Nefti bahalaşdıran BÖYÜK ANLAŞMA - TƏHLİL

17-12-2019, 10:24 326 dəfə baxılıb

Nefti bahalaşdıran BÖYÜK ANLAŞMA - TƏHLİL

OPEC və qeyri-OPEC ölkələri üzrə neft hasilatının daha da azaldılmasına dair qərar 2020-ci ildə bazarda tədarük bolluğunun qarşısını ala bilməyəcək.

Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarı üzrə aylıq hesabatına görə, qlobal neft bazarı gələn il daha çox tədarük bolluğu ilə qarşı-qarşıya qalacaq:

“OPEC-in istehsalı azaltmasına baxmayaraq, gələn ilin birinci rübündə qlobal neft ehtiyatları gündəlik 700 min barel artacaq. Qlobal bazarda tədarük bolluğu ikinci rübdə sutkada 1 milyon barelə çatacaq. Bu da OPEC ölkələri üçün heç də asan olmayacaq”.

Agentlik qeyri-OPEC ölkələri üzrə neft istehsalının artım proqnozunu gündəlik 200 min barel azaldıb. Qeyd edək ki, dekabrın 5-də Vyanada Səudiyyə Ərəbistanı başda olmaqla OPEC-ə üzv 14 ölkə və Rusiyanın rəhbərlik etdiyi 10 qeyri-OPEC neft istehsal edən dövlət gündəlik hasilatın daha 500 min barel azaldılması barədə qərar qəbul edib. Bu qərar çərçivəsində rəsmi Ər-Riyad neft istehsalını gündəlik 167 min barel azaltmaqla “OPEC plus” formatında əməkdaşlığa dəstək olacaq. Lakin Səudiyyə Ərəbistanı 2020-ci ildən neft istehsalını könüllü olaraq sutkada daha 400 min barel azaldacaq. Beləliklə, OPEC və OPEC-ə daxil olmayan ölkələr gələn ilin ilk 3 ayında gündəlik xam neft hasilatını ümumilikdə 2,1 milyon barel azaldacaq.

Razılaşmaya görə, Rusiyanın istehsal etdiyi kondensat artıq xam neft istehsalı kvotasında hesablanmayacaq. Rusiya yeni qərara əsasən, neft hasilatını gündəlik daha 70 min barel azaldacaq. Beləliklə, Rusiya sutkalıq neft istehsalını ümumilikdə 300 min barelə qədər azaldacaq.

Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Ölkəmiz müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə daha 7 min barel azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvarından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır. Ölkəmiz indiyədək gündəlik neft hasilatını 20 min barel azaltmaqla bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirib. Hesabatdan da göründüyü kimi, OPEC-in qərarı bazarda tədarük bolluğunun qarşısını ala bilməyəcək.

Maraqlıdır, OPEC hasilatı azaldıb nəzarətdə saxlasa da, nədən bazarda neft bolluğu yaranır?

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ-da şist neft hasilatının artımı ümumilikdə hasilatın və ixracın artımına səbəb olur:

“Hasilatın artması nəticəsində dünya bazarında bolluq əmələ gəlir. Hesab olunur ki, əgər dünya iqtisadiyyatında kifayət qədər artım tempi olmasa, bu, neftin qiymətlərində öz əksini tapacaq. Hazırda Brent markalı neft 65 dollardan tədarük olunur. Buna təsir edən OPEC yox, ABŞ-la Çin arasında iqtisadi münasibətlərin yumşalmasıdır. Nəticə etibarilə qiymətlər artıma doğru gedir və hesab edirlər ki, iqtisadi əlaqələr güclənsə, enerjiyə olan tələbatı artıracaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR