Asiya İnkişaf Bankında donorluq Azərbaycana nə vəd edir?

7-05-2019, 10:52 266 dəfə baxılıb

Asiya İnkişaf Bankında donorluq Azərbaycana nə vəd edir?

Vüqar Bayramov: “Neft Fondunun vəsaitlərinin də bu prosesə cəlb olunması mümkündür”
Mayın 5-də Fici adalarında Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 52-ci illik toplantısı keçirilib.

Toplantı çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri maliyyə naziri Samir Şərifov AİB-in prezidenti Takehiko Nakao, Bankın region uzre vitse-prezidenti Şişin Çen, Mərkəzi və Qərbi Asiya Departamentinin rəhbəri Verner Lipax və Azərbaycanı bankın idarə heyətində təmsil edən avstraliyalı icraçı direktor Toni Makdonald görüşüb. Görüşlər zamanı nazir bildirib ki, ölkə rəhbərliyinin tapşırığına əsasən Azərbaycan beynəlxalq maliyyə təşkilatlarının proqramlarında, o cümlədən Asiya İnkişaf Bankının Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanın neft gəlirləri artdıqca müxtəlif beynəlxalq maliyyə-kredit təşkilatlarından donorluq təklifləri də artır. Belə ki, bu ilin yanvarında Bakıya gələn Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın Beynəlxalq Yenidənqurma və İnkişaf Bankında, həm də Beynəlxalq Maliyyə Korporasiyasında səhmdarı olduğu institutlarda öz səhmlərinin artırılması məsələsinin nəzərdən keçirilməsini təklif edib. Bundan əlavə, DB rəsmisi Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən yoxsul ölkələrə dəstək proqramına Azərbaycanın donor ölkə kimi qoşulmasını təklif edib.

Azərbaycanın AİB-nin proqramlarında donor kimi iştirakı ölkəmiz üçün nə deməkdir? Bu iştirak hansı mənbə hesabına həyata keçirilə bilər?

Dövlət Neft Fondu vəsaitlərinin bu istiqamətə yönəldilməsi mümkündürmü? Sualları cavablandıran iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanla AİB arasında əməkdaşlıq 2014-cü ildən bəri xeyli genişlənib: “AİB Azərbaycan üçün vacib partnyorlardan biridir. Son dövrlər Bankla daha çox proqram və layihələrin maliyyələşdirilməsi müşahidə olunur. Xüsusilə maliyyə sektoru və iri müəssisələrin sağlamlaşdırılması üçün AİB tərəfindən fəaliyyətlər həyata keçirilir. Azərbaycanın bu bankın proqramlarında donor kimi çıxış etməsi o anlama gəlmir ki, bu bankdan növbəti dövrlərdə kreditlər cəlb edə bilməyəcəyik. Kreditləşmə davam edəcək. Amma donorluq Azərbaycanın Asiya İnkişaf Bankının fəaliyyətində daha yaxından iştirak etməsinə şərait yaradacaq. Xüsusilə son illərdə bankla əlaqələrin dinamikasını nəzərə alsaq, donorluq məqsədəmüvafiq addımdır”.

Ekspertin fikrincə, proqramlarda iştirak Maliyyə Nazirliyinin vəsaitləri hesabına reallaşa bilər: “Neft Fondu vəsaitlərini o zaman bu istiqamətə yönəltmək mümkündür ki, gəlirlilik fondun ümumi illik gəlirliliyindən yüksək olsun. Donorluq müntəzəm və kiçik həcmli gəlirlilik deməkdir. Sərf edəcəksə, Neft Fondu vəsaitlərinin də prosesə cəlb olunması mümkündür”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR