ÜÇ NAMİZƏDDƏN BİRİ:Qazaxıstanda varis planı necə həyata keçiriləcək?

11-04-2019, 12:36 293 dəfə baxılıb

ÜÇ NAMİZƏDDƏN BİRİ:Qazaxıstanda varis planı necə həyata keçiriləcək?

Qazaxıstanın müvəqqəti prezidenti Kasım-Comart Tokayev prezident seçkisinin tarixini açıqlayıb – 9 İyun.

İqtidarda olan “Nur Otan” (“Parlaq Vətən”) Partiyasının əslində, heç bir müxalifi yoxdur. Ömürlük Elbaşı Nursultan Nazarbayev prezidentlik səlahiyyətinin bitdiyi 2020-ci ilədək səlahiyyətlərini Tokayevə təhvil verib, amma sükanı hələ də əlində saxlayır.

Nazarbayevin hərəkətləri, həqiqətən, keçid prosesinin başlanğıcıdır. 80 yaşlı adam müvəqqəti tərəfdarı yerinə, deyəsən, daimi varisini hakimiyyətə gətirmək istəyir. Həm də ölkəyə nəzarəti saxlama şərtilə.

Seçkilərin aprelin 26-da keçiriləcək “Nur Otan” Partiyasının növbəti qurultayında elan olunacaq namizədin lehinə saxtalaşdırılması nəzərdə tutulur.

Qazaxıstanda varisliyə dair sual uzun müddətdir müzakirə olunur, amma analitiklər və şayiəbazlar potensial namizədlərin siyahısını xeyli daraldıblar.

“Mütəxəssislər dərhal Nazarbayevin birdən-birə vəzifədən uzaqlaşmasının səbəblərini ortaya qoymağa başladılar və bu səbəblərin bəlkə də ən əhəmiyyətlisi yorğunluqdur. 30 il ərzində prezident Nazarbayev yaxşı bir miras yaradıb: Qazaxıstan Mərkəzi Asiyada ən müvəffəqiyyətli dövlət sayılır, lakin ölkəni idarə etmək böyük problemdir. Buna baxmayaraq, istənilən digər avtoritar lider Nazarbayev qədər iş görməyib”, – deyə Mədəniyyətlərarası Dialoqdan olan Aleksey Malaşenko yazmışdı.



Dariqa Nazarbayeva

“Nur Otan”ın tərkibində prezidentliyə namizəd ola biləcək cəmi iki nəfər var. Onlar Tokayev və Nazarbayevin 55 yaşlı qızı Dariqa Nazarbayevadır.

Tokayevin gerçək perspektivlərini göstərən heç bir açıqlama yoxdur, ancaq aprelin 9-dək Dariqa Nazarbayeva haqqındakı xəbər axını ziddiyyətlərlə dolu idi.

Tengrinews.kz xəbər saytı Dariqanın köməkçisi Saule Mustafayevaya istinadən məlumat verib ki, xanım Nazarbayeva prezidentlik yarışında iştirak etməyəcək. Bu, Nazarbayevin 2017-ci ildəki bəyanatına uyğun gəlir; prezident demişdi ki, uşaqları siyasi varisi olmayacaq.

Nur.kz da daxil olmaqla, digər xəbər mənbələri Dariqaya birbaşa istinadla “Nur Otan” namizədinin partiya qurultayında seçiləcəyini bildiriblər.

Dariqa Nazarbayeva hazırda Konstitusiyaya görə, Tokayevin istefa verdiyi halda, müvəqqəti prezident ola biləcək Senatın spikeridir. Bəziləri buna istinadən bütün kartların onun üçün oynanıldığına işarə edir.



Samat Abiş

Müxalifət düşüncəli jurnalistlər və sıravi qazaxlar arasında onlayn müzakirələrdə Nazarbayevin bacısı oğlu Bolat Satıbaldının oğlu, 40 yaşlı Samat Abişin adı hallanır. Sürgündə olan Qazaxıstan müxalifət jurnalistləri Aydos Sadıqov və Natalya Sadıqova aprelin 10-da YouTube kanalında iddia ediblər ki, martın 18-də Qizat Nurdauletovun yeni baş prokuror təyinatı Abişin lehinə olan addımdır. Çünki Nurdauletov Abişin atasının yaxın dostunun oğludur.

Abişi “Qazaxıstanın Putini” adlandırdıqdan sonra Sadıqovlar iddia edib ki, Dariqa Nazarbayeva və Timur Kulibayev (ölkənin ən böyük bankı olan “Halık”i nəzarətində saxlayan, Nazarbayevin ikinci qızı Dinara Kulibayevanın əri) klanları sonuncunu potensial varis kimi qiymətləndirir. Amma sabiq Qazaxıstan prezidenti Kulbayevin namizədliyini əlverişli hesab etmir və Nazarbayev Abişin keçid yolunu təmin etmək məqsədi ilə hələ 2017-ci ildə Kərim Masimovu Milli Təhlükəsizlik Komitəsinin (MTK) rəhbəri təyin edib.

Bu fərziyyəyə istinadla analitiklər yazıb ki, 2017-ci ildə Masimova təhlükəsizlik xidmətinə nəzarət ona görə verilib ki, Özbəkistanın varislik modelini təqlid edə bilsin. Özbəkistanda artıq keçmiş təhlükəsizlik xidməti rəhbəri Rüstam İnayətov uzun müddətli hökmdar İslam Kərimovun ölümündən sonra mövcud Özbəkistan prezidenti Şövkət Mirziyoyevin hakimiyyətə gəlməsinə kömək edib.

Abiş 2015-ci ildən etibarən MTK sədrinin müavinidir və hazırda “Nur Otan”ın üzvü deyil. Qanuna əsasən, yalnız siyasi partiyalar prezidentliyə namizədlər irəli sürə bilər, buna görə də, “Nur Otan” bu ay ərzində Abişin partiya üzvlüyünü həyata keçirmzsə, onun varis olmaq perspektivləri buxarlanacaq.



Bəs Tokayevin özü?

Bəzi Qazaxıstan analitikləri Tokayevin özünün daimi prezident ola biləcəyini düşünür. Bununla belə, Tokayevin yaşını nəzərə alaraq bunu qeyri-mümkün sayanlar var. 65 yaşlı adamın ölkəyə 30 il rəhbərlik etməsi çətin ola bilər. Bu həm də Qazaxıstan siyasətinin qəbilə komponentinə ziddir.

Onun namizədliyi elan edilərsə, deməli, bu, iki şeydən biridir. Ya Nazarbayev hazırda varis məsələsini təxirə salır – mümkün olmayan ehtimaldır, – ya da prezident vəzifəsi əhəmiyyətini itirir.

Sonuncu vəziyyət 2017-ci ilin mart ayında prezident səlahiyyətlərinin parlamentin lehinə zəifləməsi baxımından mənalı olardı. O dövrdə Nazarbayev bu yolla gedə bilər və bu, Qazaxıstan elitasının konsensusuna kifayət edərdi.

Amma bu seçənək ən az ehtimal olunandır.

“Qazaxıstanın daxili siyasi mühitində əhəmiyyətli dəyişikliklər Mərkəzi Asiyaya və bir sıra beynəlxalq təşəbbüslərə də təsir göstərə bilər. Keçid artıq başlayıb. Əlbəttə, onun davamı və başa çatdırılmasını gözləyirik”, – deyə Malaşenko yazmışdı.

Tərcümə: Strateq.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR