Ərzaq bahalaşmasının sonu nə olacaq?

24-11-2015, 10:28 762 dəfə baxılıb

Ərzaq bahalaşmasının sonu nə olacaq?

















Demək olar ki, hər gün ərzaq məhsullarının qiymətinin bahalaşması, mənzil, maşın, məişət texnikası və qızıl kimi qeyri-ərzaq məhsullarının isə ucuzlaşması tendensiyası davam edir. 2015-ci ilin oktyabrında Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər sentyabrla müqayisədə 1,02 faiz düşüb

Bunu "Trend"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, ümumilikdə ilin əvvəlindən daşınmaz əmlak bazarında qiymətlər 23,6 faiz ucuzlaşıb. N.İbrahimov qeyd edib ki, qiymətlərin ucuzlaşması mənzil bazarında da müşahidə edilir: "Ay ərzində təkrar mənzil bazarında qiymətlər 3,1 faiz ucuzlaşıb. İlin əvvəli ilə müqayisədə ucuzlaşma 24,6 faiz təşkil edib. Oktyabrda ilkin mənzil bazarında qiymətlər 1,2 faiz ucuzlaşıb. İlin əvvəlindən qiymətlər 26,7 faiz ucuzlaşıb".

Ekspert əlavə edib ki, sentyabr ayı ilə müqayisədə mənzil bazarında qiymətlər 2,1 faiz ucuzlaşıb. İlin əvvəlindən isə mənzil bazarı 26 faiz ucuzlaşıb. Onun sözlərinə əsasən, mənzil kirayəsi bazarında qiymətlər ay ərzində 3,9 faiz ucuzlaşıb - 1 kvadratmetrə görə 8,98 manatdan 8,63 manatadək: "İlin əvvəlindən mənzil kirayəsi bazarında qiymətlər təqribən 16 faiz ucuzlaşıb".

Musavat.com isə yazır ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2015-ci ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq məhsulları 0,1 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib. Ümumilikdə istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz bahalaşıb. Məlumatda 2015-ci ilin III rübündə yerüstü tikililər üzrə qiymətlər 0,1 faiz, yol tikintisi üzrə qiymətlər 0,3 faiz bahalaşmış, körpü tikintisi üzrə qiymətlər isə sabit qalıb. Ümumilikdə tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,1 faiz bahalaşıb. Cari ilin III rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz, o cümlədən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə 0,2 faiz, 6 və daha çox mərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,1 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 0,1 faiz, o cümlədən inzibati tikililər üzrə 0,3 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,1 faiz bahalaşmış, sənaye obyektlərinin tikintisi üzrə qiymətlər isə 0,4 faiz ucuzlaşıb.

Maraqlıdır, ərzaq məhsullarının bahalaşması, daşınmaz əmlakın isə bu qədər ucuzlaşmasına səbəb nədir və bu tendensiya nə vaxta kimi davam edəcək?

İqtisadçı ekspert Qadir İbrahimli ərzaq məhsullarının qiymətinin artma, daşınmaz əmlakın isə ucuzlaşması tendensiyasının yaxın 2-3 ilədək davam edəcəyini bildirdi: "Bu, böhran dövrünün əlamətləri, ilkin simptomlarıdır. Böhran dövrlərində birmənalı olaraq ərzaq məhsulları bahalaşır, qeyri-ərzaq məhsulları- daşınmaz əmlakdan tutmuş məişət texnikasına, geyim əşyalarına qədər-ucuzlaşmaya meylli olur. Çünki böhran dövründə ailələr büdcələrini daha çox ərzaq məhsullarının alınmasına yönəldirlər. Buna görə də qeyri-ərzaq məhsullarının alınması arxa plana keçir. Bu da ona qeyri-ərzaq bazarında alıcılıq qabiliyyətinin zəifləməsinə gətirib çıxarır ki, belə olan təqdirdə qiymətlərin ucuzlaşması mütləqdir. Eyni zamanda ərzaq məhsulları, yəni gündəlik tələbat, insanların yaşaması üçün lazım olan ərzaq məhsullarının qiyməti artır. Bu da tam təbii bir prosesdir. Biz bu prosesi təxminən bir il qabaq formalaşdırmışdıq ki, yaxın illərdə Azərbaycanda qeyri-ərzaq, xüsusilə də daşınmaz əmlak, məişət texnikası, avtomobil bazarında qiymətlər ucuzlaşacaq. Ərzaq bazarında isə bunun əksi olaraq qiymətlər bahalaşacaq. Yəni bu tendensiya xüsusi olaraq Azərbaycanda baş verir. Bu, böhranın ilkin dövrünün simptomlarıdır".

Ərzaq məhsullarının bahalaşması və daşınmaz əmlakın ucuzlaşmasının nə vaxta qədər davam edəcəyinə gəlincə isə iqtisadçı ekspert bunun bir neçə il davam edə biləcəyini dedi: "Ölkədəki iqtisadi tənəzzül minimuma enəndə bu proses əksinə davam edəcək. Yəni hələ ki tənəzzül davam edir və üzü aşağı gedir. Ərzaq məhsullarının qiymətinin bahalaşması tendensiyası isə yaxın aylarda, hətta yaxın 2-3 il ərzində də davam edəcək. Bu vəziyyət ölkə iqtisadiyyatı krizisdən çıxanadək davam edəcək. Yalnız ölkədə yeni iqtisadi inkişaf tendensiyası müşahidə ediləndə bu proses əksinə baş verir".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR