“Hündürmərtəbə”lərin “kupça” problemi: Proses niyə ləngiyir?

20-04-2019, 11:32 417 dəfə baxılıb

“Hündürmərtəbə”lərin “kupça” problemi: Proses niyə ləngiyir?

Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” sərəncamından artıq iki ay keçsə də, cəmi 14 binaya dair sənədlər komplektləşdirilərək, bu binaların istismara hazır olması barədə rəy tərtib edilib.

Həmin rəy aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub.

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının icrası ilə bağlı görülmüş işlərin, habelə qarşıya çıxan problemlərin müzakirəsi mövzusunda müşavirədə bu haqda məlumat verilib. Yüksək çinli məmurların, o cümlədən komitə sədrlərinin iştirak etdiyi müşavirədə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, ötən müddət ərzində aidiyyəti qurumlar tərəfindən lazımi işlər görülüb və bu proses fasiləsiz olaraq davam etdirilir. K.Heydərov vurğulayıb ki, hazırda respublika üzrə istismara qəbul olunmamış çoxmənzilli yaşayış binalarının sayı 434 ünvan təşkil edir ki, bunun da 381-i Bakı şəhərindədir.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin binasında müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə qərargah yaradıldığını xatırladan nazir deyib ki, 15 aprel 2019-cu il tarixinə kimi bu qərargahda 227 yaşayış binasının (kompleksinin) nümayəndələri qəbul edilərək, onlara zəruri izahatlar verilib. Nazir binalarda müayinə işlərinin yekunlaşdığını, bunun əsasında aşkar edilən çatışmazlıqlarla bağlı görüləsi işlərin tez bir zamanda müəyyən olunacağını bildirib.

Kəmaləddin Heydərov işlərin fərmanla müəyyən olunmuş zamanda həyata keçirilməsinin və aşkar edilən çatışmazlıqların operativ aradan qaldırılmasının vacibliyini bildirib.

Qeyd edək ki, müvafiq sərəncam fevral ayının 19-da verilib. və iki ay ərzində icra olunması nəzərdə tutulub. İş günü qrafiki ilə hesablanarsa, may ayının ilk ongünlüyündə vaxt başa çatır. Bu fərmanın 400-dək yaşayış kompleksinə şamil olunacağı, 50 minədək mənzili, 10 minlərlə ailəni əhatə edəcəyi bildirilir. Əlavə edək ki, sərəncam 2019-cu il yanvarın 1-dək tikilən, tam təhvil verilən, istismara qəbul olunmayan və faktiki olaraq insanların yaşadıqları binalara şamil edilir.

Məlumdur ki, müvafiq sərəncamın verilməsi vətəndaşlarda çoxsaylı problemlərin həllini tapacağına ümid yaradıb. Çünki binaların istismarına icazənin verilməməsindən daha çox əziyyət çəkən sahibkarlar deyil, həmin binalarda yaşayan sakinlərdir. Bu məsələ mənzillərə mülkiyyət hüququnun verilməməsi, ev alqı-satqısında əlavə ödənişlərin tələb olunması, mənzil tikinti kooperativlərinin qanunsuzluqlarına rəvac verirdi.

Amma qeyd etdiyimiz kimi, zaman daralsa da hələ ki, cəmi 14 bina ilə bağlı məsələ dəqiqləşdirilib. Bəzi ekspertlər isə hesab edirlər ki, verilən vaxt yekunlaşsa da, binaların heç də hamısının istismarına icazə verilməyəcək. Prezident sərəncamının icrası niyə yubadılır? 400-dən çox binanın istismarına icazənin verilməsi ilə bağlı hansı problemlər var?

İqtisadçı Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu vaxtadək binaların istismarına icazənin verilməməsi dövlət qurumları tərəfindən alver predmetinə çevirilmişdi:



“Yubanmanın səbəbi həmin binaların istismara yararlılıq məsələsində müəyyən problemlərin olması ilə bağlı ola bilər. Mən şəxsən məskunlaşma gedən, təhvil verilməyən elə binalar tanıyıram ki, onlar, həqiqətən də istismara yararsızdır. Mövcud yubanma da binaların istismara yararsızlığı ilə bağlıdır. Əks təqdirdə nəinki 2 ay, 15 günə bu məsələ həllini tapardı. Güman etmirəm ki, bu zaman ərzində bütün məsələlər yekunlaşacaq. Bu qərarın verilməsi təqdirəlayiq olsa da, gecikmiş qərardır. Çünki, burada vətəndaşların təhlükəsizliyi məsələsi var”.

Xatirə Nəsirova
Cebhe.info


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR