"Dövlətə, dövlət başçısına həqarət etmək, bunu dünyaya yaymağın böyük tərbiyəsizlikdir"

17-05-2019, 10:14 297 dəfə baxılıb

"Dövlətə, dövlət başçısına həqarət etmək, bunu dünyaya yaymağın böyük tərbiyəsizlikdir"


Bu il Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi tamam olur. Prezident İlham Əliyev ötən ay yubiley tədbirləri ilə əlaqədar sərəncam imzalayıb. Şeyxülislamın qardaşı, YAP üzvü olan deputat, Milli Məclisin Aqrar siyasət və İctimai birliklər və dini qurumlar komitələrinin üzvü Cavanşir Paşazadə ilə müsahibəmizə əvvəlcə yubiley hazırlıqları və digər məsələlərdən başladıq.

- Cavanşir bəy, bu il Şeyxülislamın iki yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Yəqin ailə üzvləri olaraq siz də yubiley tədbirlərinə hazırlıq görürsünüz. Nələri planlaşdırırsınız? Bu məsələ ilə bağlı Şeyxülislamla söhbətləriniz olurmu?

- Təbii ki. Cənab prezident İlham Əliyevin bir gündə iki fərman verməsi - həm Şeyxülislam həzrətlərinin 70 illiyi, həm də şeyxlik fəaliyyətinin 40 illiyi ilə bağlı imzaladığı fərman Paşazadələr ailəsini hədsiz dərəcədə qürurlandırdı. İlham Əliyev cənablarına biz öz minnətdarlığımızı bildiririk. Təbii ki, bu, böyük bir diqqətdir. Özü də bu diqqət təkcə Azərbaycanın Şeyxülislamına, Allahşükür Paşazadəyə yox, Azərbaycanın dindarlarına, ağsaqqallarına, keçmişinə, ənənələrinə verilən dəyərdir. Ailəmizdə bununla bağlı geniş söhbətlər oldu və biz ailə olaraq yubileylərə hazırlaşırıq.

- Bəs Şeyxülislamın özünün yubileylərlə bağlı xüsusi arzu-istəyi, təklifi varmı?

- Şeyxülislamın başqa istəyi nə ola bilər? Onun şeyxlik fəaliyyətinin bir hissəsi sovet dönəminə təsadüf edib, qalanı müstəqillik dövrünə. Sovet dövründə kəşməkeşli, çətin mərhələlərdən keçən bir insan olaraq Şeyx bu gün azad bir ölkənin vətəndaşı, müstəqil dövlətin Şeyxi olaraq 40 illik fəaliyyətinə dövlət səviyyəsində qiymət verilməsindən təbii ki, çox razıdır. Bundan artıq nə istək ola bilər? Ailə, nəvələr, nəticələr də verilən bu qiymətdən çox məmnundur.

- Qardaşınızın Şeyxülislam vəzifəsinə təyin olunduğu günü xatırlayırsınızmı?

- 1980-ci ilin əvvəlləri idi. Ulu öndər Heydər Əliyev cənabları o vaxt respublikaya rəhbərlik edirdi. O zaman Azərbaycanda dinə olan münasibət hər birimizin gözünün qabağındadır. O dövrdə tələbələri Özbəkistanda, Daşkənddə oxumağa göndərmək, onların dini savad almasına nail olmaq və geri qayıdıb burada dini məsələlərlə məşğul olmalarına nail olmaq təbii ki, böyük məsələydi. Şeyx həzrətləri hiss etsə də, etməsə də, bu qərarın arxasında Heydər Əliyevin dəstəyi var idi. Bu dəstək sırf Allahşükür Paşazadəyə deyildi. Sadəcə, məqsəd bu idi ki, dini lider Azərbaycanın içərisindən yetişsin. Bu da dini ənənələrin qorunub-saxlanması, yaşaması üçün çox mühüm addım idi. Allahşükür Paşazadə təhsil alıb qayıdandan sonra ulu öndərin Şeyxülislam seçimi ilə biz bir daha onun böyük dəstəyini gördük. Məhz ulu öndərin dövrünün yadigarı olan bir şeyxdir və bu gün artıq 40 ildir ki, Azərbaycana dini sahədə xidmət edir.

- Şeyxülislamın qardaşı olmaq həm də müəyyən məsələlərdən özünü təcrid etmək, özünə qadağalar qoymaq deməkdir. Bu kimi məsələlərdə sizi narahat edən məqamlar yəqin ki, az olmayıb...

- Təbii ki, olurdu. Hələ sovet dönəmində Moskvada “Oqonyok” və digər jurnallar çıxırdı. Həmin jurnallarda yazılırdı ki, Şeyxin 9 bacısı, 1 qardaşı var. O zaman mənim Kommunist Partiyasının üzvü olmağım mütləq idi. Bu, onunçün lazım idi ki, SSRİ-də bir ailədə azad seçimin olduğunu nümayiş etdirəsən. Yəni o azadlığın sübutu budur ki, bir qardaş dini məsələlərə rəhbərlik edir, digər qardaş isə kommunistdir, bunlar bir-birinə zidd məsələlər deyil. Təbii ki, bu da imperiya siyasəti idi. Mənim özümdən asılı olan bəzi məsələlər var idi. Yəni o zaman mən də təbii olaraq müəyyən məsələləri özümə rəva bilməməliydim ki, Şeyxülislamın apardığı işlərə və fəaliyyətinə xələl gətirməyim. Bu zaman harada, necə, kiminlə oturmağıma, hansı işlərlə məşğul olmağıma diqqət yetirməliydim. Başqalarının özünə rəva bildiyi bəzi məsələləri təbii ki, mən özümə rəva bilməzdim.

- Şeyxülislam özü böyük qardaş kimi sizə nələrisə qadağan edibmi?

- Yox. Bizim aramızda həmişə qardaşlıq, böyük-kiçiklik məsafəsi olub. Bizim aramızda 4 yaş fərq var. Baxmayaraq ki, mən də atıq müəyyən yaşa çatmışam, amma aramızdakı pərdə heç vaxt götürülməyib. Münasibətlərin bu şəkildə davam etməsi təbii ki, həm də onun sayəsində olub. Ancaq mənə heç zaman qadağa qoymayıb. Mən özüm daim hiss etmişəm ki, bu yolu getsəm, nəticəsi necə olar. Deyək ki, mən sizinlə beş gün yoldaşlıq edirəm. Bu zaman Şeyxin adına, onun apardığı dini siyasətə uyğun olmayan hansısa hərəkəti məndə görsəniz, deyəcəksiniz ki, əgər bir adam öz qardaşına hörmət eləmirsə, o, dostuna hörmət edərmi? Ona görə də mən artıq hərəkətlərə yol versəm, təbii ki, mənim özümü hörmətdən salar. Ona görə də sağ olsun dostlar, bu illər ərzində məni başa düşüblər, həmişə məni o işlərdən kənar saxlayıblar. İndi də elə tədbirlər olur ki, orada başqa məsələlər də olur...

- Yəni içki masası...

- Olur da. Toydur, bayramdır, yaxud başqa bir tədbir olur. O tədbirlərdə hörmətlə yanaşırlar, məni başa düşürlər. Bilirlər ki, mən belə məsələlərdən uzağam, artıq öyrəşiblər. Bu da ilk illərdən fərqli olaraq, indi mənə çox yüngüllük gətirir.

- İbadət edirsinizmi?

- Bəli.

- Oruc tutursunuz?

- Təbii ki.

- Bəs, övladlarınız necə?

- Onlar da oruc tutur.

- Cavanşir bəy, orta məktəblərdə dinin tədrisi təklifinə sizin münasibətiniz necədir? Qeyd edim ki, cəmiyyətdə bu məsələ ilə bağlı fikir ayrılığı var...

- Fikir ayrılığının hansı formada olduğunu bilmirəm. Ancaq mən onu bilirəm ki, bütün sivil ölkələrdə bu məsələ həllini tapıb. Mən demirəm ki, bu gün bizim məktəblərdə ancaq İslam dini tədris olunsun. Yox. Bütün bu kimi məsələlər qanunvericiliyə əsaslanmalıdır. Yəni bunun üçün ayrıca qanun qəbul olunmalıdır. Bütün dinlərin daşıyıcıları olan insanlar dinlərin sülh dini olmasını elə uşaqlıqdan bilsələr, daha yaxşıdır. Fikrimcə, bundan heç də qorxmaq lazım deyil. Körpə uşaq bilirsə ki, yalan danışmaq günahdır, başqasının haqqına sahiblənmək, özgəsinə ziyan vurmaq, onun qəlbini sındırmaq yaxşı iş deyil, onu küsdürmək bunun nəyi pisdir? Yaxud bir uşaq öyrənirsə ki, imkansıza əl tutmaq, yaxşılıq etmək savabdır, bunun nəyi pisdir? Uşağın hələ uşaqlıqdan vətənpərvər olmasında, Vətən üçün bütün fədakarlıqlara hazır olmağın zəruriliyini bilməsində pis nə var ki? Burada demirlər ki, sən get, mollalıq elə! Deyirlər burada yaxşı şeyləri götür. Hesab edirəm ki, heç bir dində - nə xristianlıqda, nə yəhudilikdə, nə İslamda - kiməsə zərər vermək məsələsi ola bilməz. Nə üçün uşaq bilməsin ki, kiməsə zərər yetirmək, yaxşı oxumamaq, narkotiklə məşğul olmaq, siqaret çəkmək, içki içmək pis şeydir? Bunların nəyi pisdir? Çoxları deyir ki, kəbin məsələsi düzgün deyil. Təbii ki, dövlətimizin qanunları var və qanun çərçivəsində bu işlər görülməlidir. Qanuna görə 18 yaşına çatmış vətəndaş ailə qura bilər. Dövlət nikahı olandan sonra kəbinin olmasının nəyi pisdir ki? Mən də bunun olmağının tərəfdarıyam. Hər bir insanın nədənsə qorxusu var, biri Allahdan, biri ölümdən, digəri pulunu, başqası həyatını itirməkdən, başqası cəmiyyətdə xar olmasından qorxur. Əgər bir kişi bir qadının kəbininin olduğunu bilirsə, o halda ona başqa gözlə baxmağın günah olduğunu bilirsə, bunun nəyi pisdir? Zinanın qabağını almaq üçün belə məsələləri orta məktəbdən bilməyin nə ziyanı var? Mən istərdim ki, bütün bunlarla yanaşı, bizim gənclərimiz oturuş-duruşlarını da bilsinlər. Oğlanlarımız bilsinlər ki, kişilik nə deməkdir. Elə olmasın ki, adı var, özü yox. Kişi xaraktercə kişi olmalıdır, ailə başçısı, vətəndaş, vətənpərvər olmalıdır. Hərbi xidmətdə olanda özünü əsl kişi kimi göstərməlidir. Qızlarımız bilməlidir ki, onlar sabahın analarıdır. Bu mənada düzgün istiqamət verməkdən çox şey asılıdır.

- Növbəti seçkilərdə iştirak barədə düşünürsünüz?

- Mən YAP-dan seçilən bir millət vəkiliyəm. Ona görə də YAP nə məsləhət bilərsə, mən də ona uyğun olaraq hərəkət edəcəyəm.

- Son zamanlar Azərbaycanda keçiriləcək növbəti beynəlxalq miqyaslı tədbirlər ərəfəsində yenə də xarici dairələr tərəfindən ölkəmizə hücumlar artıb. Həmçinin bu sırada bəzi mühacir azərbaycanlıların da yer alması təəssüf doğurur. Siz inanclı şəxs olaraq, həmçinin dini komitənin üzvü olaraq bu barədə nə deyə bilərsiniz?

- Bu kimi hallar əvvəllər də olub. Ümumiyyətlə, bəzi insanlar Azərbaycandakı inkişafı görmək istəmirlər. Bundan əvvəl də beynəlxalq səviyyəli tədbirlər ərəfəsində belə qaralama kampaniyaları başladıblar. Cənab prezidentin gördüyü işlərə qara yaxmaq cəhdləri daim olub. Əslində Azərbaycanda görülən işlər hər birimizin gözümüzün qabağındadır. Mən Youtube-də bir materiala baxdım. Orada Rusiyadan Azərbaycana gəlmiş bir turistdən bəhs olunur. Onun anası erməni, atası rusdur. Həmin turistin pulu olmadığından Bakıda bir binanın girişində yatır. Bu adam bir azərbaycanlı ilə tanış olur. Oğlan bunu evinə aparır, yedirib-içizdirir, deyir bu barədə heç kimə demə, biz qardaşıq. Sonra oğlan bu turisti şəhərdə gəzdirir, “Sovetski”dəki söküntü ərazisinə aparır, hansı ki, insanlar pulunu alıb oradan köçüblər. Oğlan isə buradakı xarabalıqları ona göstərir ki, Azərbaycanda insanların yaşam yeri budur. Azərbaycanlı bir gənc şərait yaradır, deyir ki, bu çəkilişi aparın və xaricdə göstərin, görün azərbaycanlılar hansı şəraitdə yaşayır. Bu azərbaycanlıda əqidə var?! Bu gün xaricdə oturub hansısa dairələrin maraqlarına uyğun olaraq Azərbaycanda həyata keçirilən böyük işlərə xələl gətirməyə çalışırlar. Həmin şəxslər etik normaları tapdayıb Azərbaycan rəhbərliyinin ünvanına özlərinin layiq olduqları ifadələri səsləndirirlər, yazırlar. Belə şəxslər ən əqidəsiz insanlardır.

- Cavanşir bəy, amma bu da var ki, qarşılıqlı ittihamlar çıxış yolu deyil. Bəlkə də gecikmədən ortaq məxrəcə gəlmək lazımdır. Ermənistan bizim torpaqları məhz ölkədə qarışıqlığın olduğu dönəmdə işğal edib, bunu Ermənistanın keçmiş prezidenti də bu günlərdə söylədi. Bu mənada, heç olmasa böyük problemlərimizin həlli naminə daxili çəkişmələri dayandırmaq daha faydalı olmazmı? Yeri gəlmişkən, bu günlərdə Səməd Seyidov da mühacirlərə çağırış edərək onları ölkəyə qayıtmağa səslədi. Artıq bəzi mühacirlərdən müsbət reaksiya da gəlib...

- Mən də Səməd müəllimin fikirləri ilə razıyam və təşəbbüsə qoşuluram. Həmin mühacirlərin sırasında olan ağıllı fikirlər, ideyalar müəllifi olan şəxslər varsa, buyursunlar, qayıtsınlar Azərbaycana! Azərbaycanda onlara ehtiyac var. Özü də Azərbaycandan onları heç kim qovmayıb. Gəlsinlər, burada “tet-a-tet” sözlərini desinlər. Dövlət başqa şeydir, hökumət başqa şey. Hansısa məmurdan narazılıqları ola bilər, amma bu narazılığı dövlətə qarşı çevirməməlidirlər. Xaricdəki “söyüş müxalifəti”nə demək istəyirəm ki, dövlətə, dövlət başçısına həqarət etmək, bunu dünyaya yaymağın üzə böyük tərbiyəsizlikdir. O insanlar ki, bu gün Azərbaycanı doğrudan da müdafiə edirlər, öz xalqı, öz cəmiyyəti, öz dövlətidir, buyurub gəlsinlər. Ata-anası, bacı-qardaşı, qohumları buradadır, gəlsinlər. Bəli, onlara da bu ölkədə ehtiyac var. Siz görürsünüz ki, cənab prezident bütün sahələrdəki çatışmazlıqlara şəxsən özü reaksiya verir. Buyurub cənab prezidentə müraciət etsinlər, necə ki, Emin Milli müraciət etdi, cənab prezidentdən üzr istədi.

Qoy digərləri də səmimi, aydın şəkildə öz fikirlərini bildirsinlər, daha təhqirlə yox. Hökumətə “kartoşka gülləsi” atmaq lazım deyil. Özlərini də biabır edirlər, dövlətə də çamur atırlar. Belə olan şəraitdə pislərin hərəkətlərinə görə yaxşılar da gözdən düşür, necə deyərlər, qurunun oduna yaş da yanır. Mən hesab edirəm ki, mühacirlərin içərisindəki yaxşılar, sağlam düşüncə sahibləri, ideya müəllifləri digərlərindən, dövləti yadellilərin ayağına verən, ölkəmizə, prezidentimizə çamur atan şəxslərdən ayrılmalıdırlar. Normal düşüncə sahibləri həmin destruktiv qüvvələrlə bir sırada dayanmağı özlərinə rəva bilməməlidirlər. Mən istəmirəm ki, Azərbaycan xalqı bir dəstə xəstə düşüncəli şəxslərin hesabına digər sağlam fikirli insanlarımıza da nifrət bəsləsin. Həmin adamlar bilməlidirlər ki, onlar da bizim qardaşlarımızdır, onlara ehtiyacımız var.

Fikir ayrılığı ola bilər, amma dövlətə qarşı çıxmaq olmaz. Qayıdıb gəlsinlər, bu Vətənin inkişafına dəstək olsunlar. Bizim düşmənlərimiz də görsünlər ki, bu xalqı parçalamaq mümkün deyil. Qayıtmaq fikri olmayanları da diaspora təşkilatlarında birləşməyə çağırıram. Bir neçə ay bundan əvvəl biz Moskvada, səfirimiz Polad Bülbüloğlu ilə birgə diaspora nümayəndələri ilə görüşdük, onların fikirlərini dinlədik. Sağlam qüvvələrimiz diaspora təşkilatlarında birləşməli, öz fikirlərini deməlidir. Diaspora Komitəsinin sədri Fuad Muradov da gənc kadrdır, bizim keçmiş həmkarımızdır, işləyən adamdır. İstərdim ki, diasporadakı insanlarımız Azərbaycan naminə fəaliyyət göstərsinlər. Umu-küsüləri bir kənara qoyub Azərbaycan naminə, Qarabağ naminə birləşmək lazımdır. Kimlər ki, xarici qüvvələrin əlində oyuncağa çevriləcək, Azərbaycana qarşı qaralama kampaniyalarında yer alacaq, onları nə xalq, nə tarix bağışlamayacaq...
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR