“Korrupsiya və inhisarçılıqla bağlı neqativlərin aradan qaldırılması…”

4-09-2019, 19:25 329 dəfə baxılıb

“Korrupsiya və inhisarçılıqla bağlı neqativlərin aradan qaldırılması…”



"Ölkədə həyata keçirilən sistemli iqtisadi islahatlar qeyri-neft sektorunun rəqabətqabiliyyətli və dayanıqlı inkişafına təkan verəcək. Bu da həm idxal etdiyimiz məhsulların xeyli hissəsinin Azərbaycanda istehsalını mümkün edər, eləcə də qeyri-neft sektiorunun ötənilki 1,7 milyard dollarlıq ixrac potensialını yaxın illərdə 2-3 dəfə artırmağa imkan verər".
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli "Moody` s Investors Service" reytinq agentliyinin Azərbaycanla bağlı hesabatını "vergiler.az"a şərh edərkən deyib.

Millət vəkili bildirib ki, həllinin sürətləndirilməsi vacib olan məsələ təkcə vergi qanunvericliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində görülən işlərin qeyri-neft sektorunun bundan sonrakı inkişafını da stimullaşdırılmasına yönəldilməsi deyil:

“Bu çox zəruridir, amma məsələyə kompleks yanaşılmalıdır. Məsələn, vergi islahatları ilə bağlı həyata keçirilən işlər korrupsiya, inhisarçılıq və ondan qaynaqlanan, ölkənin sosial-iqtisadi tərəqqisinin qarşısında buxova çevrilən neqativlərin aradan qaldırılmasına yönələn işlərin genişləndirilməsini tələb edir.

Bunun əsas yolu islahatları dərinləşdirməkdən, iqtisadiyyatın liberallaşdırılması və rəqəmsallaşdırılmasının gücləndirilməsindən, idarəetmə sistemində çevikliyin, şəffaflığın, hesabatlılığın və məsuliyyətin artrılmasından, “kölgə iqtisadiyyatı”nın dairəsinin məhdudlaşdırılmasından və s. bu kimi məsələlərin həllindən keçir".

Ə.Məsimli xüsusən qeyri-neft sektorunun inkişafına əlavə təkan vermək üçün bankların real sektorla əlaqəsinin gücləndirilməsi məsələsinin xüsusi önəm daşıdığını vurğulayıb. Bu məsələnin həlli, digər şərtlərlə yanaşı, bank faiz dərəcələrinin istehsalla məşğul olan sahibkarlar üçün əlçatan səviyyəyə qədər aşağı salınmasından, əlverişli biznes mühitinin yaradılmasından və s. zəruri şərtlərdən çox asılıdır.

Son illərdə kredit qoyuluşlarının artmağa başladığını deyən millət vəkili yenidən real sektorun inkişafına yox, istehlak kreditlərinə üstünlük verildiyini bildirib: "2015-2016-cı illərdə bunun yaratdığı fəsadlar hələ də tam aradan qaldırılmayb. Kredit faiz dərəcələrinin aşağı salınması və bank sisteminin real sektorla əlaqəsinin gücləndirilməsi istiqamətində ciddi islahatlar aparılmasına ehtiyac var. Sadalanan amillərin sistemli şəkildə həyat keçirilməsi qeyri-neft sektorunun rəqabətqabiliyyətli və dayanıqlı inkişafına təkan vermiş olar.

Bu da həm idxal etdiyimiz məhsulların xeyli hissəsinin Azərbaycanda istehsalını mümkün edər, həm də qeyri-neft sektorunun icrac potensialını yaxın illərdə 2-3 dəfə artırmağa imkan verər. Nəticədə həm yerli istehsal genişlənər, həm də Azərbaycana neftdən əlavə digər sahələrdən də xeyli valyuta daxil olması təmin edilər. Eyni zamanda, "manatın taleyinin neftdən asılılığı" kimi təhlükəli problemi aradan qaldırmış olarıq".

Bir çox MDB ölkələrində institusional mühitin keyfiyyəti, aparılan iqtisadi islahatlar və tərəqqi tempi ilə bağlı "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yeni hesabatında deyilir ki, son illər ərzində MDB ölkələri islahatların həyata keçirilməsində əhəmiyyətli dərəcədə irəliləyiş əldə ediblər və bu, müxtəlif səviyyələrdə olmasına baxmayaraq, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsini artırmağa kömək edib.

Hesabatda qeyd olunub ki, xarici və daxili çağırışlar, həmçinin 2014-2016-cı illərdə MDB ölkələrində baş verən siyasi hadisələr sürətli institusional islahatlara və dövlət idarəetməsinin səmərəliliyinə səbəb olan böhran hadisələrinin aradan qaldırılmasına yönəlmiş bir sıra hökumət təşəbbüslərinin katalizatoru olub.

Moody's" hesab edir ki, Özbəkistanda (B1, "sabit") və Ukraynada (Caa1, "sabit") islahatların praktiki tətbiq edilməsində çətinliklər, Qırğızıstanda (B2, "sabit") və Moldovada (B3, "sabit") daxili siyasi əngəllər, Qazaxıstanda (Baa3, "müsbət") və Azərbaycanda isə (Ba2, "stabil") stabil vəziyyət hökm sürür.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, Azərbaycan hökuməti 2014-2016-cı illərin iqtisadi və maliyyə böhranı fonunda ölkə iqtisadiyyatının neftdən asılılığını əsaslı şəkildə aradan qaldırmağı hədəfləyən ciddi bir islahat yolu seçib:

"Bu gün Azərbaycanda aparılan islahatlar idarəetmənin sadələşdirilməsinə və biznes mühitinin münbitləşdirilməsinə önəmli şərait yaradır. Bunu beynəlxalq maliyyə institutları və reytinq agentlikləri də öz hesabatlarında xüsusi qeyd edirlər. Bir qədər öncə Dünya Bankının hesabatında ölkəmizdə aparılan islahatlara yüksək qiymət verilmişdi. Azərbaycan bu gün həyata keçirilən islahatların səviyyəsinə görə MDB ölkələri arasında birincilər sırasındadır.

Bu günlərdə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yeni hesabatında da son illər ərzində iqtisadi islahatların aparılması sahəsində əhəmiyyətli irəliləyişlərin əldə edildiyi qeyd olunur".

F.Yusifov qeyd edib ki, inkişaf yolunda atılan addımlar içərisində ən önəmlisi, bəlkə də birincisi vergi islahatlarıdır: "Bu islahatların fəlsəfəsi biznesin vergi yükünü azaltmaqla onun “kölgədə” olan hissəsinin leqallaşdırılmasına nail olmaq və bununla da vergi ödəyicilərinin sayını əsaslı şəkildə artıraraq büdcəyə daha çox vəsaitin daxil olmasına şərait yaratmaqdır. Böhrandan ötən müddət ərzində vergi islahatlarının qarşısında qoyulan bu vəzifələr nəzərdə tutulan nəticələri verdi. Bunu vergi daxilolmalarında qeyri-neft sektorunun payının getdikcə artması aydın şəkildə sübut edir.

Vergi yükünün optimallaşdırılması bütün zamanlarda sürətli iqtisadi inkişaf yolu seçmiş ölkələrin qarşısında dayanan bir nömrəli problem olub. Məhz bu problemi düzgün çözə bilən ölkələr inkişafın yüksək sürətlə getməsinə nail ola biliblər. Ortada onlarla belə təcrübə var. Bu səbəbdən də Azərbaycanda biznesin vergi yükünün azaldılması və vergiyə cəlb etməklə bağlı proseslərin iş adamlarının xeyrinə əsaslı şəkildə dəyişdirilməsi öz bəhrəsini verməkdədir. Bu gün sahibkar-vergi əməkdaşı münasibətləri yeni bir müstəvidə qurulub. Bu münasibətlərdə vergi daxilolmalarının təmin edilməsi üçün inzibatçılıqdan daha çox qarşılıqlı əməkdaşlığa, qarşılıqlı anlaşmaya üstünlük verilir. Bu isə vergi ödəyiciləri üçün olduqca mühüm bir məsələdir".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR