Azərbaycan nüfuz yarışında: Kasıblara nə veriləcək?

10-10-2019, 08:47 949 dəfə baxılıb

Azərbaycan nüfuz yarışında: Kasıblara nə veriləcək?

Vaxtilə Beynəlxalq İnkişaf Asosiasiyasından yardım alan Azərbaycan indi yardım edən ölkə statusunda çıxış edəcək.

Report-un məlumatına görə, Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondu və Dünya Bankının İdarəedicilər Şurasının illik iclasında kasıb ölkələr üçün donor ölkə qismində iştirak etmək və Beynəlxalq İnkişaf Asosiasiyasına (IDA) vəsait ayırmaq istədiyini bəyan edəcək.

Dünya Bankının Bakı nümayəndəliyindən verilən məlumata görə, Beynəlxalq Valyuta Fondu və Dünya Bankına üzv ölkələrin illik iclası oktyabrın 14-20-də ABŞ-ın Vaşinqton şəhərində keçiriləcək: “Müşavirə zamanı donorların iclası keçiriləcək və onlar IBA-ya vəsaitlər yatırmaq istəklərini elan edəcəklər. İanələrin məbləğinə gəlincə, ölkələr bunu dekabrın əvvəlində Stokholmda keçiriləcək donor konfransında elan edəcəklər". İllik iclasda Azərbaycandan Mərkəzi Bankın nümayəndə heyəti iştirak edəcək. Qeyd edək ki, bu, IDA-ya on doqquzuncu vəsait bəxşi olacaq. Dünyanın 39-u Afrikada yerləşən 75 yoxsul ölkəsinə beynəlxalq yardımların ən iri subyektlərindən olan IDA həmin ölkələrdə təməl sosial xidmətləri təmin edən donor vəsaitlərinin də ən böyük mənbəyidir.

Sonuncu - sayca 18-ci vəsait ödənişi 2016-cu ilin dekabr ayında başa çatıb və 75 milyard dollar məbləğlə rekord qırıb. Bu məbləğ 2020-ci il iyunun 30-da başa çatacaq üçillik müddət ərzində həyata keçiriləcək layihələrin maliyyələşdirilməsinə sərf olunacaq. Belə ki, həmin vəsait hesabına 400 milyon nəfərə səhiyyə və qida sahəsində baza xidmətlərin, 130-180 milyon uşağın peyvənd, ixtisaslı həkimlərin iştirakı ilə 20 milyonadək qadına təhlükəsiz doğuş xidmətlərinin göstəriləcəyi, 45 milyonadək sakinin təmiz içməli su ehtiyacının ödənməsinin təmin olunacağı, 300 milyondan çox uşaq üçün 9-10 milyon müəllimin hazırlanacağı gözlənilir.

Azərbaycan Dünya Bankı qrupuna 1992-ci ildə daxil olub və əməkdaşlığın ilk illərində ölkəyə IDA xətti vasitəsilə yalnız güzəştli kreditlər verilib. Bu gün Azərbaycanın iqtisadi inkişafı, o cümlədən güzəştli kreditlərin verilməsinin əsas göstəricilərindən biri olan adambaşına düşən ÜDM IDA ölkələri üçün kriteriyalardan kənara çıxıb. Hazırda Azərbaycan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB Dünya Bankı qrupuna daxildir) şərtlərinə uyğun olaraq kreditlər alır.

Əməkdaşlıq müddətində Dünya Bankı Azərbaycana ümumi dəyəri üç milyard dollardan çox olan 50-dən çox layihənin icrası üçün kredit ayırıb. Hazırda təxminən 1,5 milyard dollar dəyərində daha 7 layihə həyata keçirilir. Kreditlərdən əlavə, 1995-2014-cü illərdə Dünya Bankı Azərbaycana 41,586 milyon dollar məbləğində 45 qrant ayırıb. Azərbaycanda yoxsulluq səviyyəsinin rəsmi rəqəmlərdə qeyd olunduğundan artıq olması dəfələrlə mətbuat səhifələrində yer alıb.

Belə olan halda, ölkənin donor qismində çıxış etməsi məcburidirmi? Ayırmalar Azərbaycana hansı vəsaitlər hesabına başa gələ bilər?

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan bu yardımı etməyə borclu deyil:

“Amma oturuşmuş ənənələr var ki, vaxtilə həmin proqram çərçivəsində yardım almış ölkələr adambaşına düşən ümumdaxili məhsul müəyyən həddə çatdıqdan sonra donor kimi çıxış etməyi özünə bir növ “mənəvi” borc hesab edir. 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində həmin proqram çərçivəsində Azərbaycan müxtəlif yardımlar alıb. Doğrudur, onların həcmi o qədər də böyük olmayıb, amma bu cür faktlar var”. Hazırda Azərbaycanda adambaşına düşən ümumdaxili məhsulun illik 4500 dollar civarında olduğunu deyən iqtisadçı bildirdi ki, Beynəlxalq İnkişaf Asosiasiyası tərəfindən yardımlar o ölkələrə ayrılır ki, onlarda adambaşına düşən illik ÜDM 1200-1300 dollar civarında olur: “Azərbaycanda yoxsulluq, işsizlik problemləri tam həllini tapmadığı halda, nəyə görə kasıb ölkələr üçün donor olması ilə bağlı sualların yaranması təbiidir. Doğrudur, Azərbaycan bu proqramdan imtina da edə bilərdi, amma vaxtilə belə bir yardımın alındığını və təşkilatın ənənələrini nəzərə alsaq, ölkənin belə bir istəklə çıxış etməsi məntiqlidir. Burada həm də söhbət ondan gedir ki, heç kim ölkəyə yardımın məbləği ilə bağlı hər hansı öhdəlik qoymayacaq. Bu Azərbaycan hökumətinin özünün verəcəyi qərarla bağlı olacaq. İldə cəmi bir neçə milyon dollar xərcləməklə donor kimi müxtəlif proqramlarda çıxış edilə bilər. Buna həm vaxtilə yardım almış bir ölkə kimi mənəvi borcun qaytarılması kimi, həm də ölkənin nüfuzunun yüksəlməsi kimi yanaşmaq olar”.

Bununla belə Natiq Cəfərli deyir ki, əgər Azərbaycan hökuməti bu məsələdə doğru tənzimləmə aparmasa və donor ölkə olaraq çox böyük məbləğlər ayırsa, bu zaman ölkədaxilində atılan addımın gərəkli olub-olmaması ilə bağlı diskusiyalar genişlənə bilər:

“Burada məbləğı düzgün müəyyənləşdirmək lazımdır. İldə bir neçə milyonla bu proqramda iştirak etmək mümkündürsə, bunun ölkə iqtisadiyyatına ziyanı olmaz, amma ölkənin nüfuzu nöqteyi nəzərən normal yanaşıla biləcək bir addımdır”.

Ümumilikdə Beynəlxalq İnkişaf Assosiasiyasının ölkələrə ayırdığı vəsaitin məbləğinə gəldikdə, Natiq Cəfərli bildirir ki, bu ölkələr üzrə dəyişir:

“Bu ölkədə əhalinin sayına, sosial durumuna görə, dəyişilir. Bu günə qədər əsas yardım Afrika ölkələrinə ayrılıb. SSRİ dağılandan sonra bəzi postsovet ölkələrinə, əsasən də müharibədən əziyyət çəkən, qaçqınların sayı çox olan ölkələrə - o cümlədən erməni işğalı nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan Azərbaycana da yardımlar olunub. Asiyada Banqladeş, Nepal kimi ölkələr bu proqram çərçivəsində yardım alır. Məlumdur ki, yaxın vaxtlarda Banqladeş və Nepalda böyük təbii fəlakətlər baş verib, həm də kasıblıq həddi də çox aşağı olan bu ölkələrə proqram çərçivəsində kifayət qədər böyük yardımlar olunub”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR