Koronavirus dünya iqtisadi sistemini sarsıda bilər

8-02-2020, 14:34 334 dəfə baxılıb

Koronavirus dünya iqtisadi sistemini sarsıda bilər

Çini tədricən ağuşuna alan koronavirus epidemiyası əhalinin sağlamlığıyla yanaşı, həm də ölkənin iqtisadi sisteminə də ciddi zərbə vurur. Bu virus ətrafında yaranmış dərin narahatlıq və təlaş, demək olar, heç bir ay deyil ki, başlayıb. İstehsal və istehlak nəhəngi olan Çində yayılmış bu epidemiya uzun sürərsə, dünyanın təsərrüfat və maliyyə müstəvisində ciddi sarsıntılar yaşana bilər. Bunu istər Çin, istərsə də digər iqtisadi güclər yaxşı anlayırlar. İndi, hələlik, Çinlə aparılan çoxtərəfli ticarət əməliyyatlarında böyük problemlər hiss olunmur.

Bəli, indi belədir, amma virusa qarşı real əncam çəkilməzsə, işlər cığırından çıxa bilər. Əlbəttə, söz yoxdur ki, Çin hökuməti vəziyyəti nəzarətə götürmək üçün nizamlı şəkildə böyük tədbirlər həyata keçirir. Ancaq verilən bütün məlumatların tam doğru olduğu şübhəli görünür. Çünki bir çox şeylər ört-basdır edilməyə çalışılıb. Belə ki, məlum olur ki, 30 dekabr tarixində koronavirusun yayılma mərkəzi olan Uhan şəhərindəki 34 yaşlı həkim Li Venliyan “WeChat” sosial şəbəkəsində öz tələbə yoldaşlarına yazıb ki, dəniz məhsulları satılan yerli bazarda işləyən yeddi pasiyentdə “SARS” virusuna bənzər xəstəliyə rast gəlinib və onları karantinə alıblar. Li Venliyanın yazdığı mətndə deyilir ki, infeksiya koronavirus sinfindən olan virusa bənzəyir və bu, ağır respirator xəstəlikdir. O, öz dostlarına məsləhət görüb ki, bunu yaxınlarına da xəbər versinlər. Beləliklə, Uhan şəhərinin səhiyyə üzrə müvafiq müəssisələri qərara gəliblər ki, bir sıra pasiyentlərdə doğrudan da belə bir xəstəlik var. Ancaq bundan sonra Li Venliyan yerli polis şöbəsinə çağırılıb və ona “internetdə şayiə yaydığına” və “ictimai asayişin ciddi pozulmasına” görə xəbərdarlıq edilib. Fevralın 6-da elə koronavirusdan dünyasını dəyişən Li Venliyan polisdə “günahını” boynuna almış və bir daha qeyri-qanuni əməllərə yol verməyəcəyinə dair iltizama imza atmışdı.






Bəli, göründüyü kimi Çində hökm sürən güclü dövlət senzurasına baxmayaraq, həqiqətlər yavaş-yavaş üzə çıxır. Amma bu o demək deyil ki, Çin dövləti öz işinin öhdəsindən gələ bilmir, sadəcə istənilmir ki, vəziyyətin kritikliyi bəlli olsun. Onlar düşünürlər ki, bundan öncəki epidemiyalarda olduğu kimi, koronavirusun da qarşısını alacaqlar.

Koronavirusla bağlı Çindən gələn son xəbərə görə, ölkənin aparıcı epidemioloq alimi Li Lançzyunun rəhbərliyi altında çalışan tədqiqatçılar komandası “2019-nCoV”-a (koronavirusun kodu belədir) qarşı mübarizədə irəliləyiş əldə ediblər. Li Lançzyunun sözlərinə əsasən, “abidola” və “darunavir” preparatlarının birgə istifadəsi zamanı laboratoriya işlərinin gedişində koronavirusun inkişaf etməsinin önü effektiv şəkildə kəsilib. Bunun nə dərəcədə səmərələri olacağını isə zaman göstərəcək. Məsələ ondadır ki, Çindən gələn məlumatlara bir qədər skeptik yanaşılır. Belə ki, dünya ictimaiyyətini sakitləşdirmək üçün bəlkə də ümidverici nəyinsə deyilməsinin vacib olması qərarına gəliblər?

Sözsüz ki, Pekin administrasiyası başa düşür ki, bu müdhiş hadisə ətrafında səs-küy artdıqca, hamı Çindən qaçacaq və bu isə ilk növbədə iqtisadi sistemi zədələyəcək. Bunu Çin KİV-lərində də izləmək olar. Məsələn, “Jenmin Jibao” qəzeti Çin iqtisadiyyatının epidemiya qarşısında duruş gətirəcəyi qənaətindədir.

Qəzet yazır: “Təkcə tarixi təcrübəyə əsaslanaraq, koronavirus epidemiyasının yayılmasının Çin iqtisadiyyatına təsirini analiz etmək çətindir. Çin 2000-ci ildən bu tərəfə bir sıra epidemiya və gözlənilməz hadisələr yaşayıb. Onlar içərisində üç epidemiya geniş təsir göstərib: 2003-cü ildə SARS, 2009-cu ildə H1N1 qripi və 2013-cü ildəki “quş qripi”. Ən ciddi təsiri 2003-cü ildə SARS epidemiyası göstərərək, iqtisadiyyata qısa müddətli zərbə vurmuşdu.

Epidemiya Çin iqtisadiyyatına bilavasitə üç sahə üzrə daha çox ziyan vurur.

Birincisi, xidmət sahəsidir və buraya ictimai qida müəssisələri, istehlak sferası üzrə mədəni əyləncələr və həmçinin də loqistika sferası daxildir.

İkincisi, emal sənayesidir. Mobil telefon fabrikləri, avtomobilqayırma və elektron sənayesi xüsusi ciddi təsirlərə məruz qalır. Qlobal sənaye zəncirinin də təsiri böyükdür. Uhan şəhəri epidemiyanın mərkəzi kimi emal sənayesinin cəmləşdiyi regiondur. Ona görə də epidemiyanın bu şəhərə vurduğu zərbənin nəticələrini proqnozlaşdırmaq çox çətindir.

Üçüncüsü, ticarət sahəsidir. Epidemiya təlaşına və həmçinin geosiyasi faktora görə müvafiq ölkələr Çinə gələn reysləri azaldırlar və ya ümumiyyətlə portları, sərhədləri bağlayırlar. Bu isə Çinin xarici ticarətinə neqativ təsir göstərərək, iqtisadiyyatı çətin hala salır.

Amma Çin iqtisadiyyatının dayanıqlığını dəyərləndirməmək olmaz. Qısa müddətli perspektivdə epidemiya heç də bütün müəssisələr üçün neqativ faktor deyil. Məsələn, elektron kommersiyası, əyləncə sahəsindəki online-oyunlara bu müsbət təsir edib. Digər tərəfdən Çin hökuməti epidemiya ilə əlaqədar hər şeyin normal maliyyələşdirilməsi bacarığını da nümayiş etdirir.

Bu dəfə epidemiya 14-cü beşillik planın hazırlanmasının əsas anında meydana çıxdı. Növbəti beş ildə bu proqramın iqtisadiyyatı necə stimullaşdıracağını və özünü nə cür doğruldacağını zaman göstərəcək.

Uzunmüddətli perspektivdə Çin dünyanın ikinci ən böyük iqtisadiyyatı kimi epidemiyaya görə özünün böyük potensialından, urbanizasiyadan, 5G texnologiyasından, süni intellektdən və digər iqtisadi sferalardan məhrum olmayacaq”.

Onu da xüsusilə qeyd etmək lazımdır ki, əgər Çindəki virusla bağlı məsələ uzanarsa, onda heç şübhəsiz ki, bu, dünya iqtisadiyyatının bütün sahələrinə mütləq neqativ təsir göstərəcək. Məsələn, Çin böyük neft istehlakçısıdır və bu ölkənin gündəlik neft istehlakı 14 milyon bareldir. Bu isə Yaponiya, Cənubi Koreya, Fransa, Almaniya, B.Britaniya, İtaliya və İspaniyanın birlikdə istehlak etdiyi həcmə bərabərdir. Hazırda yaranmış vəziyyətlə əlaqədar Çindəki neft istehlakı 20% azalıb.

Hazırda dünyadakı iqtisadi əlaqələr elə sıx inteqrasiyaya uğrayıb ki, hamının bir-birindən asılılığı tam qlobal xarakter alıb. Çin isə bu inteqrasiyanın təchizat mərkəzi halına gəlib./AzPolitika.info/


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR