Manat üçün 3 illik gözlənti: Neftdən asılı məzənnə - TƏHLİL

27-10-2018, 12:51 503 dəfə baxılıb

Manat üçün 3 illik gözlənti: Neftdən asılı məzənnə - TƏHLİL


Hökumət növbəti 3 il üçün manatın məzənnəsinin proqnozunu açıqlayıb.

2019-cu ildə ölkədə ÜDM-in real artımı 3,6 faiz olmaqla, 81,9 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,9 faiz olmaqla 50,5 milyard manat təşkil edəcək. Bu, 2019-cu il dövlət büdcə zərfində qeyd olunan gələn il və sonrakı 3 il üzrə makroiqtisadi proqnoz göstəricilərində bildirilir.

2019-cu ildə əsas kapitala yönəldiləcək investisiyaların ümumi həcminin real ifadədə 2,2 faiz artaraq 17,9 milyard manat proqnozlaşdırılır ki, bunun da 58,2 faizi daxili investisiyaların, 41,8 faizi xarici investisiyaların payına düşür. 2019-cu ildə qeyri-dövlət investisiyalarının həcmi 8,9 milyard manat olmaqla, ümumi investisiyaların 50 faizini təşkil edəcək. Növbəti 3 ildə yerli valyutanın ABŞ dolları ilə dəyərinin 1,70 manat səviyyəsində qalacağı və istehlak qiymətləri indeksinin cari ildə təkrəqəmli səviyyəyə enməsi trendinin davam edəcəyi gözlənilir. Nəticə etibarilə əhalinin gəlir səviyyəsinin 2019-cu ildə 59,2 milyard manata qədər artacağı və orta aylıq əməkhaqqının ötən illə müqayisədə real ifadədə 10,7 faiz artaraq 641,7 manat olacağı proqnozlaşdırlır.

Sözügedən proqnozu “Cümhuriyət” qəzetinə şərh edəndə iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, proqnozlar ciddi şəkildə dəyişkəndir: “İki ay bundan öncə dövlət borclarının idarə edilməsi ilə bağlı strateji dövlət proqramı qəbul olundu. Həmin dövlət proqramında qeyd edilirdi ki, 2019-cu ildə dövlət büdcəsi 18.9 milyard manat ətrafında olacaq. Amma açıqlanan məlumatlardan bəlli olur ki, dövlət büdcəsi 24 milyarddan çoxdur.

Bu isə 2018-ci illə müqayisədə təxminən 7 faizlik artım deməkdir. Bu faktı deməkdə əsas məqsədim ondan ibarətdir ki, proqnozlar kifayət qədər dəyişkəndir. Proqnozlar heç də o demək deyil ki, onlar hər zaman özünü doğruldur. Məsələn, 2018-ci il üçün proqnozlarda qeyd olunurdu ki, Azərbaycan iqtisadiyyatı 1.5 faiz artacaq, neft sektoru kiçiləcək, qeyri-neft sektoru orta hesabla 2.5 faiz böyüyəcək və ümumiyyətlə, 1.5 faiz artım olacaq. Amma statistik göstəricilər onu deməyə əsas verir ki, 9 ayın nəticəsində iqtisadi böyümə 0.8 faizdir”.

“3 il müddətində neftin qiymətindən asılı olaraq, manatın məzənnəsində riski yüksəkdir”

Analitikin qənaətincə, hökumət növbəti ildə də mövcud məzənnə siyasətini davam etdirmək qənaətindədir: “Əgər şərtlərdə və xüsusilə də xarici iqtisadi mühitdə kəskin dəyişikliklər baş verməsə, neftin qiymətində mövcud status-kvo ən azından qorunub saxlansa, böyük ehtimalla hökumət növbəti dövrlər üçün də manatın məzənnəsini indiki səviyyədə saxlamaq qənaətini ortaya qoyur. İnvestisiya qoyuluşları, biznesin inkişafı və proqnozlaşdırma apara bilməsi üçün uzunmüddətli proqnozlar lazımdır. Eyni zamanda uzunmüddətli proqnozlar reallığa yaxın olmalıdır. 3 il müddətində neftin qiymətindən asılı olaraq manatın məzənnəsində dəyişiklik riski yüksəkdir. Bundan başqa, Mərkəzi Bankın açıqlamalarına görə, 2020-ci ildə üzən məzənnə rejiminə keçid baş tuta bilər. Əgər həmin dövrdə neftin qiyməti yüksək olarsa, o zaman manatın möhkəmlənməsi ehtimalı artacaq. Əgər neftin qiyməti ucuzlaşarsa, o zaman manatın məzənnəsinin dəyərdən düşməsi istiqamətində təzyiqlər formalaşar. Düşünürəm ki, hökumət bütün bunları nəzərə alaraq proqnozlaşma aparmalı idi. Adından da göründüyü kimi, bu, bir proqnozdur. Düşünmürəm ki, proqnozlaşdırma aparılan zaman ayrı-ayrı qurumlar çox ciddi analizlər apararaq bu qənaətlərə gəliblər. Mövcud vəziyyətə baxaraq ümumi bir qərar qəbul edir və müəyyən rəqəmlər ortaya qoyurlar. Bu rəqəmlər də istənilən halda dəyişilməyə açıq göstəricilərdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR