“Kitablar nəinki rayonlara, heç Bakıdakı dükanlara gedib çıxmır”

12-02-2019, 15:18 414 dəfə baxılıb

“Kitablar nəinki rayonlara, heç Bakıdakı dükanlara gedib çıxmır”


“Təəssüf ki, indi bir çox evlərdə, xüsusən kənd yerlərində uşaqların dərsliklərindən başqa bir dənə də kənar kitab yoxdur”.

Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı deyib:

“Vaxtilə, Sovet dövründə kolxozlarda əməkhaqqının çox cüzi bir hissəsini götürüb, ildə bir neçə dəfə yeni çıxan kitablardan ailələrə paylayırdılar.

Düzdür, əvvəllər bir az narazılıqla qarşılansa da sonra hamı vərdiş elədi və çox böyük həvəslə gözləyirdilər ki, evimizə yeni kitablar gələcək. Sonra o ənənə dağıldı və bu kitablar da ləğv olundu.

Üstəlik, əlifba islahatı keçirildi. Kiril əlifbası ilə olan kitablara artıq köhnəlmiş kimi baxdılar. Halbuki, indiki nəsil həm kirili, həm latını sərbəst oxuya bilir. 30-cu illərdən necə latın qrafikasında, ərəb qrafikasında olan kitabları yandırırdılar, itirirdilər, atırdılar. Sonra kirillə yazılan kitabları atmağa başladılar. O zaman bizim evdəki kitabxanalara ciddi ziyan dəydi. İndi də kitabların tirajının az olması və rayonlara gedib çatmaması, rayonlarda demək olar ki, kitab mağazalarının olmaması ucbatından evlərdə kitabxana yaratmaq işi müşgülə çevrilib. Bu səbəblərdən biridir.

Evində kitab olmasını istəyən, kitablarla maraqlananlar var. Amma kitablar 500-1000 nüsxə çıxır və o da Bakıdakı dükanlara gedib çatmır, qalsın ki, rayonlara. Məncə bunun çarəsi tapılmalıdır. Yəni kitabların həm tirajı artırılmalıdır, həm müəyyən kitabların məsələn, klassik ədəbiyyatın, bizim Müstəqillik dövrünün ədəbi əsərlərinin dövlət hesabına iritrajla çap olunması, rayonlara göndərilməsi işi bərpa olunmalıdır. Vaxtilə, Mətbuat və İnformasiya nazirliyində nəşriyyatlarla kitab satışı kitab ticarəti arasında əlaqə var idi. O sistem pozulub indi. Məncə, hansısa yolla o sistem bərpa olunmalıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR