Dünya qlobal böhrana doğru: Azərbaycan üçün hansı risklər var? - TƏHLİL

27-09-2019, 10:55 335 dəfə baxılıb

Dünya qlobal böhrana doğru: Azərbaycan üçün hansı risklər var? - TƏHLİL


ABŞ-la Çin arasında mövcud olan ticarət gərginliyi qlobal iqtisadiyyata mənfi təsir göstərməkdə davam edir.

Növbəti ildə qlobal iqtisadiyyatda geriləmənin daha da artacağı ilə bağlı da narahatlıqlar var. Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri postuna keçəcək Kristin Laqard da ticarət müharibəsinin təsirlərindən danışıb. O, 2020-ci ildə ABŞ ilə Çin arasındakı ticarət müharibələrinin qlobal iqtisadi artımı 0.8 faiz azalda biləcəyini deyib:

"Bu, çox böyük bir rəqəmdir. Daha az məşğulluq, daha az investisiya və daha çox qeyri-müəyyənlik mənasına gəlir. Bu da qlobal iqtisadiyyat üzərində qara bulud yaradır".

Laqard ötən ildən bəri davam edən və maliyyə bazarlarını silkələyən ticarət müharibələrinin davam etməsi şəraitində kiçik, orta və iri sahibkarların investisiya qoymaqdan çəkinəcəyini, gözləmə mövqeyi tutmağa üstünlük verəcəyini deyib.

ABŞ Prezidenti Donald Trampın Çin ilə bərabər Avropanı da təhdid etdiyini xatırladan Laqard Avropa ilə ABŞ-ın uzun illərdir müttəfiq olduğunu və bu əlaqənin ticarət müharibəsinə çevrilməsinin yolverilməz olduğunu əlavə edib.

Növbəti ildə dünya iqtisadiyyatını hansı amillər gözləyə bilər. Qlobal iqtisadi artımın azalması Azərbaycan kimi ölkələrə nə kimi təsir edə bilər?

İqtisadçı Pərviz Heydərov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ticarət müharibəsi hələ ki, səngiməyib və onun nə ilə nəticələnəcəyi bəlli deyil:

“Gələn ayın əvvəlində Vaşinqtonda Çin və ABŞ hökumətlərinin nümayəndələri arasında görüş keçirilməlidir. Bu görüşün nəticələri də mühümdür. Bu cür davam edərsə, çox güman ki, növbəti illərdə də müəyyən iqtisadi geriləmələr olacaq. Ticarət müharibəsi yeni meydana çıxan məsələ deyil. Bir qədər geri nəzər salsaq, məsələnin kökünün Donald Trampın Prezident seçildiyi vaxta gedib çıxdığını görərik. “Hər şey Amerika üçün” şüarı ilə hakimiyyətə gələn Trampın siyasətinin ən pis təzahürü Çinlə münasibətlərdə özünü göstərməyə başladı. Çünki bu iki ölkənin ticarət əlaqələri, iqtisadi bağlılıqları olduqca yüksək xarakter daşıyır”.

İqtisadçı deyir ki, ticarət müharibəsinin dünya iqtisadiyyatında mənfi təzahürlərə gətirib çıxarması təbiidir:

“Hələ ki, ticarət anlaşılmazlığının çox da dərinləşməməsi müsbət haldır. Bu münaqişənin dünya iqtisadiyyatına daha ciddi təsirlərinin qarşısını alır. Hazırda baş verənlərə görə, dünya iqtisadiyyatında geriləmə var. Bu geriləmə dünyanın aparıcı ölkələrinin hər birində özünü göstərir. Hətta ardıcıl olaraq iqtisadi artım nümayiş etdirən ABŞ-ın özündə də bu ildən etibarən müəyyən mənfi tendensiyalar ortaya çıxmaqdadır. Məhz bunun nəticəsində Federal Ehtiyat Sistemi son iclasında baza uçot dərəcəsini aşağı saldı. Bu münaqişə həm də dünya iqtisadiyyatının digər aparıcı ölkələrində - Çin, Yaponiya və Avropa Birliyi ölkələrində öz təzahürünü göstərməkdədir”.

Pərviz Heydərov bildirib ki, ABŞ-la Çin arasında ticarət münaqişəsi bir qədər də dərinləşərsə, onda dünya iqtisadiyyatının tənəzül elementləri daha ciddi formada özünü göstərəcək:

“Dünya iqtisadiyyatıda proqnozlaşdırılandan da aşağı geriləmə müşahidə oluna bilər. Düşünürəm ki, Çin də, ABŞ da bir-birlərinin əleyhinə radikal addımlar atmaqdan çəkinirlər. Gözlənilir ki, tərəflər bir-birilərinə güzəşt mövqeyi tutacaqlar”.

İqtisadçının sözlərinə görə, ticarət anlaşılmazıqları, gömrük rüsumlarının tətbiqi ilə bağlı qarşılıqlı ultimatumlar ilk növbədə sözügedən ölkələrin öz iqtisadiyyatlarına zərbə vurur:

“Çində də, münaqişəni başlayan ABŞ-da da bilirlər ki, bu məsələdə ilk növbədə itirən həmin dövlətlərin özləridir. Münaqişədən hər iki tərəf zərər çəkir. ABŞ və Çin iqtisadiyyatında tənəzzülün olması isə dünya iqtisadiyyatında tənəzzülün olması deməkdir. Bunun Azərbaycan kimi ölkələrə təsirinə gəldikdə isə, əgər bu dünya neft, xammal bazarlarında ciddi təlatümlər yaranarsa, o zaman biz dalğanın təsirinə məruz qalacağıq. Nəzərə almaq lazımdır ki, dünyanın ən çox neft alan ölkəsi Çindir. Çinin iqtisadiyyatının zəifləməsi onun neftə tələbatının azalmasına gətirib çıxara, bu isə dünyada qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Bu da tərəflərin münaqişədə daha dərinə getmələri zamanı ola bilər. O zaman bütün dünya ölkələrinin kəskin zərər görməsi qaçılmaz olacaq. Əks halda, kəskin qiymət uzuclaşması müşahidə olunmasa, iki nəhəngin qarşıdurmasının təsirləri bizim kimi ölkələrdə hiss olunmayacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR