“Ermənilər anlayırlar ki, çox qorxulu vəziyyət yaranıb...”

23-10-2019, 11:10 311 dəfə baxılıb

“Ermənilər anlayırlar ki, çox qorxulu vəziyyət yaranıb...”

Azərbaycanda son kadr dəyişiklikləri, xüsusən də Əli Əsədovun baş nazir vəzifəsinə gətirilməsi Ermənistanda maraqla qarşılanıb. Prezident İlham Əliyevin kadr islahatları, bütövlükdə islahatlar yönündə, idarəçiliyi mükəmməlləşdirmək və optimallaşdırmaq, o sırada komandanı cavanlaşdırmaq, onu daha çevik və modern hala gətirmək yönündə addımları qonşu ölkədə həm də narahatlıqla izlənməkdədir.

Bu proses, özəlliklə də kadr dəyişiklikləri, İlham Əliyevin daha effektli hökuməti formalaşdırmaq hədəfi, üstəgəl, gələn il üçün Azərbaycanın öz hərbi xərclərini 20.09% artırmağı planlaması təcavüzkar ölkədə ilk növbədə Azərbaycanın müharibə hazırlığını gücləndirməsi kimi dəyərləndirilməkdədir. Erməni KİV-lərində son günlər bu yöndə çoxalan yazı və şərhlər diqqət çəkir.

*****

Məsələ ondadır ki, Azərbaycandan fərqli olaraq, blokada vəziyyətində olan, ciddi təbii sərvətlərdən, ələlxüsus enerji resurslarından məhrum, dünya okeanına çıxışı olmayan, bölgədə Rusiyanın forpostu rolunu oynayan Ermənistanın heç bir ciddi islahat potensialı yoxdur - hakimiyyətdə lap Şarl de Qol olsa da. Ermənistanda islahat adına yalnız Moskvanın izn verdiyi həddə nələrəsə ümid edilə bilər. Çünki İrəvanın hətta daxili siyasətinin konturlarını belə, Moskva müəyyən edir.

Balanslı xarici siyasətə üstünlük verən Azərbaycanın isə belə sıxıntısı və nə daxili, nə də xarici siyasətdə hərəkət məhdudiyyəti yoxdur. Demək, ölkə rəhbərliyi daha dərin siyasi-iqtisadi islahatlara yön verməkdə sərbəstdir. Bu islahatlar isə Azərbaycanın iqtisadi-maliyyə cəhətcə daha da güclənməsi, iqtisadiyyatının neft-qazdan asılılığının daha da azalması, ölkənin investisiya cəlbediciliyinin artması, xarici sərmayələr üçün daha açıq olması, deməli, həm də hərbi potensialımızın, o sırada yerli hərbi-sənaye kompleksinin daha da güclənməsi deməkdir. Düşmən ölkəni təlaşlandıran ilk növbədə budur. Çünki Qarabağ müharibəsi hələ bitməyib. Bunu az öncə Ermənistanın baş naziri Nikol Paşinyan erməni rəhbərləri arasında ilk olaraq etiraf elədi.

*****

“Prezident İlham Əliyevin dövründə biz beynəlxalq siyasətin subyekti kimi müstəqil dövlətin ardıcıl və düşünülmüş şəkildə qurulmasının şahidiyik. Mən hesab edirəm ki, bu gün Azərbaycan Rusiya, Türkiyə, İranla beynəlxalq əlaqələri gözəl şəkildə həyata keçirir. Habelə Qərblə yaxşı əlaqələr mövcuddur ki, bu da mühümdür”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyalı tanınmış yazıçı və ictimai xadim, “İzbor ekspertlər klubu”nun direktoru Aleksandr Proxanov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycandan ötrü çoxaspektli siyasət çox lazımdır. “Azərbaycan regionda harmoniya yaradır, region da bunun qarşılığında ona sabitlik, simpatiya, investisiyalar bəxş edir”, - deyə Proxanov qeyd edib.

“Azərbaycanın indiki prezidenti İlham Əliyev ölkə üçün tapıntıdır. Bu - yeni tip liderdir. Hansı liderə ki, ölkəsinin öz qonşusu ilə müharibə vəziyyətində olması şəraitində ən mürəkkəb məsələləri həll eləmək müyəssər olur. Ermənistan isə heç cür Qarabağ konfliktindən çıxa bilmir. Qarabağ konflikti getdikcə sayı azalan və ölkəni tərk edən ermənilərin axırıncı enerjisini və gücünü də alıb aparır”, - deyə tanınmış publisist əlavə edib.

*****

Mövzu ilə bağlı axar.az-a danışan Azərbaycan XİN-in sabiq rəhbəri, politoloq Tofiq Zülfüqarov ölkədə aparılan kadr islahatlarını müsbət qiymətləndirib: “Bu islahatlar doğrudan da gedir və iqtisadiyyatın dirçəlməsinə gətirib çıxarır. Bununla paralel olaraq kadrların yenilənməsi fərqli bir haldır. Hesab edirəm ki, bəzi adamlar vəzifədə çox qaldıqda yaşla əlaqədar iş qabiliyyətləri azalır. Loru dildə desək, yeni göz lazımdır ki, daha fərqli məqamları görsün. Düşünürəm ki, məhz bu baxımdan islahatlar sürətlənib”.

Politoloq Azərbaycanda baş verən proseslərdən dolayı ermənilərin narahatlığının əsassız olmadığını da deyib: “Ermənilər Azərbaycanda gedən prosesləri daima izləyiblər. Onlar başa düşür ki, çox qorxulu bir vəziyyət yaranıb. Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səsləndirdiyi bir fikir diqqəti cəlb edir. Lavrov tərəflər arasında danışıqların olmadığını dedi. Azərbaycan tərəfi də bəyan elədi ki, danışıqlar yoxdur, sadəcə, görüşlər baş verir. Danışıqlar olmayan yerdə, təbii ki, məsələnin həlli ilə bağlı digər üsullar ortaya çıxır. Hərbi əməliyyatların başlamasının mümkünlüyü artır”.

Sabiq diplomat hesab edir ki, yaranmış durumda hərbi əməliyyatların təşəbbüskarının kim olacağı fərq etmir. “Amma, məntiqə görə, Azərbaycanın tam hüququ var ki, öz ərazilərini işğaldan azad etsin. Çünki beynəlxalq vasitəçilik heç bir nəticə vermir. Bu baxımdan ermənilər Azərbaycanda baş verən islahatları özlərinə təhlükə kimi görməkdə haqlıdırlar. Çünki anlayırlar ki, onların potensialı və əsas gücü Rusiya tərəfindən onlara verilən hərbi təhlükəsiz qarantiyasıdır. Ermənistan tərəfinin narahat olmasının əsas səbəbi bu qarantiyanın onların üzərindən götürülməsi və bu prosesin davam etməsi ilə bağlıdır. Ermənilər, demək olar ki, Azərbaycan tərəfinin bütün addımlarında müharibənin bərpasını görürlər. Bu baxımdan onların həqiqətdən uzaq olmadığını demək olar”, - deyə o əlavə edib .

Ermənilərin xroniki müharibə xofundan qurtuluşunun tək yolu isə çoxdan bəlli: nə qədər gec deyil, əsas qonşular - Azərbaycan və Türkiyə ilə anlaşmaq...
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR