“Kilsə və diaspor Ermənistanda vətəndaş müharibəsinə yol verməz…” - Maksim Musayev

14-09-2018, 19:51 739 dəfə baxılıb

“Kilsə və diaspor Ermənistanda vətəndaş müharibəsinə yol verməz…” - Maksim Musayev

“Hesab edirəm ki, bütün siyasi, iqtisadi problemlərə, klanlararası siyasi ziddiyyət və qarşıdurmalara baxmayaraq Ermənistanda vətəndaş müharibəsi ehtimalı gözlənilmir…”

Bu fikri işğalçı ölkədəki son durumla bağlı Moderator.az əməkdaşıyla söhbətində erməni dilində mükəmməl bilməklə yanaşı, Ermənistandakı müxtəlif tayfalar və onlar arasındakı münasibətlərə də yaxından bələd olan sabiq deputat Maksim Musayev söyləyib.



“Düzdü, Paşinyan Moskvaya son səfəri zamanı bir sıra gözləmədiyi pərtliklərlə qarşılaşdı. Hətta Rusiyadakı erməni diasporunun nümayəndələri, erməni sahibkarlar da onunla görüşdə öz ölkələrinin baş naziri kimi bu hökumət başçısına çox soyuq və laqeyd yanaşdılar, ona ziddiyyətli suallar verdilər. Bundan əlavə, daxildə Köçəryanla münasibətlərin sonunun nə ilə bitəcəyi də bilinmir, eləcə də Sarkisyanla… Qarabağ probleminin həlli məsələsində də fikirlər haçalanır… Yadınızdadırsa, yay aylarında Eçmiədzin kilsəsinə qarşı, hazırkı erməni katolikosu II Qareginə qarşı da “Yeni kilsə” adlanan müxalif dindarlar qrupu çıxış etdi… Lakin bütün bunlara rəğmən hesab edirəm ki, Ermənistanda vətəndaş müharibəsi ehtimalı çox azdır. Çünki öncə kilsə, sonra da xaricdəki diaspor ümummilli erməni maraqları, erməni ideologiyası xatirinə buna imkan verməz…”-deyə keçmiş parlament üzvü “Baş verən son olay və proseslər fonunda Ermənistanda vətəndaş müharibəsi gözlənilirmi” sualına cavabında bildirib.

Son “Şant-2018” hərbi təlimləri zamanı “Ermənistan parlamentinin Azərbaycana müharibə elan etməsi” məsələsinə gəlincə, Maksim Musayev bildirdi ki, bu, sadəcə, düşmənin özünü güc kimi göstərmək vasitəsidir.

“Bunu dərhal “Ermənilər qorxuya düşüb” kimi qələmə verib arxayınlaşmaq olmaz. Düşməni heç vaxt zəif sanmaq olmaz… Ermənistanın hansı iqtisadi, siyasi durumda yaşamasından asılı olmayaraq biz həm diplomatiya, həm də hərb sahəsində torpaqlarımızın azadlığı istiqamətində gərəkli və ölçülüb-biçilmiş addımlarımızı atmalı, işimizi dürüst görməliyik. Onu da deyim ki, bizim bəzi telekanal və saytlar Ermənistan KİV-in, telekanallarının dediklərini təhrif olunmuş formada verirlər. Amma düşmənə qarşı fəaliyyətimizi düzgün qurmaq üçün onun haqqında gerçək, obyektiv bilgilərə malik olmalıyıq…”-deyə sabiq deputat vurğulayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR