"Birlikdə çörək yediyi adamın sevgilisi ilə..."

27-01-2020, 20:42 258 dəfə baxılıb

"Birlikdə çörək yediyi adamın sevgilisi ilə..." "Birlikdə çörək yediyi adamın sevgilisi ilə..."

Quldurluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Məhkəmədə məlum olub ki, hadisəyə səbəb qız üstündə başlayan mübahisə olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqla ittiham edilən 1992-ci il təvəllüdlü Həsənli Elşad Ədalət oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Elşad dostları Anar və Rəşidlə əlbir olaraq Natiq adlı şəxsə qarşı quldurluq ediblər. Buna görə də ona qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın— qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittiham öz təsdiqini taparsa, Elşad Həsənli əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər.

Elşad Həsənli elan olunmuş ittihamla özünü qətiyyən təqsirli bilməyib.

Məhkəmə iclasında zərərçəkmiş və şahidlər iştirak etməyib.

Sərbəst ifadə verən Elşad Həsənli əvvəlcə zərərçəkmiş Natiqi haradan tanıması haqda danışıb:

"Mən maşımı satmaq üçün elan verdim. Əvvəllər tanımadığım Natiq zəng edərək maşını almaq istədiyini dedi. Mən isə artıq maşını satmışdım. Həmin vaxt Rəşid də yanımda idi. Rəşid dedi ki, satışda başqa maşın var. Mən də bunu Natiqə dedim. Sonra özləri danışıb, görüşüblər.

Bir gün mən dostum Anarla Rəşidgilə gəldim. Orada Natiqi də gördüm. Natiqi daha əvvəl görməmişdim. Rəşid mənə dedi ki, Natiq maşına görə mənimlə danışan oğlandır. Tanışlıq oldu, söhbət etdik, bir neçə dəfə də görüşdük.

Bir neçə gün sonra Anar zəng elədi ki, Natiq Rəşidin sevgilisi Nuranə ilə bir evdədir. Məni də ora çağırdı. Natiqin Nuranə ilə danışdığı, münasibət qurduğu deyilirdi. Biz ora çatanda Rəşid əsəbiləşib Natiqin üzərinə getdi. Natiqdən niyə belə etdiyini, birlikdə çörək yediyin adamın sevgilisi ilə münasibət qurmaq istəməsinin səbəbini soruşdu. Natiq dedi ki, niyyəti Nuranəyə kömək etmək imiş. Bildirdi ki, guya Nuranə ondan 300 manat pul istəyib və o da pulu verməyə gəlib. Rəşid Natiqi vurmağa başlayanda biz də vurduq. Mən ona bir-iki sillə vurdum. Sonra Anarla evdən çıxıb mənim maşınıma getdik. Rəşidin Natiqdən pul almasını bilməmişik. 20-ci Polis Bölməsindən mənə zəng gəldi. Biz polisə gedəndə dedilər ki, Natiqi döyüb pulunu alıblar. Mən Natiqi vurduğumu etiraf etdim, amma pulu götürmədiyini dedim. Rəşid də ifadəsində deyib ki, mənim pulun götürülməsindən xəbərim yoxdur.

Rəşidə quldurluq maddəsi ilə ittiham verdilər. Mənə və Anara isə 128-ci- qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə ittiham verildi. Ev dustaqlığında idik və istintaqa gedib-gəlirdik. Rəşid isə həbs edilərək Kürdəxanıya göndərildi.

Həmin ərəfədə Rəşidlə telefonla danışırdım. Mehriban idik, heç bir problem yox idi. Rəşid özü də günahını etiraf edirdi.

Rəşidin ailəsi kömək istəyirdi. Deyirdilər ki, siz çöldəsiniz, kömək edin ki, Rəşid də çıxsın. Biz ancaq ona pul verə bilərdik. Pul olmadığı üçün kömək edə bilmədim.

Bundan sonra Rəşidin ailəsi prokurorluğa şikayət elədi. Yazdılar ki, guya biz müstəntiqə pul verərək azadlıqda qalmışıq və əsas günahkar bizik. Məni prokurorluğa çağırdılar. Bundan sonra da həbs edildim".

Vəkilinin suallarına cavab verən Elşad deyib ki, bu işdə yeganə günahı Natiqə iki şillə vurmasıdır.

Elşad Həsənli qeyd edib ki, Natiqlə görüşə gedən zaman məqsədi nə onu vurmaq, nə də pulunu almaq olub: "Natiqdə günah var idi. Çünki bilirdi ki, Nuranə Rəşidin sevgilisidir. Birlikdə çörək yediyi adamın sevgilisi ilə yaxınlıq etmək nə deməkdir?".

Zərərçəkmiş və əsas şahidlər iştirak etmədiyi üçün proses təxirə salınıb.

Məhkəmə iclası fevralın 3-də davam etdiriləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR