BƏDXƏRCLİYƏ SON: Büdcə qənaətdən nə qazanacaq?

17-02-2020, 12:24 276 dəfə baxılıb

BƏDXƏRCLİYƏ SON: Büdcə qənaətdən nə qazanacaq?
Beynəlxalq enerji bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi və maliyyə böhranının törətdiyi fəsadlar iqtisadiyyatın real sektoruna mənfi təsirini gücləndirib.

Beynəlxalq miqyasda iqtisadi artım templərinin aşağı düşməsi ilə istehlak və tələbatda da kəskin enmələrə səbəb olub. İqtisadiyyata mənfi təsirləri azaltmaq üçün qənaət proqramları hökumətin əsas hədəfinə çevrilir. Qənaət rejiminə keçmək üçün büdcədən infrastruktur layihələrə vəsaitin azaldılması kimi qərarlar kifayət etmir.

Ciddi qənaət rejiminin başlanması üçün dövlət investisiyaları azaldılmalı, idarəetmədə ciddi islahatlar aparılmalı, eləcə də dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi sürətləndirilməlidir. Qənaət dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək, il ərzində digər sosial xidmətlərin maliyyələşdirilməsinə sərf edilə bilər.

Ötən gün iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Dəmir Yolları" QSC-də olub, qənaət üçün birgə qərar verilib. Səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov dəmir yolu nəqliyyatı sahəsində həyata keçirilən və perspektiv layihələr barədə məlumat verib. Tədbirdə İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları”nın əməkdaşlarından ibarət birgə İşçi Qrupun yaradılması qərara alınıb. İşçi Qrup dəmir yolu infrastrukturuna kapital qoyuluşlarının səmərəliliyinin artırılması, əməliyyat xərclərinin optimallaşdırılması, korporativ idarəetmə standartlarının tətbiqi və s. ilə bağlı təkliflər hazırlayacaq.

Qeyd edək ki, ötən ilin oktyabrında Prezident yanında iqtisadi müşavirə keçirildi. Prezident İlham Əliyev çıxışında xərcləri şişirdərək büdcə vəsaitlərini mənimsəyənlərə də toxunmuşdu. Dövlət başçısı bildirmişdi ki, 2020-ci ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır:

“Əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən?! Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir, nəyə görə. Buna da son qoyulmalıdır”.

Dövlət başçısı qeyd etmişdi ki, bunu təkcə Maliyyə və İqtisadiyyat Nazirliyinin boynuna atmaq olmaz, hökumət də nəzarətçi kimi şişirdilmiş bütün rəqəmləri təhlil etməlidir:

“O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik”.

Maraqlıdır, qənaət hesabına büdcədə nə qədər artıma nail olmaq mümkündür?

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, bazar iqtisadiyyatı şəraitində qənaət məfhumu sıradan çıxır:



“Avropa ölkələrində hökumətin və yaxud da hansısa bir şirkətin qənaətdən danışdığını görmək olmaz. İnkişaf etmiş ölkələrdə qənaət ictimai bir məsələ kimi ortaya çıxır. Yəni qənaət dövlət problemi sayılmır. Azərbaycanda qənaətin dövlət problemi kimi ortaya atılması onunla bağlıdır ki, ölkəmizdə xidmət göstərən şirkətlərin böyük əksəriyyəti dövlətə məxsusdur. Həmin dövlət şirkətlərində rəhbər vəzifədə çalışanlar dövlət büdcəsindən daha çox vəsait əldə etmək üçün öz işlərini bu istiqamətdə qururlar. Bu vəziyyətdən çıxmağın yeganə yolu həmin şirkətləri özəlləşdirməkdən keçir. Prezident nə qərar qəbul edir etsin, aidiyyəti nazirliklər daha ciddi tənbeh tədbirləri həyata keçirsə belə, buna təsir edə bilməyəcək. Çünki bu, bir-birinə bağlı sistemdir və bu sistemin başqa müalicəsi yoxdur. Həmin dövlət şirkətləri özəlləşdiriləndən sonra tək kampaniya olaraq yox, həm də bütün fəaliyyəti boyu qənaət edəcək. Yəni həmin şirkətlər neftin qiymətindən, maliyyə bazarlarının vəziyyətindən asılı olmayaraq qənaət edəcəklər.

Hazırda "Azərişıq" ASC elektrik enerjisi satır. Amma müqayisə etdikdə görürük ki, büdcəyə ödədiyindən çox büdcədən maliyyə yardımı alır. Eləcə də “Azərsu” ASC, "Azərbaycan Dəmir Yolları" QSC kimi qurumlar həm xidmət sahəsidir, həm də məhsul satır. Əslində, bu qurumlar dövlət büdcəsinə pul ödəməlidir, amma proses tam tərsinə gedir. Bütün bunlar maliyyə fırıldağıdır, korrupsiya əməlidir. Bunu da aradan qaldırmağın yeganə yolu həmin dövlət şirkətlərini özəlləşdirməkdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR