Kriminal dünyanın tacı- Heç kim ölümünə inanmadı

18-08-2019, 23:32 418 dəfə baxılıb

Kriminal dünyanın tacı- Heç kim ölümünə inanmadı

""Oğru" kütlələrdə rəğbət, sadiqlik, vəfa, etibar və bu kimi gözəl başqa keyfiyyətlər yarada bilərsə, deməli, ömürünü əbədiləşdirən insanlar qismində yaşamış olacaq. Bu isə fiziki ölümdən sonra əbədiləşdirilməyin qarantına çevrilər" - Rövşən Lənkəranski

1975-ci ilin yanvarın 27-də dünyaya gələn Rövşən Canıyevin yolu atasının dayandığı yerdən başlayıb. Və bu yol onu sonradan "Kriminal dünyanın tacı" olmağa qədər aparıb. On minlər, bəlkə də yüz minlərin sevimlisi, onların, yüzlərin düşməni olub...

Cinayət təbliğ olunası, alqışlanılası əməl olmasa da, heç kim Rövşəni ilk cinayətinə görə qınamayıb, əksinə "halal olsun" deyib. Və beləcə o, atasını öldürən şəxsin aqibətini Əzrayılın ixtiyarına buraxmayıb.



Bu gün kriminal aləmin ən nüfuzlu şəxslərindən biri olmuş, azərbaycanlı mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin Türkiyənin İstanbul şəhərində qətlə yetirilməsindən 3 il keçir...

1992-ci il mayın 21-də Astara rayonunun Şahağacı kəndində Lənkəran şəhər çörək kombinatının direktoru Rafiq Canıyev avtomatdan açılan atəşlər nəticəsində qətlə yetirilir. Bilavəstə atəş açan rayon sakini Sovet Quliyev sonradan Rusiyanın Vladivastok şəhərində başqa bir cinayətə görə tutulur. 96-cı ildə isə mütəhhimi məhkəmədə mərhumun oğlu Rövşən Canıyev içəri gizli yolla keçirdiyi tapança ilə öldürür.



Həmin illərdə Lənkəranda prokuror köməkçisi vəzifəsini icra edən Yusif Qasımov Rafiq Canıyevlə dost olub. O, həmin günü belə xatırlayır:

"Məhkəmədə maşından düşəndə gördüm ki, 4 dəfə atəş səsi gəldi. Bildim ki, Rövşən nəsə elədi. Tez içəri qaçdım. Zala girəndə gördüm ki, içəri qanla doludur. Hakim qorxusundan stolun altına girmişdi. Rövşən atasını qatilini güllələyəndən sonra heç yerə qaçmadı. Hakimə dedi ki, mənim əlimi qandallayın, atamın qisasını aldım".

Bununla da Rövşən Canıyevin ilk məhkumluq həyatı başlayıb. O, iki il müddətində azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı isə Rövşənin 12 il müddətinə həbs olunmasını istəyib. 1997-ci ildə martın 4-də Səbail Rayon Məhkəməsinin qərarı ilə azadlığa çıxıb.



26 iyun 2000-ci ildə Bakı bulvarında atəş səsi eşidiir. Rövşən münaqişə zəminində krimial aləmin avtoritetli şəxslərindən Kəramət Məmmədovu ağır yaralayır. Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah saxlama maddələriylə yenidən məsuliyyətə cəlb edilir. O, 1 saylı Respublika Psixiatriya Xəstəxanası göndərilir. Bir ildən sonra Sabunçu Rayon Məhkəməsinin qərarı ilə cinayət məsuliyyətindən azad edilir. Lakin bir il sonra həmin cinayət işinin icraatı təzələnir. Rövşən istintaqdan gizləndiyi üçün onun barəsində axtarış elan olunur. Rusiya vətəndaşlığını qəbul edib və nüfuz dairəsini genişləndirir. 2003-cü ildə isə kriminal aləmin nüfuzlu şəxslərdən olan nardaranlı Mirseymur Abdullayev tərəfindən "taclandırılıb", ona "qanuni oğru" adı verilir.


O, 2004-cü ildə Elçin Əliyevin (Yevlaxski) qətlinə görə Rusiyada saxlanılıb. Lakin tezliklə Moskvanı tərk etmək şərtiylə sərbəst buraxılıb. 2006-cı ildə yenidən saxlanılsa da, üzərindəki saxta pasportla polisləri aldadıb. O, özünü Əhmədov Natiq kimi təqdim edib.



Daha sonra Ukraynaya üz tutan Canıyev bu ölkədə 3 dəfə saxlanılıb. 2008-ci ilin fevralında məhkəmənin qərarıyla ona 40 sutka həbs verilib. Onun Azərbaycana etapı gözlənilsə də, hüquq müdafiəçilərinin müdaxiləsiylə, Canıyevə qaçqın statusu verilib və Rövşən Ukraynada sığınacaq alıb. Buna baxmayaraq, Lənkəranski 2009-cu ili dekabrında yenidən həbs olunub və 10 gün sonra Azərbaycana ekstradisiya edilib.

2010-cu ildə Bakıda Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə şərti cəza alaraq iclas zalından azadlığa buraxılıb və o vaxtdan Azərbaycanı tərk edib.

Nüfuz dairəsi getdikcə artan Rövşən Lənkəranskiyə 2012-ci ilin yayında Dubayda 3 bıçaq zərbəsi endirilib. Xəstəxanaya çatdırılan Canıyev həkimlərin səyi nəticəsində həyatda qalıb. Sentyabr ayında ona növbəti dəfə sui-qəsd olub.

2013-cü ildə "Starıy Fayton" restoranından çıxan "Ded Xasan" ləqəbli "qanuni oğru" Aslan Usoyan başından bir atəş açılır. O, xəstəxanada vəfat edir. "Ded Xasan"ın tərəfdarları onun ölümündə Rövşən Canıyevi günahlandırır və ona ölüm hökmü çıxarırlar.



Məlumatlı məbnələr bildirir ki, Aslan Usoyanla Rövşən Canıyevin münasibətləri heç də pis olmayıb. Sadəcə, Rövşənin getdikcə irəliləməsi bəzilərini narahat edib və çoxları "Ded Xasan"ın ölümündə Rövşəni günahlandırmaqla onu aradan götürməyə çalışıb.

Həmin ilin fevralında Rövşənin Türkiyədə ölməsiylə bağlı xəbər yayılır. Onun sui-qəsd nəticəsində öldürüldüyü bildirilir.

Lənkəranskinin ölüm xəbəri bütün ölkəyə yayılsa da, onun yaxınları və Türkiyə hüquq-mühafizə orqanları bunu təkzib edib.

18 avqust 2016-cı ildə isə Rövşən Lənkəranski İstanbulun Beşiktaş bölgəsində yerləşən oteldən çıxıb maşına əyləşən zaman onun avtomobili gülləbaran edilib. Lənkəranski başına dəyən güllə yarasından çatdırıldığı xəstəxanaya vəfat edib. İddialara görə, ümumilikdə 5 güllə yarası alan Lənkəranskinin başına 5 milyon dollar pul qoyulubmuş.




Onun cənazəsini azərbaycanlı iş adamı Mübariz Mənsimov şəxsi təyyarəsi ilə Azərbaycana göndərib. Canıyevin cənazəsi Lənkəranda izdihamla qarşılanıb. Lənkəranskinin dəfn mərasiminə on minə yaxın insan qatılıb. Və on minin içindən heç kim Rusiyada yaşayan azərbaycanlıların "qaqaş"ı olan Lənkəranskinin ölümünə inanmayıb və ya buna inanmaq istəməyib. Rövşən Lənkəranski 19 avqustda Kiçik Bazar qəbiristanlığında, atasının yanında torpağa tapşırılıb.



Qeyd edək ki, hadisənin üzərindən 3 il keçsə də, onun ölümü ilə əlaqədar heç kim məsuliyyətə cəlb edilməyib. Araşdırmalar onu da göstərir ki, qətlə yetirilən avtoritetlərin heç birinin istintaqı sona qədər aparılmayıb. Nəticədə ölən "oğru"nun tərəfdarları rəqib qrupun liderinə hökm çıxarıblar və onu hansı yolla da olursa olsun icra ediblər.



Və bu səbəbdən "qanuni oğru"ların heç biri öz əcəli ilə ölməyib. Lotu Bəxtiyar, Dağlı Cavanşir, Sabrabadlı Hikmət, Masallı Mamed, elə Rövşən Lənkəranski kimi...(qafqazinfo)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR