“Bu islahatlar vəkillik institutuna da müsbət təsir göstərəcək”

16-04-2019, 13:25 355 dəfə baxılıb

“Bu islahatlar vəkillik institutuna da müsbət təsir göstərəcək”


Muxtar Mustafayev: “İslahatların aparılmasında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əzmkarlığı diqqət çəkir”

Azərbaycanda müxtəlif sahələrdə islahatların aparılması, ölkə rəhbərliyinin birbaşa siyasi iradəsinin sübutudur. Bu günlərdə Prezident İlham Əliyev tərəfindən məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanın imzalanması isə bu sahədə aparılan islahatların yeni mərhələsinin əsasını qoymuş oldu. Fərmanda məhkəmə-hüquq sistemində aparılacaq islahatların geniş siyahısı öz əksini tapıb. Aparılacaq islahatların məhkəmə-hüquq sisteminə müsbət təsiri ilə bağlı "Kaspi” qəzetinin suallarını Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, hüquqşünas Muxtar Mustafayev cavablandırıb.

- Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı fərman imzalaması hansı zərurətdən irəli gəlirdi?

- İlk olaraq onu qeyd edim ki, dövlət başçısı bu məsələlərdə məlumatlıdır, çünki kütləvi informasiya vasitələrində mütəmadi yazılar dərc edilirdi. O cümlədən vətəndaşların, vəkillərin, kommersiya qurumlarının məhkəmə sistemində mövcud ləngimələrlə bağlı narazılıqları, həmçinin qanunvericiliyin təkmilləşdirilməsinə yönəlik təklifləri var idi. Misal üçün, həmin fərmanda normativ aktların hazırlanması qeyd olunub. Sənəddə vurğulanır ki, vəkillərə dövlət hesabına ödənilən pul vəsaitləri bilavasitə Vəkillər Kollegiyasının özünə ödənilsin. Əvvəllər prosedur belə idi ki, pul vəsaitləri Maliyyə Nazirliyi vasitəsilə yerli icra hakimiyyətləri orqanlarına ödənilirdi, onlardan da Vəkillər Kollegiyasının yerli qurumlarına köçürülürdü. Bu da çox uzun vaxt aparırdı və vəkillər xeyli müddət dövlət hesabına pul vəsaitlərini əldə edə bilmirdi. Biz bununla bağlı təkliflərimizi hazırlayıb bəyan etmişdik və görürük ki, dövlət başçısı prosesləri izləyir. Bundan başqa, fərmanda qeyd edilir ki, məhkəmədə ekspertiza məsələsi ilə bağlı tərəflərin hüquqları bərabərləşdirilsin. Biz vəkillər dəfələrlə bildirmişik ki, tərəflərin bərabərliyi təmin edilməlidir. Tərəflərin bərabərliyi dedikdə, əgər prokurorluq cinayət işi üzrə ekspertiza təyin edirsə, biz də təyin etməliyik. Ancaq "Vəkillik haqqında” qanunda yazılmışdı ki, biz mütəxəssis rəyi ala bilərik. Məsələn, ərizəni məhkəməyə vermədən öncə imzanın hər hansı bir şəxsə aid olub-olmaması barədə ekspert rəyi ala bilmirdik, yaxud da hansısa bir texniki məsələlərlə bağlı. Yəni prosessual məsələlərdə işlənən ekspertizanın uzun müddətə aparılması ilə bağlı da biznes qurumlarının, bankların narazılıqları var idi. Misal üçün, məhkəmələrdə onların iddialarına baxılan zaman, aylarla, hətta elə olurdu, bir il ekspertiza qurumunu gözləməli olurduq. Konkret olaraq prosessual müddətlərinin müəyyən edilərək, sürətli baxılıb həll edilməsi də fərmanda əksini tapıb. Budan başqa, dövlət başçısı tələb qoyur və vəkillərə tövsiyə edir ki, qeyri-prosessual hərəkətlərə yol verməsinlər. Deməli, dövlət başçısında məlumat var ki, o, bunu tövsiyə edir. Yəni Vəkillər Kollegiyasının üzvlərinə bəyan edir ki, bununla bağlı ciddi tədbirlər görüləcək. Həmçinin məhkəmələrdə diferensasiya edilmiş rüsumların verilməsinin tətbiqi fərmanda qeyd edilir. Hesab edirəm ki, bu, çoxdan tətbiq edilməli idi. Çünki şəxs məhkəmədə digər şəxsə qarşı ərizə verir və on milyon vəsait istəyir. Bilirsiniz, məsuliyyət yox idi, birinci instansiya məhkəməsində 40 manat, apelyasiyada onun yarısı qədər, Ali Məhkəmədə də onun yarısı qədər pul ödəyirdi. Yəni şəxs təxminən 80 manat ödəməklə, milyonluq, milyardlıq iddia qaldırırdı. Bu da absurddur və hüquqlardan sui-istifadədir. Artıq şəxs iddia həcminə uyğun olaraq rüsum ödənilməsini qaldıracaq. Bu pul vəsaitlərinin hesabına da məhkəmənin hakimlərinin, texniki işçilərinin maaşlarını artırmaq olar. O cümlədən bununla bəzi ədalətsiz iddiaların qarşısı alınacaq. Düzdür, bu o demək deyil ki, pulu olmayan şəxs iddia qaldırmaq imkanından məhrum ediləcək. Bəzi ağzıgöyçəklər deyirlər ki, guya bu, şikayət vermək hüququnu məhdudlaşdırmaqdır. Amma əsla elə deyil və böyük ehtimalla, əvvəllər olduğu kimi, qanunvericilikdə möhlət verilməsi, azad edilməsi institutu olacaqdır. Məsələn, aztəminatlı ailələr rüsumdan azad ediləcək.

- Bu fərmandan irəli gələn məsələlərin həlli, məhkəmələrin fəaliyyətində hansı dəyişikliklərə gətirib çıxaracaq?

- Öncə məhkəmələrdə elektron sənəd dövriyyəsinin artırılmasına gətirib çıxaracaq. Artıq bununla bağlı bir xeyli işlər görülüb. Hətta Vəkillər Kollegiyasının üzvlərinə Ədliyyə Nazirliyi vasitəsilə kurslar da keçirilib. Bu gün artıq elektron kabinetlər var və qərarların elektron qaydada alınması həyata keçiriləcək. Bəzi iqtisadi işlərdə icraatlar var ki, artıq elektron qaydada iddia ərizəsi verilməsi mümkündür. Yəni hüquqi şəxsin elektron imzası var, daxil olur və iddia ərizəsini göndərir. Eyni zamanda sübutlara əlçatanlıq var ki, vəkil sorğu verərək məlumatları əldə edə bilir. Əvvəllər məhkəməyə iddia ərizəsi vermək üçün gedib bankda rüsum ödəyirdik. İndi artıq o yoxdur və ərizəni məhkəməyə verirsən, sonra elektron qaydada rüsumu ödəyirsən. Bütün bunlar hamısı məhkəmə icraatının sadələşdirilməsidir. Onu da qeyd edim ki, hazırda digər qurumlarla birgə mediasiya ilə bağlı treninqlər keçirilir. Bu qanunun qəbulu ilə bağlı Milli Məclisə təşəkkür edirik və təşəbbüskarı olan parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə minnətdarıq. Çünki bu, çox vacib qanundur. Bundan sonra məhkəmədən əvvəl tərəflər arasında mübahisənin həll edilməsi üçün mexanizm olacaq. Bir məqama da toxunum, bizdə məhkəmə iclaslarının protokolları ilə bağlı çox ciddi narazılıqlar var idi. Qanunvericiliyimizdə belə bir norma var idi ki, vəkillər məhkəmə iclaslarının protokolu ilə tanış ola bilərlər, yəni baxıb geri qaytarırdılar. Hətta bəzi hakimlər protokolun surətini bizə vermirdilər. Artıq dövlət başçısı bu fərmanı ilə problemi kökündən həll etdi. Belə ki, məhkəmələr audioyazı əsasında protokolları tərtib edəcək və bu, vəkillərə təqdim olunacaq. Məhkəmə iclasları ilə bağlı elementar şəkildə audioyazının tətbiqi çox böyük saxtakarlıqların qarşısını da alacaq.

- İxtisaslaşmış məhkəmələrin yaradılması ədalət mühakiməsinin təmin olunmasında hansı keyfiyyət dəyişikliyinə səbəb olacaq?

- İxtisaslaşmış məhkəmələrin yaradılması çox vacibdir. Belə məhkəmələr vergi, gömrük mübahisələri ilə bağlı olur. Mən o sahə üzrə ixtisaslaşmış vəkiləm. Bilirəm ki, o sahədə təcrübə azdır. Yəni vergi, gömrük, maliyyə qanunvericiliyini bilən peşəkar hakimlər yetişdirmək lazımdır. Misal üçün, iki müəssisə arasında iqtisadi mübahisəyə baxılır, bax, bunun özü aylarla çəkməməlidir. Bu məsələyə operativ baxılması, ədalətli qərarların qəbul edilməsi Azərbaycanda müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, maliyyə intizamına gətirib çıxaracaq. Şəxs biləcək ki, kiməsə qarşı absurd iddia qaldırsa, özü cəzalana bilər. Yəni qayda-qanun olmalıdır, özbaşınalığa yol verilə bilməz.

- Fərmanda hakimlərin sayının artırılması nəzərdə tutulur? Bu, hansı zərurətdən doğur və hansı faydaları olacaq?

- Onu qeyd edim ki, hazırda hakimlərin və məhkəmələrdəki texniki işçilərin maaşı aşağı səviyyədədir. Düşünürəm ki, hakimlərin təminatı artırılmalıdır. Fərmanda da göstərilir ki, əmək haqları əhəmiyyətli dərəcədə artırılacaq. Biz onun tərəfdarıyıq ki, hakimin maddi təminatı güclü olsun. Hakimlər ən güclü təmin olunmuş şəxslərdən biri olmalıdır. Eyni zamanda hakimlərin sayının 200 nəfər artırılması da fərmanda öz əksini tapıb. Biz vəkillər bilirik ki, hakimlərin nə qədər iş yükü var. Elə hakim var ki, icrasında yüzlərlə iş var və fiziki cəhətdən çatdıra bilmir. Ona görə də, hakimlərin sayının artırılması çox yaxşı haldır. Qənaətim budur ki, bu say, gələcəkdə yenidən artırılacaq.

- Fərmanda vəkillik institutu ilə bağlı qeyd edilən məsələlər bu sahəyə də təsir göstərəcəkmi?

- Dövlət başçısının imzaladığı bu fərmanda Vəkillər Kollegiyasına da müəyyən tövsiyələr edilir. Düzdür, biz konstitusion təsisatıq və digər ictimai təşkilatlar kimi deyilik. Buna baxmayaraq, əslində bu tövsiyələr biz vəkillərin fəaliyyətində geniş imkanlar yaradacaq. Bu baxımdan islahatların aparılmasında maraqlıyıq. Vəkillər Kollegiyası da ölkə rəhbərliyinin bu təşəbbüslərini tam dəstəkləyir. Onu da qeyd edim ki, bu islahatlar birbaşa vəkillik institutuna da müsbət təsir göstərəcək. Belə ki, ədalətli qərarların qəbul edilməsi, neqativ halların olmaması vəkillərin qazancını artıracaq. Bütün dünyada vəkillər ən təmin olunmuş şəxslər kateqoriyasına aiddirlər. Birincisi, vəkil məhkəməyə gedəndə ədalətli qərar qəbul ediləcək. İkincisi, özünün iddiasını daha səmərəli şəkildə qaldıra, sübutları daha effektli təqdim edə biləcək. Eyni zamanda qərarları əldə etmək üçün günlərlə gedib gözləməyəcək.

- Məhkəmə-hüquq sistemində aparılacaq islahatların müsbət təsirini praktiki olaraq nə vaxt hiss edəcəyik?

- Biz bu fərmandan irəli gələn məsələlərin müsbət təsirinin qısa zamanda şahidi olacağıq. Çünki məsələlərin həlli üçün müddətlər az qoyulub. Misal üçün, "Mediasiya haqqında” qanunla müqayisə etsək, həmin qanun mart ayının 29-da Milli Məclisdə qəbul edildi. Dövlət başçısı bu qanunun təsdiqi ilə bağlı aprelin 3-də fərman imzaladı. Bu da onu göstərir ki, bu islahatların həyata keçirilməsində dövlət maraqlıdır. Sevindirici haldır ki, islahatların aparılmasında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əzmkarlığı diqqət çəkir. Bu islahatlara qarşı çıxacaq hakimlər indidən istefa versinlər. Vəkil keyfiyyətsiz işləyəcəksə, vətəndaşı müdafiə edə bilməyəcəksə, onun özü vəkilliyinə xitam versin, gedib başqa işlə məşğul olsun. Bunun başqa yolu yoxdur. Onu da qeyd edim ki, bundan sonra peşəkar vəkillərə tələbat artacaq. Vəkillər Kollegiyası da bu islahatların aparılmasında ölkə rəhbərliyinin təşəbbüslərini tam dəstəkləyəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR