“Hindistanlıların Şəhidlər Xiyabanındakı təhqiredici hərəkətinə görə turizm şirkətləri məsuliyyət daşıyır...”

14-01-2020, 21:09 291 dəfə baxılıb

“Hindistanlıların Şəhidlər Xiyabanındakı təhqiredici hərəkətinə görə turizm şirkətləri məsuliyyət daşıyır...”


“Mənə belə gəlir ki, hansısa hindistanlı Azərbaycanda Şəhidlər Xiyabanının olduğunu bilmir və klip çəkdirmək istəyən adam müvafiq dövlət qurumlarından icazə almalıdır”

Bunu Moderator.az-açıqlamasında “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri, Qarabağ veteranı, cərrah Rada Abbas bir neçə gün öncə hindistanlıların Şəhidlər Xiyabanında rəqs edərək klip çəkdirməsi haqda danışarkən deyib. R.Abbas bununla bağlı xiyabanda veteranlarla birlikdə görüş keçirdiklərini bildirib:

“Hindistanlıların Şəhidlər Xiyabanında çəkdiyi klip təxmin edirəm ki, payızda çəkilib və bundan biz bir neçə gün öncə xəbər tutduq. Onların xiyabanda təhqiriedici şəkildə, gülərək, saymazcasına etdikləri hərəkətlərini bağışlamaq olmaz. Mənə belə gəlir ki, hansısa hindistanlı Azərbaycanda Şəhidlər Xiyabanının olduğunu bilmir və klip çəkdirmək istəyən adam müvafiq dövlət qurumlarından icazə almalıdır. Hindistanda 1918-ci ildə Bakı qırğınında iştirak etmiş erməni Stepan Şaumyanın məzar var. Onun məzarı ciddi şəkildə qorunur, çünki biz hindistanlı tələbələrdən məzarın şəkilini çəkərək bizə gətirməsini istəsək də, onlar bunun mümkünsüz olduğunu bildirdilər. Demək Hindistan qorumaq lazım olduğunu bilir. Bəs niyə bizim qorunan şəhidlərimizə hörmətləri yoxdur? Onda belə çıxır ki, bunları kimsə öyrədərək bizim ölkəyə göndərib və bunu da Şaumyanın məzarını qoruyanlar edib.

İkinci bir məsələ isə turizm şirkətlərinin yarıtmaz fəaliyyətidir. Onlar bura gətirdikləri turistlərə Azərbaycanda olan tarixi abidə və xiyabanlarla bağlı məlumat verməlidirlər. Turistlərin protokoluna Şəhidlər Xiyabanının da ziyarət edilməsi salınmalıdır. Bizim qane etməyən problemlərdən biri də Qarabağ şəhidlərinin xiyabanda ağacların arxasında gizlədilməsidir. Hindistanlıların o şəkildə klip hazırlaması bir dəfəyə başa gəlməyib, dəfələrlə bunu təkrar ediblər və buna da bir söz deyən olmayıb. Biz də bu hadisəni görəndən sonra Qarabağ veteranları qadınları olaraq Şəhidlər Xiyabanında məsələyə öz etirazımızı bildirdik və hadisəni ictimailəşdirdik. Azərbaycanda Dövlət Turizm Agentliyi var, turizm şirkətlərinə lisenziya verirlər və onlar da dövlətin tələblərini yerinə yetirməlidirlər. Kimisə Hindistandan gətirib Bakıda özbaşına buraxmaq olmaz. Hindistanlılar bütün dünyadan geyimlərinə görə fərqlənirlər, öz adət-ənənələrinə bağlıdırlar. Bəs onlar bizim adət-ənələrimizə niyə hörmət etmirlər? Heç kim bilmir ki, onlar Şəhidlər Xiyabanında o hoqqanı çıxarmaq üçün hansısa turizm şirkətinə pul verməyib. Bunu da araşdırmaq lazımdır. Buna şərait yaradan adamlar olub”.

Vasif Əlihüseyn


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR