Rus-türk savaşı yenidən başlayır: Tehran öz rolunda… - TƏHLİL

7-02-2020, 09:29 313 dəfə baxılıb

Rus-türk savaşı yenidən başlayır: Tehran öz rolunda… - TƏHLİL

Suriya ordusunun İdlib üzərində son hücumları Bəşər Əsəd rejimi ilə Türkiyə arasında münasibətləri yenidən gərginləşdirib.

Rəsmi Ankara Suriyanın şimalındakı strateji və təhlükəsilik maraqları naminə son dövrlər Əsəd hakimiyyətinə loyal mövqe sərgiləsə də, tərəflər arasındakı düşmənçilik bərpa olunub. Buna səbəb Bəşər Əsədə tabe olan ordu qüvvələrinin Rusiya aviasiyasının və İrana tabe olan silahlı qrupların dəstəyi ilə İdlib vilayətini ələ keçirmək üçün hərbi əməliyyatlara başlamasıdır. Dinc sakinlərin yaşadıqları ərazilər və Türkiyə hərbçilərinin yerləşdiyi müşahidə məntəqələri atəşə tutulur. Əsəd rejiminin Rəsmi Ankaranın hücumları dayandırmaq çağırışlarına məhəl qoymaması Türkiyəni cavab tədbirlərinə əl atmağa vadar edib. Suriya silahlı qüvvələrinin 54 hədəfinə endirilən artilleriya və hava zərbələri nəticəsində 76 nəfər məhv edilib. Türkiyə tərəfi isə döyüşlərdə beş əsgər itirib.

Eyni zamanda, Türkiyə yenidən ciddi qaçqın problemi ilə üzləşib. Əsəd ordusunun Əriha, Sərakib və Cəbəl Zaviyə yaşayış məntəqələrini atəşə tutmasından sonra 40 min nəfərdən artıq dinc sakin qaçqın kimi Türkiyə sərhəddinə üz tutub.

Onların bir qismi Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları nəticəsində azad etdikləri ərazilərə sığınıb. Suriya ordusunun 2019-cu ilin oktyabr ayından başlayaraq, İdlibin cənub və cənub istiqamətində həyata keçirdiyi hücumlar nəticəsində qaçqın düşən sakinlərin sayı 1 milyon 677 min nəfərə çatıb. Minlərlə ailə yalnız İdlib şəhərinin mərkəzini deyil, həm də Hələbin qərbində və cənubunda yerləşən Dar əl-İzzə, Ətarib, Xıraytan, Yayyan, Anadan və Ayncara bölgələrini də tərk edərək şimala köç edir.

Əsəd rejiminin İdlibdə keçirdiyi hərbi əməliyyat Ərdoğan iqtidarının Moskva ilə münasibətlərinə də təsir göstərib. Bu ilk növbədə, Suriya ordusuna İranla yanaşı, Rusiyanın da dəstək verməsi ilə bağlıdır. Digər tərəfdən, baş verən hücumlar 2018-ci ilin sentyabr ayında Rusiya və Türkiyənin təminatı ilə İdlibdə sülhün təmin olunmasına dair Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında Soçidə əldə edilmiş razılaşmanın pozulmasına səbəb olub.

Türkiyə prezidenti Rusiya ilə münaqişəyə girmək istəmədiyini söyləsə də rəsmi Ankaranın son açıqlamaları Kremlə etiraz mesajları kimi başa düşülə bilər. Onu da qeyd edək ki, Rusiya ilə Türkiyənin maraqları axır vaxtlar Suriya ilə yanaşı, həm də Liviyada toqquşur.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Davosda keçirilən Dünya İqtisadi Forumunda Gürcüstanı NATO-ya qəbul etməyə çağırdı. Bunun ardınca Prezident Ərdoğanın fevralın 3-də Ukraynaya səfəri zamanı Krımın Rusiya tərəfindən qanunsuz ilhaq edildiyini bəyan etməsi və rəsmi Kiyevlə 50 milyon dollarlıq silah satışına dair müqavilə imzalaması Ankaranın Kremlə qarşı təzyiq addımlarını atdığını göstərir.

Lakin siyasi analitiklər hesab edir ki, hazırda Rusiyanın Yaxın Şərqdə, o cümlədən Suriyada ən güclü strateji tərəfdaşı Türkiyədir. İranın mövqelərinin getdikcə zəiflədiyi hazırkı şəraitdə Moskvanın Ankaranın dəstəyinə ehtiyacı getdikcə artır. Əgər Türkiyə Suriya böhranına dair üçlük formatından çıxmalı olsa, o zaman Rusiya özünün bir sıra geosiyasi dayaqlarını itirə bilər. Bu isə ABŞ-a və müttəfiqlərinə İranı Suriyadan çıxartmaq üçün daha fəal hərəkətə keçmək imkanı yaradacaq. Moskva isə Yaxın Şərqdə öz mövqeyini saxlamaq üçün İrana görə ABŞ-la qarşıdurmaya getmək istəməz. Ona görə də Suriyada davamlı şəkildə qalmaq üçün Rusiyanın Türkiyəyə ehtiyacı var. Lakin son zamanlar Bəşər Əsəd hakimiyyətinin itaətsizlik nümayiş etdirərək Türkiyə ilə açıq qarşıdurmaya getməsi Ankaranın Vaşinqtonla münasibətlərində yaranmış gərginlikdən Rusiyanın və İranın istifadə etmək niyyətini əks etdirir. Çünki İdlibdə baş verən döyüşlərin arxasında yalnız Rusiyanın dayandığını iddia etmək mümkün deyil. Fevralın 2-də İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qolunun komandirlərindən Əsğər Pəşapurun Suriya müxalifət qüvvələri ilə döyüşdə öldürülməsi İranın da bu prosesdə yer aldığından xəbər verir.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.info-ya bildirib ki, Türkiyə-Suriya münasibətlərinin gərginləşməsi İdlibdə baş verən hadisələrlə bağlıdır:

“İdlibdə vəziyyətin tənzimlənməsinə dair Türkiyə, Rusiya və İran arasında razılaşma var. Həmin razılaşmaya görə, həmin bölgədə müşahidə məntəqələri qurulmalı idi. Türkiyə, Rusiya və İranı təmsil edən hərbçilər həmin ərazidə müşahidəni davam etdirməli idilər. Amma son hadisələr Bəşər Əsədin özünə arxayınlıq yaratdığını göstərir. İranla ABŞ-ın münasibətlərindəki gərginlik bu fəallığa təkan verib. Hesab edirəm ki, Türkiyə hərbçilərinin şəhid edilməsində İran və Əsəd rejiminin əlaqəsi var. PKK terrorçuları da onlara bu məsələdə dəstək verir. Həmin hücumlarda Rusiyanın “Vaqner” adlı xüsusi təyinatlı silahlı qrupunun iştirakı da istisna olunmur. Çünki “Vaqner”in döyüşçüləri Rusiya hakimiyyətinə tabe deyil və muzdlu fəaliyyət göstərirlər. Onlar İdlibdə Türkiyəyə qarşı birgə hərbi əməliyyat keçirib. Onlardan hansısnın birinci, ya ikinci olması başqa məsələdir. Bütün hallarda İdlibdə Türkiyəni sevməyən qüvvələr birləşib. Bu məsələdə ABŞ rəsmi Ankaranı dəstəklədi və bildirdi ki, Türkiyənin özünü qorumaq haqqı var. Amma Rusiya münasibət bildirmədi. Yəni Rusiya hadisələri nə pisləmədi, nə də dəstəyini ifadə etməyib. Eləcə də İran susmağa üstünlük verdi. Məsələyə münasibət bildirən yeganə ABŞ-dır. Qeyd edim ki, Türkiyənin Suriyadakı fəaliyyəti əvvəllər Dəməşqlə Ankara arasında imzalanmış sazişə uyğun həyata keirilir. Yəni Türkiyə beynəlxalq hüquqa uyğun hərəkət edir”.

Ekspert bildirdi ki, Türkiyə Gürcüstanın NATO-ya daxil olmasına əvvəllər də dəstək verib. Türkiyə NATO ilə bağlı proqramlarını Gürcüstanda və Azərbaycanda da həyata keçirib. Ankara Rusiya təcavüzü baş verəndən etibarən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Ona görə də problem yalnız Rusiya ilə bağlı deyil:

“Məsələ İran məsələsidir. İranın Suriyadan sıxışdırılmaslı ilə bağlı çoxsaylı hadisələr baş verib. Növbəti mərhələdə İranın Suriyadan sıxışdırılması nəzərdə tutulur. Əgər əvvəllər Suriya böhranı ilə bağlı Rusiya, Türkiyə və İran BMT-nin vasitəçiliyi ilə birgə fəaliyyət göstərirdisə, indi İran ikinci plana keçib. Çünki İranın proseslərdə iştirakı problemin həllinə mənfi təsir göstərir. Yəni ABŞ Rusiya və Türkiyə ilə müzakirələr apara bilər. Amma İran danışıqlara qatılanda ABŞ məsələnin həllinə şübhə ilə yanaşır. Ona görə də İran bu prosesdən uzaqlaşdırılmağa başlayıb. Hesab edirəm ki, Türkiyə-Rusiya münasibətlərinə İranyönümlü qüvvələr və PKK mane olmağa çalışır. İran Rusiya və Türkiyənin yaxınlaşmasını istəmir. Ancaq istisna olunmur ki, Rusiya Türkiyənin Suriyada daha çox uğur qazanmasını istəmir. Yəni Türkiyənin dövlət təhlükəsizliyini təmin etməsi baxımından uğur qazanması Rusiyanı qane etmir. Kreml Türkiyənin həmişə onun yanında olmasını istəyir. Bu baxımdan, Suriyadakı hadisələr Türkiyəyə xəbərdarlıq xarakteri daşıyır və “Rusiyaya arxayın olma” mesajını verir. Türkiyə-Rusiya münasibətləri bir-birinə bağlı olmayan, təzadlı müttəfiqlikdir. Hər iki ölkə arasında böyük iqtisadi layihələr var. Türkiyə Rusiyanın hərbi müdaxiləsinə məruz qalmış Ukraynanı müdafiə edir. Eyni zamanda, Ermənistan Rusiyanın dəstəyi ilə Türkiyənin strateji müttəfiqi olan Azərbaycanın ərazisini işğal edib. Digər tərəfdən, Rusiya Suriyada Bəşər Əsədi müdafiə edir. Türkiyə isə Əsədin əleyhinədir. Rusiyada PKK-nın və qollarının ofsisi var. Yəni Rusiya-Türkiyə münasibətlərində üst-üstə düşən mənafelərlə yanaşı, xeyli təzadlı məqamlar var. Ankara və Moskvanın Suriyadakı maraqlarını uzlaşdıran ortaq məxrəclər var. Onlar birgə fəaliyyət göstərməyə məcburdur. Əks təqdirdə, hər iki tərəf üçün problem yarana bilər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR