Məhəmməd Bağır Qalibaf - “Şahinləşən” İranın kürd əsilli yeni siması

17-02-2020, 15:29 267 dəfə baxılıb

Məhəmməd Bağır Qalibaf - “Şahinləşən” İranın kürd əsilli yeni siması


Ruhaninin etirafı

Azərbaycanda böyük ümidlə başlayıb xəyal qırıqlığı ilə bitən parlament seçkilərinin müzakirəsinin hələ də davam etdiyi bir zamanda cənub qonşumuz İran da seçkilərinə hazırlaşır. Önümüzdəki həftənin cümə günü -21 fevralda İran xalqı özünün 11-ci Milli Məclisinin tərkibini müəyyənləşdirəcək. Azərbaycandan fərqli olaraq, iranlılar bu seçkiyə böyük ümidlə getmirlər. Dolayısıyla 5 gündən sonra hər hansı xəyal qırıqlığı da yaşamayacaqlar. Bununla belə, tam istədiklərini olmasa da, qarşısına resept kimi qoyulan siyahıda bəyəndiklərini seçə biləcəklər.

Məsələ burasındadır ki, İranda bizdəki kimi seçkiləri saxtalaşdırmaq ənənəsi olmasa da, hər halda onların da rejimin məsləhət bildiyini seçmək məcburiyyətləri var. Başqa sözlə desək, bizim YAP hakimiyyəti nəticə etibarilə seçicilərimizin önünə yalnız bir namizəd çıxardığı halda, İran rejimi məcburi seçiləcəklərin sayını bol edir. Amma mahiyyət etibarilə bu alternativlər eyni zavoddan çıxmış məhsulu xatırladırlar. Hər halda bunu təkcə biz yox, İran prezidenti Həsən Ruhani də etiraf edir.



Məlumata görə, İranda növbəti parlament seçkilərinə start verildiyi ilk mərhələdə 15 min nəfər öz namizədliyini irəli sürmüşdü. Ölkənin Konstitusiya Mühafizəçiləri Şurası (KMŞ) isə onlardan yalnız 7070-nin namizədliyini qeydə aldı. Namizədlərin hardasa yarısından çoxu elə ilk mərhələdə İran dini liderinə bağlı qurum tərəfindən rədd edildi. Bunların böyük əksəriyyəti isə islahatçılar idi. İran prezidenti də məhz bu zaman öz etirazını dilə gətirərək KMŞ-ın qərarının parlament seçkilərində rəqabət mühitinə ciddi zərər vurduğunu bildirdi. Prezidentin sözlərinə görə, 290 nəfərlik parlament seçkilərində 7070 namizədin yarışacağına baxmayaraq, bu, həqiqi rəqabət üçün yetərli deyil və ona bənzəyir ki, vitrinə eyni məhsuldan bir yox, bir neçəsini düzürsən, müştəriyə isə “buyur, bunlardan ürəyin istəyəni al” deyirsən. Ruhaninin fikrincə, KMŞ-nin bu ələmələri “geniş diskvalifikasiya ilə bir çox partiya və qrupların seçkilərdə iştirakına mane olur" və "ölkənin tək bir qrup ilə idarə edilməsi” anlamına gəlir.

İranın da Siyavuş Novruzovu var

Sözsüz ki, İranın da Siyavuş Novruzovları var və onlar yeri gələndə müxalif səslərə “layiqli cavab” verirlər. Onlardan biri də KMŞ-nin sözçüsü Abbas Əli Kedxudayidir ki, bizim Siyavuş Novruzovdan fərqli olaraq o, bu dəfə hansısa “cəbhəçiyə” yox, ölkənin başçısına öz yerini göstərdi. Abbas Əli Kedxudayı Həsən Ruhaniyə cavabında bildirdi ki, sənin kürəkənini seçkiyə buraxmamışıq deyə, bu, alternativliyin pozulması demək deyil. Fakt budur ki, hər deputat mandatı uğrunda 24-dən çox namizəd yarışır.



Ruhani ilə KMŞ arasında qızışan polemikalar İranın dini lideri Ayətullah Xameneinin işə qarışması ilə qismən sakitləşdi. İran xalqına səslənən dini lider ölkənin xarici basqılarla üz-üzə qaldığını xatırladaraq, təxribatların qarşısını almaq üçün hər kəsi seçkilərdə aktivliyə çağırdı. Xamenei hətta indiki mərhələdə ona duyulan ümumxalq nifrətini də etiraf edərək, dedi: "Məni sevməsəniz də, əziz vətəniniz üçün seçkilərə gedin". Bununla da KMŞ-nin qərarının arxasında özünün dayandığını etiraf edən dini lider bunu milli təhlükəsizlik naminə atılmış məcburi addım olaraq əsaslandırdı.

Məsələ burasındadır ki, Trampın iki il əvvəl ləğv edib yenidən müzakirəyə çağırdığı nüvə sazişi İran siyasi elitasında müəyyən haçalanmalara yol açıb. Ölkə başçısı Həsən Ruhani və komandası konfliktə getmək yerinə yenidən müzakirələrə başlamağa üstünlük verdiyi halda, İranın dini lideri bunu ölkənin təhlükəsizlik strategiyası baxımından zərərli fikir hesab edir. İslahatçıların bu “tarixi səhvi” yol verməmələri üçün isə bəzi proflaktik addımlar atır. Məlumata görə, istər hərbi strukturlarda, istərsə də məhkəmə və digər sahələrdə aparılan kadr islahatları məhz bu siyasətə qulluq edir. Məqsəd ABŞ-ın hər an gözlənilən təxribatlarına qarşı İran xalqını öz nəzarəti altında saxlamaqdır. Hakimiyyətin iki ana qolunda uğurla başa çatdırılan bu kadr dəyişikliyini indi üçüncü qolda da tamamlamaq zərurəti yaranıb. Söhbət İran İslami Şura Məclisindən – parlamentdən gedir.



Parlamentə sınanmış adamların seçilməsinə xüsusi diqqət ayıran Xamenei üstünlüyü islahatçılara buraxmamaq üçün əlindən gələni edib. Bildirildiyinə görə, islahatçı qanadın yaratdığı İslahatçı Siyasətləri Müəyyənləşdirmə Ali Şurasının (İSMAŞ) bir çox önəmli simaları seçkidən kənarda saxlanıldığı üçün koalisiyanın bütün İranı əhatə edə biləcək vahid namizədlər çıxarmaq imkanı belə yoxdur. Bunu Şuranın sözçüsü Seyid Həsən Rəsuli də etiraf edərək, məcburiyyətdən bir çox bölgələrdə seçkilərə vahid namizədləri olmadan gedəcəklərini açıqlayıb. Onun sözlərinə görə, xüsusilə Tehran və Qərbi Azərbaycan kimi bölgələrdə ümumi bir siyahı ilə seçkilərə qatılmamaq qərarına gəliblər. İslahatçıların parlament seçkilərində qarşılaşdıqları bu çətinlik hətta seçkiləri boykot barəsində düşünmələrinə belə yol açıb. Fəqət boykot taktikası bütün islahatçılar tərəfindən yekdilliklə qəbul edilmədiyindən ümumi qərar çıxarmaq da mümkün olmayıb.

İslahatçılar bu çarəsizliklərlə çarpışdıqları halda, mühafizəkarlar daha çox avantaj qazanıblar. On bir mühafizəkar partiya və qrupun İslam İnqilabı Koalisiyası Şurası (İİKK) yaratdığı və əksər bölgələrdə seçkilərə vahid namizədlə qatıldığı bildirilir. İran-ABŞ münasibətlərinin kəskinləşməsi və Ruhani hakimiyyətinin özünü doğrultmaması da mühafizəkarların əlini gücləndirib. Bəzi ekspertlər məhz bu amilləri nəzərə alaraq, İranın növbəti parlamentində mühafizəkarların qələbə qazanacağını və növbəti hökumətin də mühafizəkarlardan təşəkkül tapacağını ehtimal edirlər. Bildirildiyinə görə, bir ildən sonra keçiriləcək prezident seçkilərində də KMŞ-nin bənzər ələmə siyasətləri ilə İranın növbəti başçısı da “şahin” birisiylə əvəz ediləcək.



Dini liderin xeyir-duası ilə İranın “şahin”ləşməsi prosesinin ən böyük zərbəsi ölkə siyasi həyatında mühüm rol oynayan Larincani ailəsinə dəyəcəyi indidən bəllidir. Belə ki, parlament seçkilərindən əvvəl məhkəmə sistemində aparılan kadr islahatı nəticəsində daha mülayim mövqeyilə seçilən Sadıq Laricani Məhkəmə Qüvvələrinin sədri vəzifəsindən uzaqlaşdırıldı və onun yerinə çıxardığı hökmlərlə “Ayətullahi-qətliam” ünvanı qazanan İbrahim Rəisi gətirildi. Bu, dini liderin İran xalqına “özünüzü yaxşı aparmasanız, “Ayətullahi-qətliam”ın qəzəbinə uğrayacaqsınız” mesajı kimi qəbul olundu.

Cəmi 5 gündən sonra digər Larincani qardaşının da 12 illik kreslosundan istefa edəcəyi gözlənilir. Söhbət, təbii ki, parlament spikeri Əli Larincanidən gedir. 2005-ci ildən 2007-ci ilə qədər İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi olan Əli Larincani Qərb ölkələri ilə aparılan nüvə müzakirələrində yer alıb və onun da Trampla höcətləşmək tərəfdarı olmadığı bildirilir. Larincaninin yerinə gətirilməsi gözlənilən şəxs isə kürd əsillidir. 2010-cu ilə qədər Tehranın bələdiyyə başçısı olan Məhəmməd Bağır Qalibaf gənclik illərindən bəri həm dini liderə sədaqəti, həm də izgüzarlıq qabiliyyəti ilə seçilib.



Onun spiker olacağı qənaətini gücləndirən əsas amil isə Tehrandan namizədliyini verməsi və mühafizəkar qanadının koalisiyası sayılan İİKK siyahısında ilk sırada yer almasıdır.

Məhəmməd Bağır Qalibaf kimdir?

Tehran bələdiyyəsinin sabiq başçısı olan Qalibaf İran Polis İdarəsinə də rəhbərlik edib. Bundan əvvəl isə İran İslam İnqilabı Keşikçiləri (SEPAH) korpusunun Hava Qüvvələrinin keçmiş komandiri olan Qalibaf ata tərəfdən kürd, ana tərəfdən isə fars əsillidir.



İran-İraq müharibəsinə qatılıb və 22 yaşında Xorasan əyalətindəki SEPAH 5-ci Nümayiş Qərargahının komandiri təyin olunub. Müharibədən sonra SEPAH-n iqtisadi qolu olan Xatəmi-Ənbiya qərargahının, 1996-cı ildə korpusun Hava Qüvvələri komandiri vəzifələrinə təyin edilib. Airbus sərnişin təyyarəsini idarə edə biləcək qədər yaxşı pilot olan Məhəmməd Bağır Qalibaf Tehranın Tarbiat Modares Universitetinin Siyasi Coğrafiya Bölməsini bitirib, hazırda Tehran Universitetində dosentdir.



Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnən 9-cu İran Prezident seçkilərində namizəd olmuş Qalibaf 17 Sentyabr 2005-ci ildə Tehran Bələdiyyə Məclisi tərəfindən bələdiyyə başçısı təyin edilib. Qalibaf bu sahədə ciddi uğurlar qazanıb və 2008-ci ildə beynəlxalq təşkilat olan Worldmayor tərəfindən dünyanın 8-ci ən yaxşı bələdiyyə başçısı adına layiq görülüb.

Heydər Oğuz

Ovqat.com


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR