Putin Yaxın Şərqin ardınca qara qitəni fəth etməyə başladı

23-10-2019, 13:37 250 dəfə baxılıb


Putin Yaxın Şərqin ardınca qara qitəni fəth etməyə başladı

Rusiya prezident Vladimir Putinin liderliyində ABŞ-ın zəifləməsindən istifadə edərək sürətlə dünyadakı mövqelərini gücləndirir və faktiki olaraq “dünyanın ağasına” çevrilmək iddiasındadır.

Virtualaz.org qeyd edir ki, Türkiyənin Suriyanın şimalında başlatdığı əməliyyatlar və bunun ardınca Amerika qoşunlarının bölgəni tələsik tərk etməsi Putinin daha bir geosiyasi qələbəsi ilə nəticələnib.



Kürdlər müttəfiq kimi Rusiyanın daha etibarlı olduğuna əmin olublar. Və Rusiyanın dəstəklədiyi Bəşər Əsəd rejimi öz mövqelərini daha da möhkəmləndirib və üstəlik ruslar amerikalıların Suriyanın şimalında qoyub qaçdıqları hərbi bazanı tutublar. Qərb analitikləri etiraf edirlər ki, Suriya qambiti Putini faktiki olaraq Yaxın Şərqin şəriksiz ağasına çevirib. Xüsusən də Rusiyanın regionda ABŞ-ın ənənəvi müttəfiqləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə son təntənəli səfərləri də nəzərə alınarsa.

Lakin Putin geosiyasi qələbələrini təkcə Yaxın Şərqlə məhdudlaşdırmır. O, “qara qitə” Afrikada da sürətlə Rusiyanın mövqelərini möhkəmləndirir, üstəlik yeni mövqelər tutur.



Bu gün oktyabrın 22-də Rusiyanın iki Tu-160 strateji bombardmançısı-raketdaşıyanı ilk dəfə Cənubi Afrika respublikasına gedəcək. Bu haqda “The Aviationist” Rusiya Müdafiə Nazirliyinin Twitter-də dərc edilmiş məktubuna istinadən bildirir.

Gözlənilir ki, T-160 CAR-ın paytaxtı Pretoriyadan cənubdakı Waterkloof aviabazasında yerə enəcək. Onları An-124 hərbi-nəqliyyat təyyarəsi və uzaqmagistrallı İl-62 təyyarəsi müşaiyət edir. Həmin tip Rusiya bombardmançıları Afrikaya ilk dəfədir baş çəkir. Rusiya strateji bombardmançıları bundan əvvəl ABŞ-ın “burunun ucunda”-Latın Amerikası ölkəsi Venesuelada yerə enmişdi və bu uçuş Rusiyanın təsir imkanlarının coğrafiyasının genişləndiyinə dəlalət edən növbəti fakt idi. İndi isə bombardmançılar Afrikanın ən ucqarlarına simvolik reyd edir və bu, Rusiyanın qitədə möhkəmlənməkdə olduğunu nümayiş etdirən daha bir əlamətdir.



Digər məlumata görə Rusiya daha bir Afrika ölkəsinin-Efiopiyanın sovet dövründən qalmış borcunu (164 milyon dollara yaxın) silməyə razılaşıb. Bu, “inkişaf əvəzində borc” sxemi ilə silinəcək. Məlumatı TASS-a müsahibəsində prezident Putin açıqlayıb.

Putin sabah oktyabrın 23-də Soçidə “Rusiya-Afrika” sammitinə ev sahibliyi edəcək və bu sammit Rusiyanın Afrikada mövqelərini möhkəmləndirməyə yönəlmiş daha bir addımıdır. Putin xatırladıb ki, Rusiya indiyə qədər Afrika ölkələrinin sovet dövründən qalmış 20 milyard dollara yaxın borclarını silib.

Onun sözlərinə görə, söhbət geniş qəlbli olmaqdan getmir, Rusiyanın bu addımı praqmatikdir. Çünki borclu ölkələrin bir çoxu onsuz da pulları qaytarmaq imkanında deyildi. İndi isə borcları silməklə Rusiya onları “hamı üçün optimal olan variantlar” əsasında əməkdaşlığa cəlb edir. Rusiya lideri qeyd edib ki, hazırda həmin sxemlə Mozambik, Madaqaskar və Tanzaniya ilə əldə edilmiş razılaşmalar yerinə yetirilir.



“İnkişaf əvəzində borc” sxemi borcların silinməsinin əvəzində Rusiya şirkətlərinin təbii ehtiyatlarla zəngin Afrika ölkələrində üstünlük qazanmasını, faydalı qazıntılar yataqlarının işlənməsinə dair sərfəli müqavilələr bağlaması və ya iqtisadiyyatın strateji sahələrinə çıxış imkanları qazanmasını nəzərdə tutur. “Rusiya-Afrika” sammiti ilk dəfədir keçirilir və orada 40-a yaxın afrikalı siyasətçinin, bir sıra dövlət başçılarının iştirakı gözlənilir.

Putin onu da bildirib ki, Rusiya Afrikada rəqabətə hazırdır, amma bu rəqabət sivil olmalıdır. Habelə Putin Afrika ölkələrinə yaraqlılarla mübarizədə hərbi dəstək verməyə də hazır olduqlarını deyib. Rusiya lideri bir sıra Qərb ölkələrini qınayaraq deyib ki, onlar Afrika ölkələrinin rəhbərlərinə qarşı “yolverilməz tədbirlərə” əl atırlar. Siyasi məqsədlərinə nail olmaq üçün onları qorxudurlar və şantaj edirlər. Bununla da Qərb Afrika qitəsində mövqelərini bərpa etməyə çalışır. Putinin sözlərinə görə, qərb ölkələri Rusiyanın Afrikada mövqelərini möhkəmləndirməsinə müqavimət göstərirlər, çünki onların məqsədi qitə ölkələrinin sərvətlərini mənimsəməkdir.



Putin Rusiyanın Afrikadakı iştirakından imtina etməyəcəyini deyib, bildirib ki, digər rəqibləri ilə sivil mübarizəyə hazırdır.

Rusiya prezidenti ABŞ-la yanaşı Çin, Hindistan, Braziliya kimi ölkələrin də Afrikaya marağının artmaqda olduğunu deyib. Onun sözlərinə görə, Afrika ölkələrinə yardım ilk növbədə terrorçuluqla mübarizədə edilməlidir. Çünki region ölkələrinin öz ordularının ekstremsit qruplaşmalara qarşı mübarizə aparmaq imkanları məhduddur. Ona görə də antiterror sahəsində əməkdaşlıq Rusiyanın Afrika siyasətinin əsas prioritetidir. Ona görə də Rusiya və Afrika dövlətlərinin xüsusi xidmət və güc strukturları arasında əməkdaşlıq möhkəmləndiriləcək.

Rusiya rəsmi dövlət strukturları ilə yanaşı Afrika ölkələrindəki mövqelərini həm də muzdluların əli ilə möhkəmləndirir.



Bəlli olduğu kimi çoxdandır rusiyalı oliqarx və “Kremlin aşbazı” kimi tanınan Yevgeni Priqojinin maliyyələşdirdiyi muzdlular ordusu Afrikanın bir sıra ölkələrində fəaliyyət göstərir. CAR-dan tutmuş Sudana, Liviyadan Madaqaskara qədər bir çox ölkələrdə “Vaqnerin ordusu” adlı özəl təhlükəsizlik şirkətinin muzdlularını görmək olar. Bir qayda olaraq həmin muzdluların göründüyü ölkələrdə Rusiya şirkətləri faydalı qazıntı yataqlarında işləyirlər, digər sərfəli sahələrə girirlər. Əvəzində Rusiya həm muzdluların, həm digər leqal vasitələrin köməyi ilə Afrika ölkələrinin hakimiyyətlərini öz mühafizəsi altına alır, onları təkcə silahlı qruplaşmalardan deyil, belə görünür ki, həm də Qərb ölkələrinin təzyiqlərindən qoruyur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR