İrəvanın “konfliktin üç tərəfi var” iddiasına növbəti zərbə - TƏHLİL

21-02-2020, 15:14 218 dəfə baxılıb

İrəvanın “konfliktin üç tərəfi var” iddiasına növbəti zərbə - TƏHLİL


İşğalçı Ermənistanın bütün rəhbərləri daim Azərbaycana qarşı işğalçılıq siyasətini danmağa, öz psevdo-dövlətləri üzərindən təcavüzkar yarlığını atmağa çalışıblar. Bunun üçünsə zaman-zaman bir ovuc Dağlıq Qarabağ ermənisini münaqişənin üçüncü tərəfi kimi beynəlxalq birliyə, ATƏT-in Minsk Qrupuna sırımağa çalışıblar.

Guya konfliktin əsasında qonşu ölkənin Azərbaycana əsassız torpaq iddiası deyil, bir neçə on minlik Qarabağ ermənisinin “azadlıq mübarizəsi”, öz müqəddəratını təyin etmə tələbi dayanır. Guya Dağlıq Qarabağ ətrafında heç vaxt bircə erməninin yaşamadığı yeddi rayonu da həmin bir ovuc erməni məhz “təhlükəsizlik zolağı” yaratmaq üçün tutub.

Ermənistanın indiki rəhbəri, baş nazir Nikol Paşinyan da əfsus ki, öz xalqına gerçəyi söyləmək əvəzinə, köhnə siyasəti davam etdirir. Ancaq öz aləmində guya daha hiyləgər şəkildə. Onun “Problemin həlli Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ üçün məqbul olmalıdır” tezisinin qayəsini də eyni məram təşkil edir. Halbuki Azərbaycan prezidenti İlham Əliyevin Münhen debatında vurğuladığı kimi, hamı bilir ki, Dağlıq Qarabağdakı “özünü müdafiə ordusu” deyilən qondarma orduda xidmət keçənlərin 80 və daha çox faizi məhz Ermənistan vətəndaşıdır. Bundan əlavə, abırsızcasına özünü “müstəqil dövlət” adlandıran bu separatçı qurum müstəsna olaraq, Ermənistandan və diaspordan maliyyələşir. Yəni Azərbaycanın balaca rayonu boyda olan “dqr” iqtisadi cəhətcə özünü əsla ayaqda saxlamaq gücündə deyil. Ola da bilməz təbii ki.

*****

Rəsmi İrəvanın konflikti “üç tərəfli” kimi təqdim eləmək cəhdləri həm də son vaxtlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, peşəkar diplomat olan Tural Gəncəliyevin aktiv və məhsuldar fəaliyyəti ilə fiasko olmaqdadır. Ötən il onun başçılığı ilə icma rəhbərliyinin Minsk Qrupunun həmsədr dövlətlərinə - ABŞ, Fransa və Rusiyaya uğurlu səfərləri Qarabağla bağlı təbliğat savaşında, konfliktin mahiyyətini dünyaya çatdırmaq baxımından erməni əks-təbliğatına növbəti güclü zərbələrlə yada qalıb.

Bu azmış kimi, ATƏT sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik fevralın 13-də T.Gəncəliyev və icma üzvləri ilə görüşüb. Görüş zamanı A.Kasprşik Tural Gəncəliyevi fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində Xankəndi seçki dairəsindən seçicilərin əksəriyyətinin dəstəyini qazanaraq millət vəkili seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

T.Gəncəliyev isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə təşəkkürünü bildirib və çoxsaylı seçicilərin dəstəyi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş rəsmisi qismində bundan sonra fəaliyyətini daha fəal şəkildə davam etdirəcəyini vurğulayıb. İcma rəhbəri həmişə qeyd olunduğu kimi, icmalararası təmaslara hazır olduğunu, azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri dönmək istəklərini və bu müstəvidə irəli sürülən təşəbbüsləri dəstəkləmək niyyətini bəyan edib.

Yada salaq ki, Kasprşikdən (seçkilərdən) az əvvəl Tural Gəncləliyev ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerlə görüşmüşdü - həm də amerikalı diplomatın öz təşəbbüsü ilə. Görüş zamanı Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması haqqında ABŞ səfirinə ətraflı məlumat verib və 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirib. Səfir Li Litzenberger bölgənin azərbaycanlı icmasının fəaliyyətini yaxından izlədiyini və görüşdən məmnun qaldığını xüsusi vurğulamışdı.

*****

Bakıdan səslənən sülh çağırışları, Gəncəliyevin Xankəndi dairəsindən deputat mandatı qazanması və dərhal sonra onun Kasprşiklə görüşməsi, sonuncunun isə onu təbrik eləməsi, ondan əvvəl isə icma rəhbərinin amerikalı səfirlə bir araya gəlməsi erməni tərəfində əsl panika yaradıb. İş o yerə çatıb ki, yerli KİV və politoloqlar Ermənistan XİN-dən bununla bağlı izahat tələb ediblər. “Ümumiyyətlə, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi cəbhəsində nələr baş verdiyini və bu görüş niyə məhz Münhen Beynəlxalq Təhlükəsizlik Konfransı fonunda baş verir?”, - deyə “Politik.am” erməni nəşrində dərc olunan yazıda qeyd edilib.

Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan isə ictimai rəyini sakitləşdirmək üçün yalana belə əl atıb. Guya Kasprşiklə görüş heç olmayıb. Ardınca Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından Ermənistan siyasi dairələrinin Gəncəliyev-Kaspşik görüşü ilə bağlı iddialarına münasibət gəlib. Sitat: “Son günlər erməni siyasi dairələri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikdən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb-görüşmədiyinə dair izahat tələb edirlər. Əlbəttə, görüş olub və biz icma olaraq bu barədə press-reliz yaymışıq. Ermənilərin bu əndişəsi əslində onların nə qədər saxtakar olduğunu göstərir. Özləri o qədər saxtakardılar ki, hətta doğru xəbərlərə də şübhə ilə yanaşırlar”.

Ən nəhayət, ATƏT-in ofisi açıqlama yaymaqla məsləyə nöqtə qoydu və faktiki, İrəvana sərt şillə vurdu. “Səfir Anjey Kasprşik regionun müxtəlif həmsöhbətləri ilə görüşlər də daxil, öz mandatından irəli gələn addımlar atır. Öz müşahidələri haqda ATƏT-ə və Minsk Qrupuna məlumat təqdim edir. Onun həyata keçirdiyi digər işlər qəbul olunur və dəstəklənir. Səfir öz mandatına uyğun şəkildə, Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə kömək üçün bütün bölgəni gəzməyə davam edəcək” , - deyə açıqlamada bildirilir.

*****

Beləliklə, erməni tərəfində indi həm də Qarabağdan legitim millət vəkili kimi Tural Gəncəliyevin diplomatik fəallığı narahatlıq doğurmaqdadadır. Başqa yandan, bu fəallıq Dağlıq Qarabağın separatçı başçısından fərqli olaraq, beynəlxalq hüquqla, Qarabağa dair beynəlxalq hüquqi sənədlərlə, həmçinin BMT-nin ATƏT-in Minsk Qrupuna verdiyi mandatla tam uyğunluq təşkil edir. Hansı mandat ki, Ermənistan və Azərbaycanı əsas münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarını isə maraqlı tərəf kimi tanıyıb. Həmin mandatı heç kim ləğv eləməyib. Bu da o anlama gəlir ki, erməni rəsmilərinin siyasi hoqqalarına rəğmən, Qarabağ konfliktində yalnız iki tərəf var - işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycan. Zatən, Münhen debatında da iki tərəf var idi - Əliyev və Paşinyan...
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR