Heç bir səbəb adam öldürməyə əsas ola bilməz - MÜSAHİBƏ

15-10-2019, 12:23 347 dəfə baxılıb

Heç bir səbəb adam öldürməyə əsas ola bilməz - MÜSAHİBƏ

Son dövrlər ailə-məişət münaqişələri zəminində törədilən cinayətlərin çoxalması ictimaiyyət tərəfindən ciddi narahatçılıqla qarşılanır. Həyat yoldaşı tərəfindən ağır bədən xəsarəti alan, xüsusi amansızlıqla qətlə yetirilən qadınların sayı artmaqdadır. Ekspertlərin təhlilinə görə, ailədaxili şiddətin əsas səbəblərindən biri qadınların hüquqi maarifsizliyidir. Haqlarından xəbərsiz, hara və necə müraciət edəcəyini bilməyən vətəndaşlar üçün şiddət adiləşir, həyat tərzinə çevrilir, bəzən də ölümlə nəticələnir. Əhəmiyyətini nəzərə alaraq, zorakılıq halları və hüquqi tərəfi ilə bağlı Səbuhi Axundovla həmsöhbət olduq. AFN-in suallarını cavablandıran hüquqşünas mövzu ilə bağlı ətraflı məlumat verdi.


- Cəmiyyətimizdə ailədaxili zorakılığa məruz qalan, sağlamlığını itirən, öldürülən qadınlar var. Çoxları elə düşünür ki, arvadın əri tərəfindən döyülməsi milli ailə üçün normal haldır. Əslində necə olmalıdır? Qadının şiddətə məruz qalması hüquqi müstəvidə necə dəyərləndirilir?

- Əvvəla, onu qeyd edim ki, nəinki qadına, heç bir ailə üzvünə qarşı zorakılıq tətbiq etməz olmaz. Bu qanunla qadağandır. Söhbət tək fiziki şiddətdən getmir. Bildiyiniz kimi, zorakılığın psixoloji, iqtisadi olmaqla bir neçə növü var. Bu baxımdan, zərərçəkən şəxsin məruz qaldığı zorakılıq növünə görə müraciət edəcəyi ünvan dəyişir. Qanun hər bir vətəndaşa şikayət etmək azadlığı verir. Qadın əri, yaxud da bir başqa ailə üzvü tərəfindən fiziki şiddət görür, döyülürsə, birinci növbədə “102” xidmətinə, yaxud da ərazi üzrə polis bölməsinə müraciət edə bilər. Polis əməkdaşları şikayətçi və qarşı tərəflə tanış olub, vəziyyəti diqqətlə araşdırmalı və nəticəyə görə doğru addım atmalıdır.

- Polisə müaciət edən qadın yenə əri ilə birgə yaşadığı evə qayıtmalı olur. Bu hal təhlükəli deyilmi?

-Belə fikirlər səslənir ki, qadın polisə şikayət etdiyi üçün əri daha çox qəzəblənəcək və zorakılığı artıracaq. Amma təcrübə göstərir ki, bu, heç də bütün hallarda baş vermir. Əlbəttə, şikayət olunduğu üçün arvadına daha çox təzyiq göstərən, zorakılıq edən kişilər var. Burda əsas məsuliyyət polisin üzərinə düşür. Əgər polis qadına qarşı ciddi təhlükə hiss edirsə, onu öz evinə deyil, sığınacağa göndərməlidir. Yaxud da kişini bölmədə saxlamağı, onunla profilaktik söhbətlər aparmağı məsləhətdir. Çünki yanlış qərar zərərçəkənin öldürülməsi ilə də nəticələnə bilər.

- Polis bəzən ciddi ailə münaqişəsi yaşayan ər-arvadı barışdırıb evə göndərir...

-Düşünürəm ki, polislər yaxşı niyyətlə bu addımı atır, ailənin dağılmamasına çalışırlar. Amma kişi təhlükəlidirsə, evə döndükləri zaman qadına daha ağır xəsarət yetirə, hətta öldürə də bilər. Odur ki, polis əməkdaşlarının bu kimi məsələlərdə çox diqqətli və həssas olmaları lazımdır.

- Bəs kişini mənzildən uzaqlaşdırmaq üçün order necə çıxarılır?

- Orderlər qısa və uzunmüddətli olur. Birinci 1, ikinci isə 6 ayı əhatə edir. Qısamüddətli orderi yerli icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiya da çıxara bilər. Lakin 6 aylıq uzaqlaşdırma üçün mütləq məhkəməyə müraciət etmək lazımdır. Order əsasında kişi mənzildən müvəqqəti uzaqlaşdırılır.

- Kişi qadını döydüyü üçün cinayət məsuliyyəti daşıyırmı?

- Bu məsələ Azərbaycan Respublikası Cinayət Məcəlləsində öz əksini tapıb. Əlbəttə ki, fiziki zorakılığa görə məsuliyyət nəzərdə tutulub. Cəza xəsarətin dərəcəsinə görə təyin edirlir. Məsələn, xəsarət az ağır olarsa, 2 il müddətdək azadlıqdan məhrum edilə, sağlamlıq qısa müddətə pozulubsa, 1000 manatdan 1500 manatadək cərimə kəsilə bilər. Qəsdən sağlamlığa ağır zərər vurduqda isə, 1500 manatdan 2500 manatadək cərimə və ya iki ilədək həbs cəzası nəzərdə tutulub.

- Bəs əgər qadına qarşı fiziki deyil, mənəvi zorakılıq halları varsa?

- Bu halda polisə deyil, yerli icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən xüsusi komissiyaya müraciət etmək lazımdır. Bu komissiyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları da fəaliyyət göstərir. Onlar müraciət əsasında ər və arvadla ayrılıqda görüşür, söhbət aparır, profilaktik tədbirlər həyata keçirirlər.

- Qadına qarşı zorakılıq ailədaxili məsələ sayılırmı?

- Xeyr, ictimai məsələdir. Amma ailə ilə bağlı mövzularda çox zaman mentalitet də nəzərə alınır. Məsələn, orderin çıxarılması üçün keçirilən məhkəmələr qapalı olur. Vətəndaşların özləri ailə sirrinin yayılmasını, kənar şəxslərin bilməsini istəmirlər.

- Son zamanlar artan ailədaxili cinayətlər barədə nə deyərdiniz?

- Baş kəsmək, 30 bıçaq zərbəsi ilə qətlə yetirmək kimi xüsusi amansızlıqla törədilən cinayələr var. O şəxslər əsl qatildirlər. Arvadını öldürməsə də, sabah bir başqasını, məsələn, qonşusunu da qətlə yetirə bilər. Cəmiyyətimizdə ailədaxili cinayətlərə bəzən müxtəlif adlarla bəraət qazandırmağa çalışırlar. Amma bu çox yanlışdır. Heç bir səbəb adam öldürməyə əsas ola bilməz.

Könül CƏFƏRLİ


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR