Neft ucuzlaşır – manat yayda “üşüyə” bilərmi?

3-06-2019, 11:21 345 dəfə baxılıb

Neft ucuzlaşır – manat yayda “üşüyə” bilərmi?

“Qara qızıl”ın qiyməti ilə bağlı bədbin xəbərlər gəlməkdədir. Belə ki, birjalarda neft kəskin ucuzlaşıb. İCE London birjasında “Brent” markalı neft 5,17 faiz ucuzlaşaraq bareli 61,95 dollara düşüb. Sonuncu dəfə “Brent” nefti bu il fevralın 12-də 62 dollardan aşağı həddə olub.

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində neftin 1 bareli 60 dollardan götürülüb və artıq qiymət həmin kritik həddə yaxınlaşmaqdadır. Bəs görəsən, qarşıdakı müddətdə neftin qiyməti ucuzlaşmaqda davam etsə, yay aylarında manatın məzənnəsi ilə bağlı təhlükə yarana bilərmi?

“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, neftin qiyməti ucuzlaşsa da hələ ki, manat üçün təhlükəli hədd çatmayıb: “ Çünki manat inzibati qaydada tənzimlənən bir valyutadır. Mərkəzi Bank da 2015-2016-cı illərdə israr etdiyi ”üzən məzənnə" terminindən də imtina edir. Dolayısı ilə etiraf edildi ki, məzənnə inzibati qaydada tənzimlənir və inzibati qaydada qərarla müəyyənləşdirilir. Neftin qiyməti təhlükəli həddə çatmayıb, manata birbaşa təzyiqlər yoxdur ki, yayda hər hansı proses baş versin. Hazırda neftin 1 bareli dünya bazarında 62 dollaradır. Azərbaycanda da dövlət büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. Bu səhv yanaşma idi. O zaman da biz xəbərdarlıq etdik, ancaq büdcənin formalaşdırılması zamanı 60 dollardan götürdülər. Bu gün artıq neftin qiyməti təhlükəli sərhədə yaxınlaşıb. Əgər neft qiymətləri enməkdə davam edəcəksə, manata təzyiq yarana bilər. Bu qədər siyasi gərginliklərə baxmayaraq, İran, Venesuela , Liviya ətrafında baş verən gərginliklərə baxmayaraq neft bahalaşmırsa, deməli, hazırda neftin bahalaşma potensialı çox azdır. Başqa vaxt olsaydı, bu qədər gərginlikdən dolayı neftin qiyməti 100 dolları keçmiş olardı".



İqtisadçının sözlərinə görə, neft uzun müddət 55 dollardan aşağı qiymətdə qalarsa, o zaman bu manat üçün də gərginlik deməkdir: “Ancaq iqtisadi faktorlar, dünyadakı ticarət müharibələri, neft hasilatının bir çox ölkələrdə, o cümlədən Amerikada artması, Amerikanın dünyada neft istehsal edən lider dövlətə çevrilməsi, xaricdən neft alışını xeyli azaltması dünya bazarında neft qiymətlərini də aşağı çəkir. Əgər yaxın zamanda neft qiymətləri 60 dollardan aşağı düşərsə, 55 dollardan aşağı qiymət görəriksə, bu qiymətlər uzun müddət qalarsa, Azərbaycan manatı ilə bağlı da gərgin vəziyyət qala bilər. Ancaq neftin qiymətinin 55 dollardan aşağı olması məzənnə ilə bağlı problemin yaranmasına səbəb ola bilər Hələ ki, belə bir təhlükə yoxdur, ancaq təhlükəli trend var. Qiymətlər 60 dollardan aşağı düşərsə, bu artıq dövlət büdcəsinin parametrlərinə mənfi təsir etməyə başlayacaq”.


İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, neftin qiyməti iqtisadi amillərdən daha çox geosiyasi amillərdən asılıdır: “Hazırda qiymət düşür, bu bizim üçün pis haldır, valyuta ehtiyatlarımız azalacaq. Ancaq əvvəlki bir neçə ayda neftin qiyməti yüksək oldu, kifayət qədər əlavə valyuta ehtiyatı toplamışıq. Dövlət büdcəsində bu il üçün neftin qiyməti 60 dollar nəzərdə tutulub. O baxımdan inanmıram ki, yay aylarında manatın qiyməti ilə bağlı nə isə problem yaransın. Həmçinin Mərkəzi Bankla Neft Fondu manatın sabitliyini qoruyacaqlar”. Ancaq neftin qiymətinin düşməsi uzunmüddətli olsa, belə bir ehtimal var. Payız ayların ciddi problem gözlənilə bilər. Hər şey neftin qiymətinin necə dəyişəcəyindən asılıdır".

Ə.Həsənovun sözlərinə görə, uzunmüddətli dövrdə neftin qiymətinin kəskin ucuzlaşması ehtimalı böyükdür və bu baxımdan manatın neft qiymətlərindən asılılığının azaldılmasına ehtiyac var: “Bəzi ekspertlər də hesab edir ki, yaxın vaxtlarda neftin qiyməti 30 dollara düşəcək. Bizim iqtisadiyyatın mənfi cəhəti odur ki, tamamilə neftin qiymətindən asılıyıq. Son illər bu asılılıqdan xilas olmaq üçün hökumət nələrsə etməyə çalışdı, ancaq qurtula bilməmişik. Əgər həqiqətən də neft qiyməti 30 manata düşsə, ehtimal var ki, bu il olmasa belə gələn ildən dollar 2 manatı ötə bilər. Ancaq yalnız neftin kəskin ucuzlaşacağı dövrdə bu belə ola bilər. Onu da qeyd edək ki, ortamüddətli dövrdə , yəni 3-4 ilə neftin qiymətinin kəskin düşmə ehtimalı böyükdür. Yəni bu zaman zərfində milli valyutamız üçün ciddi təhlükələr var”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR