"Əli İnsanov vaxtilə ittiham etdiyi hansısa beynəlxalq təşkilatları indi qibləgah kimi göstərir"

11-05-2019, 08:26 331 dəfə baxılıb


"Əli İnsanov vaxtilə ittiham etdiyi hansısa beynəlxalq təşkilatları indi qibləgah kimi göstərir"
“Azərbaycan dövlətinin bugünkü qüdrəti, günü-gündən inkişaf edən güclü iqtisadiyyatı məhz ulu öndər Heydər Əliyev kursuna, onun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü çoxşaxəli siyasətə əsaslanır. Çox təəssüf ki, bəzi xəyanətkarlar müxtəlif açıqlamalarında buna kölgə salmaq istəyirlər”.

Bunu "Report"a Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, deputat Şahin İsmayılov bildirib.

Deputat qeyd edib ki, 90-cı illərin əvvəlində məhz Heydər Əliyevin qayıdışı Azərbaycanı parçalanmadan, defolt iqtisadiyyatdan və vətəndaş müharibəsindən qurtardı: "Ulu öndər müstəqilliyimizin memarıdır və bizim borcumuz onun qurduğu güclü dövlətə sədaqətlə xidmət etməkdir. Amma, çox təəssüf ki, xəyanəti həyat normasına çevirən insanlar üçün bu unudulur".

Ş.İsmayılov bildirib ki, bunlardan biri olan keçmiş məhkum Əli İnsanov bu kursa əsl xəyanət nümayiş etdirir: "Onun bütün bunlardan sonra dəyərlərdən, hansısa mübarizədən danışması biz gənclərdə də ikrah hissi doğurur. Ölkə Prezidenti cənab İlham Əliyevin böyük humanistlik göstərərək cəza müddəti başa çatmadan əfv etdiyi İnsanov, əfsuslar olsun ki, söylədiyi fikirlərlə hələ də tam islah olunmadığını göstərir. Qisas hissi ilə alışıb yanan keçmiş nazir nəyin bahasına olur-olsun Azərbaycandan kənarda yerləşən hansısa qurumlara təşəkkür edir, xarakterinin ən önəçıxan xüsusiyyəti olan xəyanətkarlığı bir daha açıq şəkildə göstərir. İnsanovun xəyanəti yenə davam edir. O, ulu öndər Heydər Əliyevə xəyanət etdi. Hər vəchlə pafoslu ifadələrə sadiqlik göstərən, ətrafındakı insanlara sədaqət dərsi keçən, işi ilə əməli üst-üstə düşməyən patoloji xəyanətkar ulu öndərin vəfatından sonra real simasını göstərdi".

Deputatın sözlərinə görə, Əli İnsanovun növbəti xəyanəti ona əmanət olunan yüksək posta idi: "Səhiyyə Nazirliyinə rəhbərlik edən və buranı şəxsi mülki kimi idarə edən İnsanov Azərbaycan tibb sisteminə olduqca böyük zərbə vurdu. Hətta ölkəyə göndərilən humanitar yardımlar da satılaraq Əli İnsanovun sərvətinin daha da artırılmasına sərf olunurdu. İnsanovun gözü isə doymurdu. O artıq başqa xəyallar dalınca getməyə başlamışdı. Onun üçün növbəti hədəf, daha doğrusu, xəyanət dövlətə idi. İnsanov artıq hakimiyyət iddiasına düşmüşdü. Lakin hüquqi dövlət ona öz layiqli yerini göstərdi və cəzasını aldı".

"Əli İnsanov həbsdən çıxıb və yersiz bəyanatlar səsləndirir. Vaxtilə alovlu çıxışları ilə ittiham etdiyi hansısa beynəlxalq təşkilatları indi qibləgahı kimi göstərir. O, böyük humanistlik göstərərək onu əfv etmiş Azərbaycan Prezidentinə təşəkkür belə etmir. Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək əvəzinə onun siyasi kursuna xəyanətini davam etdirir. Son müsahibəsində erməniləri bir növ məzlum, hüquqları pozulmuş, günahsız bir xalq kimi təqdim edir. İllərdir ermənilərin ağzından eşitdiyimiz bu ifadələr artıq İnsanovun ağzından eşidilir. Reallıq odur ki, sifarişçi eynidir. Yaşının bu vaxtında müdriklik göstərmək əvəzinə İnsanov ermənilər tərəfindən öldürülmüş insanların ruhlarına xəyanət edir”, - deputat vurğulayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR