuni oğru adından imtina edə bilər - yeni iddialar və telefon danışığı...

Badri Koquaşvili azərbaycanlı “qanuni oğru”ya qarşı olanları ətrafında toplamağa çalışır; Quli isə “təmiz söhbət” üçün hazırdır...

Xəbər verdiyimiz kimi, azərbaycanIı “qanuni oğru” Nadir Səlifovla (Quli) Rusiya kriminalının “nömrə 1” “qanuni oğru"su “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov da daxil olmaqla bəzi "generallarla" ciddi qarşıdurması yaranıb. Buna səbəb Qulinin razılığı ilə gürcü "qanuni oğru" nəslindən olan Quram Çixadzenin şillənməsidir.

Yada salaq ki, konfliktə səbəb Quli ilə yaxınlaşan Quramın Türkiyədə qətlə yetirilən Rövşən Canıyevin (Lənkəranski) adamları ilə yaxınlığının üzə çıxmasıdır. Quli Quram Çixadzenin Lənkəranski klanı ilə internetdə üzə çıxan şəklindən sonra şillələdib, ondan uzaq durmasını istəyib. Bu işi isə “Vəhşi Arman” ləqəbi ilə tanınan qazaxıstanlı Arman Cumagəldiyev edib.
Bu insident tezliklə cinayət aləmində böyük rezonans doğurub. 1994-cü ildə Quramın atası -“qanuni oğru” Aftandil Çixadze və anası gözü qarşısında öldürüləndən sonra Şakro da daxil “qanuni oğru”lar 6 yaşlı bu oğlanı öz himayələrinə götürüblər. 16 yaşında ona “qanuni oğru” titulu veriblər.

Döyülmə insidentdən sonra “Şakro Molodoy” və Badri Koquaşvili (Kutaisili) Quramın müdafiəsinə qalxıblar. Şakro deyib ki, Qurama vurulan zərbəni özünə vurulmuş hesab edir. Badri isə hətta “sxodka” keçirməyə cəhd edib. Amma bir çoxları özünü Quli ilə pis etmək istəməyib.

Sentyabrın 6-da Quli “sxodka” çağırıb. “Sxodka”da iştirak edən “Vəhşi Arman” öz hərəkətini izah edib və toplantıdakıların narazılığına səbəb olmayıb. İddiaya görə, Quli Qurana and içib ki, onun məsələsi üçün “sxodka”ya cəhd edən Badri Koquaşvilini cəzalandıracaq.

Rusiya mediası iddia edir ki, Badrini “qanuni oğru”lardan Elqudja Turkadze və Asatryan dəstəkləyib. Vaqif Bakinski və Ded Xasanın yaxın qohumu olan Miron isə bitərəf qalıb, Quli ilə konfliktə girməyiblər.

Bundan sonra KİV-lərdə Quliyə qarşı kompromat savaşı başlayıb. Belə ki, indi Qulinin ən yaxın adamlarından birinə çevrilən “Vəhşi Arman”ın Qazaxıstanın xüsusi-xidmət orqanları ilə yaxınlığı haqda iddialar peyda olub. Bildirilir ki, guya Quli də “Vəhşi Arman”ın “yuxarılara” bağlılığını bilir, amma bu vəziyyət ona sərfəli olduğu üçün susur.

Rusiya KİV-lərinin xəbərinə görə, gürcü "qanuni oğru" Badri Quli ilə konfliktdən çəkinməyib, əksinə, barəsində verilmiş “ölüm kimi hökmü” provokasiya etməkdədir. Xəbərlərə görə, Badri bir neçə gündür ki, Quliyə qarşı olanları ətrafında toplamağa çalışır. Badrinin sorağı gah Moskvadan, gah Yunanıstandan, gah da Praqadan gəlir.

Bildirilir ki, Quli onunla istənilən yerdə görüşməyə hazır olduğunu desə də, Badri “avroturda” bu konfliktə daha çox kriminalın müdaxiləsini istəyir ki, “qaynatdığı kaşa”dan qurtula bilsin. Məlumatlarda deyilir ki, Badri Qulinin əleyhinə apardığı telefon danışıqlarında iddia edir ki, azərbaycanlı “qanuni oğru” “Vəhşi Arman” la haqq-hesaba imkan vermir, onu müdafiə edir. Quli isə Quramın ona müraciət etmədiyini, üstəlik, istənilən “sxodka”ya əgər ehtiyac yaranarsa, “Vəhşi Arman”ı şəxsən gətirəcəyini deyib.

Badrinin cəhdlərinə baxmayaraq, Rusiyadakı “anti-oğru” adı almış qanunun qüvvəyə minməsindən sonra (yeri gəlmişkən, Rusiya mediası onu da iddia edir ki, zərurət yaranarsa, Quli də “qanuni oğru” adından imtina edə bilər - bu artıq polisin əlinə keçən ”qanuni oğru” üçün məqbul sayılır ) əsasən, Yunanıstana sığınmış “qanuni oğru”lar Quli ilə konfliktə girməkdə maraqlı olmayıblar. Onlar ümumiyyətlə, Badrinin bu konfliktlə Yunanıstana yeni müharibələrin toxumunu səpə biləcəyindən ehtiyatlanırlar. Hətta ən yaxın adamları belə, Badrinin Quli barədə “bespredelşik” obrazı yaratması ilə razı deyillər. Bu konfliktdə yalnız çox da nüfuzu olmayan, hətta pulla "fərman" verən aşağı ranqlı kriminalların dəstəyinə ümid edə bilər.

Amma Badri hələ ki, konfliktdə ən güclü dəstəyə - hazırda həbsxanada 10 illik cəzasını çəkən Şakroya güvənə bilər. İddia olunur ki, heç nədən yaradılmış bu konfliktdə əsas məqsəd yeni kriminal müharibənin başlamasıdır. Bildirilir ki, bu müharibə Şakronun yoxluğunda onun əvəzedilməz lider olmasına xidmət edə bilər.

Müsavat.com


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR