Azərbaycan milyonlar itirir: Hotellər nə zaman qazandıracaq?

22-02-2020, 10:18 231 dəfə baxılıb

Azərbaycan milyonlar itirir: Hotellər nə zaman qazandıracaq?

Azərbaycana səfər edən əcnəbilərin sayı hər zaman olduğu kimi 2019-cu ildə də artıb.

2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3 milyon 170,4 min nəfər olub. Analoji dövrdə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 5 milyon 567,7 min nəfər təşkil edib. Bu isə o deməkdir ki, xaricə səfər edən azərbaycanlıların sayı, Azərbaycana səfər edən əcnəbilərin sayından 76 faiz çox olub.

Xaricə səfər edən azərbaycanlıların sayı bu ilin yanvarında da artıb. Açıqlanan rəsmi məlumatlara görə, 2020-ci ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz artaraq 433,7 min nəfərə çatıb. Azərbaycana səfər edən əcnəbilərin sayı isə 226,2 min nəfər təşkil edib. Göründüyü kimi, bu il də səfər edən azərbaycanlıların sayı, Azərbaycana səfər edən əcnəbilərin sayından 92 faiz çox olub.

İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə arada yaranan böyük fərqin əsas səbəblərini izah edib. O, bildirib ki, Ümumdünya Turizm Təşkilatının (World Tourism Organization) turizmlə bağlı göstəricilərinə nəzər salsaq, dünya üzrə turizmin gətirdiyi gəlirlərin getdikcə artdığını görmək olar:



“Məsələn, 1950-ci ildə dünya ölkələri bu sahədən 23 milyard dollar gəlir götürdüyü halda, 2002-ci ildə bu rəqəm 703 milyard dollara yüksəlib. Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (UNWTO) tərəfindən 2017-ci ildə dərc olunan “World Tourism Highlights” hesabatında qlobal turizm gəlirlərinin 2016-cı ildə 1 trilyon 220 milyard dollara yüksəldiyi qeyd olunur. Hazırda dünyanın ən çox turist cəlb edən ilk beş ölkəsi Fransa, ABŞ, İspaniya və Çindir. Turizmdən ən çox gəlir götürən ölkələr isə sırası ilə ABŞ, İspaniya, Tayland, Çin və İtaliyadır. Türkiyə isə dünyanın ən çox turist cəlb edən 6-cı ölkəsidir. Turizmdən əldə edilən gəlirlərə gəlincə isə, 205,9 milyon dollar ilə ABŞ ilk sırada, 60,3 milyon dollar ilə İspaniya ikinci, 49,9 milyon dollar ilə Tayland üçüncü, 44,4 milyon dollar ilə Çin dördüncü, 42,5 milyon dollar ilə Fransa beşinci yerdə qərarlaşıb. Daha sonrakı yerləri sırası ilə İtaliya, Birləşmiş Krallıq, Almaniya, Avstraliya və digər ölkələr bölüşürlər. Türkiyə turizmdən ən çox gəlir əldə edən ölkələr arasında 26,616 milyon dollar ilə 13-cü sıradadır. Ümumdünya Turizm Təşkilatı 2020-ci ildə dünya üzrə 1,5 milyard insanın turist şəklində səyahət edəcəyini, bu turistlərin 2 trilyon dollardan artıq vəsait xərcləyəcəklərini proqnozlaşdırmaqdadır. Bu dünyada turizmə olan meylin getdikcə daha çox artmaqda olduğunu göstərir.

Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən turizm, aviadaşımalar və səyahətlər biznesinin inkişafı üzrə hesablanan rəqabət reytinqində Azərbaycan yalnız ilk yüzə daxil olmağı bacarır. Ölkəmizə gələn turistlər dünyadakı turistlərin cəmi 0,003 faizini təşkil edir ki, bu da olduqca kiçik rəqəmdir. Bir vacib məqamı da qeyd edim ki, güclü turizm üçün daxili bazar şərtdir. Məsələn, fransızların 90,6 faizi tətil üçün öz ölkələrini seçirlər. Vətəndaşlarımızın isə hər keçən il daha çox xarici ölkələrə üz tutmasının səbəbləri dəfələrlə qeyd edilsə də, bunun aradan qaldırılması üçün heç bir real addım atılmır. İctimai iaşə obyektlərimiz üçün əsas konsepsiya “necə edim ki, daha çox qazanım” olmamalıdır. Hər bir sahədə olduğu kimi, düşünürəm ki, bu sahədə də mövcud inhisar aradan qaldırılmalıdır”.

“İqtisadi səmərə üçün keyfiyyət və fərqlilik mütləqdir”

Ekspert onu da əlavə edib ki, xarici turistlər üçün cəlbedici olan bir sıra kompleks tədbirlərin həyata keçirilməsi də vacibdir:

“İlk öncə ölkənin təbii-coğrafi, infrastruktur və tarixi potensialı, o cümlədən, bölgələr arasındakı fərqliliklər müəyyənləşdirilməli, turizmin inkişafı üçün yeni hədəflər ortaya qoyulmalıdır. İqtisadi faydanı ən yüksək həddə çatdırmaq üçün keyfiyyət və fərqlilik mütləqdir. Əsas deviz yüksək xidmət, münasib qiymət olmalıdır. İşgüzar, sərgi-yarmarka, alış-veriş, dini-ziyarət, qış, dağ-idman, çöl-səhra, yaylaq, çay-yaxta, termal kimi müxtəlif turizm növlərinin yaradılmasını təklif edərdim. Xəzər dənizi ətrafı bölgələrdə dəniz turizminin baş tutacağı kimi, Kür çayı ətrafı ərazilərdə çay-yaxta, Mərkəzi Aran bölgəsində çöl-səhra, termal suların çıxdığı cənub zonası (Astara, Lənkəran, Masallı rayonları) və Quba-Xaçmaz ərazilərində termal, şimal və şimal-şərq bölgələrində dağ-idman, xristianlığa və islama aid müxtəlif ziyarətgahların yerləşdiyi şimal-qərb ərazilərimizdə ziyarət turizm növlərinin yaradılması məqsədəuyğun olardı. Yeni evlənmiş cutlüklər üçün simvolik nikah mərasimlərinin, 3-6 yaş qrupundakı uşaqlar üçün müxtəlif əyləncə növlərinin təşkili maraq kəsb edə bilər”.
Cebhe.info


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR