İslahatlar ölkəni defolt vəziyyətinə də sala bilər

27-05-2019, 10:36 292 dəfə baxılıb

İslahatlar ölkəni defolt vəziyyətinə də sala bilər


“Hazırda iqtidarda intriqalardan, qrupbazlıqdan başqa heç nəyə yaramayan, çoxlu strateji vəzifələri tutan adamlar var. Belələri siyasi hakimiyyətdə ömürlərini uzatmaq üçün Prezidentə və islahatlara ciddi dəstək verə biləcək adamları Prezidentdən incik salmağa çalışır, onun xarizmasını dağıtmaq, beynəlxalq nüfuzunu zədələmək və desturiktiv qüvvələrin güclənməsi üçün hər cür oyunbazlıqdan çıxırlar. Ona görə islahatların uğurla davam etdirilməsi birbaşa kadr islahatlarına bağlıdır”.

Strateq.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə göndərdiyi təbrik məktubunda ölkəmizdə başladılmış islahatlara dəstəyini ifadə etməsinə münasibət bildirərkən söyləyib.

Azərbaycan hakimiyyətinin başladığı islahatlara ABŞ-ın da dəstək verməsinin vacibliyini bildirən Qüdrət Həsənquliyev diqqəti xüsusilə kadr dəyişilmələrinin aparılmasına, o cümlədən xaricdən mütəxəssislərin cəlbinin gərəkliliyinə yönəldib: “Biz xaricdən ölkəmizdə bazar iqtisadiyyatının mexanizmələrini yarada bilən mütəxəssislər cəlb edə bilərik. Bəzi diletantlar söyləyir ki, əsas Prezidentin siyasi iradəsidir, əgər islahatlar başladılıbsa, bu, iqtisadiyyatın inkişafına mütləq öz müsbət təsirini göstərəcək. Bu, kökündən yalnış yanaşmadır. İslahatlar ölkəni defolt vəziyyətinə də sala bilər. Söhbət islahatlar barədə Prezidentin tapşırıqlarının necə icra olunmasından gedir. İstedadı, həm də bununla yanaşı, mədəniyyəti olan idmançılar, incəsənət xadimləri səhnədən getmələrinin zəruriliyini başa düşəndə, tamaşaçıların onları fitə basmasını gözləmədən bu addımı atırlar. Bu yanaşma siyasət adamları üçün də keçərlidir. Azərbaycanda siyasi hakimiyyətdə bu cür addımlar atmalı olan çoxlu insanlar var. Amma onlar Prezidentin alicənablığından sui-istifadə edib, hətta sağlamlıqları imkan verməsə, bəzilərinin səlahiyyət müddətləri başa çatsa belə, oturublar yerlərində. Hazırda iqtidarda intriqalardan, qrupbazlıqdan başqa daha heç nəyə yaramayan çoxlu strateji vəzifələri tutan adamlar var. Belələri siyasi hakimiyyətdə ömürlərini uzatmaq üçün Prezidentə və islahatlara ciddi dəstək verə biləcək adamları Prezidentdən incik salmağa çalışır, onun xarizmasını dağıtmaq, beynəlxalq nüfuzunu zədələmək və desturiktiv qüvvələrin güclənməsi üçün hər cür oyunbazlıqdan çıxırlar. Ona görə islahatların uğurla davam etdirilməsi birbaşa kadr islahatlarına bağlıdır. Travmatoloq-cərrahın görməli olduğu iş sınıqçıya tapşırılanda, xəstə, ən yaxşı halda, şikəst olacaq”.

Qüdət Həsənquliyev hesab edir ki, islahatların uğurlu aparılması üçün, bir növ, “sınıqçı” deyil, “cərrah” tipli – daha hazırlıqlı mütəxəssislərə ehtiyac var və keçid dövrü üçün belə mütəxəssislər xaricdən də cəlb edilə bilər: “Azərbaycanda belə mütəxəssislər varsa da, kifayət qədər deyil. Digər tərəfdən, onlar da ayrı-ayrı qruplara bağlı olduqlarından, hətta yüksək vəzifələrə təyin olunsalar belə, lazımı effekti verməyəcəkdir. Ona görə xaricdən savadlı, təcrübəli mütəxəssisləri keçid dövrü islahatlarını aparmaq üçün dəvət etmək olar. Onlar hazırladıqları “Yol xəritəsi”nin həm də icrası ilə məşğul olmalıdırlar”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR