“Hazırda saxta diplomlular daha çox özəl sektordadır”

3-07-2019, 20:09 317 dəfə baxılıb

“Hazırda saxta diplomlular daha çox özəl sektordadır”


Səhiyyə Nazirliyi 2018-ci ildə 19 saxta diplom aşkarlayıb. Bu barədə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorundan APA-nın sorğusuna cavab olaraq bildirilib. Nazirlik tərəfindən 2019-cu ilin ilk 3 ayı ərzində isə 4 saxta diplom aşkar edilib. Aşkarlanmış saxta diplomlarla bağlı Baş Prokurorluğa müraciət olunub.

Bəs saxta diplomlar necə əldə olunur? “Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, saxta diplom məsələsini 3 kateqoriyaya bölmək olar: “Birinci kateqoriya diplomları dövlət nümunəli olmayanlardır. Kimlərsə bu və ya digər yolla xaricdə təhsil alır ki, onların diplomları dövlət nümunəli olmur. İkincisi də təhsil aldıqları universitetin diplomları Azərbaycanda tanınmır. Üçüncü kateqoriya isə bir qədər fərqlidir. Belə ki, abituriyent Azərbaycan universitetinə qəbul olub, ancaq bu proses Dövlət İmtahan Mərkəzi yolu ilə baş tutmayıb. 2014-cü ildə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə müsahibəsində demişdi ki, 1992-2001-ci illərdə 22 min 332 nəfər azərbaycanlı gənc oxuyub diplom alıb, ancaq onların diplomları saxtadır. Bu proses eyni zamanda Təhsil Nazirliyi sistemində çalışan müəllimlər arasında da ortaya çıxmışdı. Xatırlayırıq ki, Müəllimlər İnstitutunun xüsusilə də Gəncə filialını bitirən 600-dən çox şəxsin diplomu, təhsil sistemində çalışsalar da dövlət nümunəli kimi qeydə alınmamışdı. Səhiyyə sistemində də təbii ki, bu problem qalır. Vaxtilə Azərbaycan Beynəlxalq Universiteti,

Təvəkkül Universiteti var idi. Orada diplom alanların böyük əksəriyyəti tibb ixtisasını bitirsələr də, sonradan bu sistemdə çalışdılar. Bu hal çox ciddi fəsad törətməkdə davam edəcək. Çünki işə qəbul prosesində vahid mərkəzin olmaması bu kimi problemləri ortaya çıxarır. Hesab edirəm ki, bu, daha da genişlənəcək. Çünki burada cəzasızlıq sindromu var. Bir məsələ də var ki, 2009-cu ildə qəbul edilmiş ”Təhsil haqqında" Qanuna qədər bəzi ali təhsil müəssisələrinin özlərinin tələbə qəbul etmək səlahiyyəti var idi. Ona görə də bir çox diplomlar rəsmi olsa belə, problem olaraq qaldı. Səhiyyə sistemində də bu cür faktlar daha çox özəl sektorda var. Məsələn, bu gün ölkədə stomatologiya sahəsində çalışan xeyli sayda insan var ki, heç onların diplomu da yoxdur. Bu adamlar vaxtilə ABU-nun stomatologiya ixtisasını bitiriblər və bu gün də universitet bağlansa da, onlar işləyirlər. Ona görə də monitorinq aparılmalıdır. Nə qədər ki, diplomların yoxlanılması prosesi açıq qayda da həyata keçirilmir, bu cür hallar baş verəcək. Çünki işə qəbul prosesi daxili qaydada həyata keçirilir".

Ekspertin sözlərinə görə, işə qəbul prosesi mərkəzləşmiş qaydada olduğu zaman mütləq şəkildə, diplomların yoxlanılması prosesi də həyata keçirilir: “Bu zaman isə diplomu olmayanlar işə qəbul edilmir. Hazırda saxta diplomlular daha çox səhiyyə və təhsil sistemində var. Doğrudan da məsələ kifayət qədər ciddidir. Hər iki məsələdə xüsusən də saxta diplomlular özəl sektorda daha çoxdur. Bir çoxları Türkiyədə adi sertifikat alıb, onu insanlara diplom kimi sırıyırlar. Düşünürəm ki, özəl sektorda məsələ ilə bağlı monitorinq aparmağa ciddi ehtiyac var. Adamlar var ki, Azərbaycanda hansısa tibb kollecini qurtarırlar. Daha sonra isə Türkiyədə kurs keçirlər. Deyim ki, Türkiyədə məşhur tibb mütəxəssisləri var ki, onlar orada kurslar təşkil edirlər. Bu kurslar 2-3 aylıq olur. Həmin kursları təşkil edən hansısa sahə üzrə olan həkimlərdir. Azərbaycandan da şəxslər var ki, Türkiyənin tibb sahəsində tanınan universitetlərində bir müddət 3-6 aylıq kurs keçirlər. Oradan da ölkəmizdə olmayan, bir qədər də bərli-bəzəkli sertifikatlar alırlar. Ancaq həmin sertifikat hansısa hüquqi qüvvəyə malik deyil. Təhsil alma formaları var.

Bu formaya görə, sonda hüquqi sənəd daşımayan kurslar fəaliyyət göstərir. Təkcə tibb sahəsi deyil, digər sahələr üzrə də bu cür kurslara qatılmaq olur. Azərbaycandan bəzi gənclər reklam üçün həmin kurslara gedib, foto çəkdirib, sonra da sosial şəbəkələrdə yayırlar. Nəticədə bundan istifadə edib, ölkədə tibbi xidmət göstərirlər. Bu, çox təhlükəli məqamdır. Türkiyədə ən ciddi təhsil sahələrindən biri tibb sahəsidir. Orada mütəxəssis olmaq heç də asan məsələ deyil. Uzmanlıq asanlıqla əldə ediləcək pillə deyil. Ona görə də xüsusi mərkəz yaranmalı, işə götürənlər işçilərin diplomlarını yoxlama imkanına malik olmalıdırlar. Apardığımız kiçik monitorinqlərdən məlum olub ki, bu gün diplomsuz səhiyyə işçilərinə özəl klinikalarda rast gəlmək mümkündür. Stomatologiya sahəsində çalışanlar var ki, Ukraynada, Türkiyədə və digər bu kimi ölkələrdə kurs keçirlər. Onların aldıqları sertifikatın heç bir hüquqi qüvvəsi yoxdur”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR