Müflis olan və 500 dən çox mağazası bağlanan sirli milyarder Muşfiq kimdir

8-01-2020, 00:00 319 dəfə baxılıb

Müflis olan və 500 dən çox mağazası bağlanan sirli milyarder Muşfiq kimdir

Rusiyanın Sankt-Peterburq şəhərində “İntertorq” Ticarət Evi “Spar” və “SemYa” lövhələri daşıyan bütün mağazalarını artan borclara görə bağladığını elan edib. Fəaliyyətinin pik dövründə 500-dən çox mağazası olan şirkət müflis olaraq onların hamısını bağlayıb, sonuncu 10 mağazada mallar aşağı qiymətə satışa çıxarılıb. Onlar dekabrın 31-nə qədər işləyəcək.

Virtualaz.org xəbər verir ki, “İntertorq” Ticarət Evinin sahibi və icraçı direktoru Müşfiq Abdullayevdir, lakin o özünü Mixail kimi təqdim edir. Müşfiq Abdullayev Peteburqun ən qapalı və eyni zamanda ən xarizmatik reteyleri hesab edilir. Onun sərvəti barədə məlumat yoxdur, amma bəzi mənbələrdə Abdullayev milyarder kimi təqdim edilir. Belə ki, 2017-ci ildə başçılıq etdiyi ticarət şəbəkəsinin dövriyyəsi 1.5 milyard dollara yaxın olub.




M.Abdullayev 10 il ərzində sıfırdan qurduğu biznes şəbəkəsinin dövriyyəsini 83 milyard rubla çatdırıb. Dövriyyənin həcminə görə, şirkət 2008-ci ildən etibarən ildə 15-25 faiz böyüyüb, ildə 50-70 yeni obyekt açıb. Şirkət özü 2004-cü ildə yaradılıb. Hazırda onun səhmlərinin 99 faizi Monakoda qeydiyyatdan keçmiş və sahibi Müşfiq Əli oğlu Abdullayevə məxsus olan “Socaity Civil Particuler İnter Solutions” adlı şirkətə, 1 faizi isə Abdullayev Allahverdi Əli oğluna (ehtimal ki, onlar qardaşdırlar) məxsusdur.

2018-ci ildən başlayaraq Müşfiq Abdullayevin biznesi sürətlə geriləməyə başlayıb, onun şirkətinin təchizatçılar qarşısında borcları şişib. Borclular bir-birinin ardınca məhkəmə iddiası qaldırıblar və şirkətin müflis elan edilməsini tələb ediblər. “Market Media” bildirir ki, hazırda “İntertorq” Ticarət Evinə qarşı qaldırılan iddiaların ümumi məbləği 4 milyard rublu keçir, şirkətin təchizatçılar qarşısında borcu 7 milyard rubldan çoxdur. Daha 8 milyard rubl isə “Sberbank”a borcludur.



Nəticədə 2019-cu il dekabrın 20-dən başlayaraq şirkət bütün mağazalarını bağlayıb, şirkətin ofisində telefonlara cavab vermirlər. Şirkətin Lensovet küçəsi, 90 ünvanında yerləşən “Narodnaya 7YA semYa” universamından telefon zənginə cavab verən əməkdaş təqsid edib ki, indi onlar qalan malları dəyərindən ucuz satmaqla məşğuldurlar və ofisdən şəbəkənin bağlandığını deyiblər.

Peteburqun reteyler biznesindəki mənbələr Mikayıl Abdullayevi kifayət qədər ciddi, məsuliyyətli, eyni zamanda ambisiyalı biznesmen kimi xarakterizə edirlər. O, bütün işgüzar danışıqları şəxsən aparıb, yaxşı imicə malik olub. “Mən onun indiki vəziyyətinə acıyıram və çox təəsüflənirəm”,-“Peregrine Capital” investisiya şirkətinin idarəedici partnyoru Nikolay Qabışev deyib.

Fəaliyyəti ərzində “İntertorq” Peterburqun bir neçə kiçik mağazalar şəbəkəsini də “udub”. 2008-ci ilin əvvəllərində Mikayıl, yaxud Mixail Abdullayev deyirdi ki, onun şirkəti dövriyyənin həcmini 200 milyard rubla, mağazaların sayını isə 1000-ə çatdıracaq. Lakin çox keçmədən onun işləri pis getməyə başlayıb, son iki ildə şirkət bir dənə də olsun yeni obyekt açmayıb. 2018-ci ildə Abdullayev Moskva regionundakı “Spar” mağazalar şəbəkəsini (35 mağaza) 1.5 milyard rubla satmaq istəyib, amma alıcı tapılmayıb.



2018-ci ilin oktayabrında isə o vaxta qədər heç vaxt mətbuata müsahibə verməyən Mikayıl Abdullayev RBC agentliyinə danışıb və biznesində çətinliklər yarandığını təsdiqləyib. O deyib ki, şirkətin müflis elan edilməsi haqda iddia qaldıran bəzi borclulardan “şübhələnir” və onların sifarişlə hərəkət etdiklərini düşünür. Həmin vaxt şirkətə qarşı iddiaların məbləği 780 milyon rubla çatırdı, amma günü-gündən artmaqda idi. Abdullayev deyirdi ki, borcu tələb edənlərin əksəriyyəti ilə anlaşıb, onların pullarını ödəyib.

“Əgər şirkət kiminsə xoşuna gəlmirsə dərhal başlayırlar iddia qaldırmağa. İddia qaldırmazdan əvvəl görüşmək, danışmaq, ancaq bundan sonra məhkəməyə müraciət etmək lazım idi, elə deyilmi? Bu həftədən başlayaraq mən özüm iddiaçılarla bir-bir görüşürəm, borcları ödəyirəm, qrafik tərtib edirəm”,-biznesmen deyirdi.

50 yaşlı Abdullayev müsahibədə bildirirdi ki, Rusiyada ticarət haqqında yeni qanunun qəbulu onların işini çətinləşdirib. Çünki əvvəllər təchizatçılara aldıqları malın pulunu 45-90 gün ərzində ödəyə bilirdilər, yeni qanun isə bunun üçün 5 gündən 15 günə qədər vaxt qoyur. Onun fikrincə, bazardakı bəzi rəqiblər “İntertorq”a qarşı hücuma başlayıblar və sıradan çıxarmağa çalışırlar.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR