Bilgəhdə milyarderdən bir neçə milyon qoparıb aradan çıxmaq planı niyə alınmadı...

19-07-2019, 10:29 330 dəfə baxılıb

 Bilgəhdə milyarderdən bir neçə milyon qoparıb aradan çıxmaq planı niyə alınmadı...


İtaliya Azərbaycanın Avropadakı əsas ticarət-iqtisadi tərəfdaşı, Azərbaycan neftinin əsas alıcılarından biridir. Eləcə də Azərbaycanda İtalitanın bir sıra aparıcı şirkətləri uğurla fəaliyyət göstərir-Sumqayıtda SOCAR-ın sifarişi ilə müasir texnologiyalar əsasında kimya-sənaye kompleksi inşa edən “Maire Tecnimont Group” şirkətindən tutmuş Azərbaycanla hərbi-texniki sahədə sıx əməkdaşlığa başlayan nəhəng “Leonardo” korporasiyasına qədər. Lakin asan yolla yaxşıca qazanmaq niyyəti ilə Azərbaycana gəlib çıxmış bəzi italyanlar da vardı ki, onların “qeyri-adi” sərgüzəştləri bu müsbət imicə bir qədər kölgə sala bildi.

Xəbər verdiyimiz kimi iki gün əvvəl Ali Məhkəmə İtaliyanın “Paghera Green Service Societa Agricola S.R.L.” (qısaca “Paghera”) şirkətinin “Baku Caspian Real Estate Limited” şirkətinə (səhmləri milyarder Fərhad Əhmədova məxsusdur) qarşı iddiasına Azərbaycan məhkəmələrində baxılmasının qeyri-mümkünlüyü barədə qərar çıxardı. Bununla da milyarder Əhmədovun Bakının Bilgəh qəsəbəsindəki malikanəsinin ərazisində yaşıllaşdırma və landşaft işləri üçün sanballı sifariş alan, amma yarıtmaz yerinə yetirən italyanların sifarişçidən daha bir neçə milyon avro qoparmaq üçün başlatdığı kampaniya uğursuzluqla yekunlaşdı.

Bilgəhdəki fırıldaq sxeminin azərbaycanlı şərikləri kimlər idi...

Virtualaz.org xatırladır ki, italyanlar yarıtmaz görülmüş, yaxud yarımçıq işlərə görə 1.5 milyon avronu sifarişçiyə geri ödəmək əvəzinə milyarderə qarşı yerli məhkəmələrdə iddia qaldırmaq və KİV-lərdə hay-küy qaldırmaq taktikası ilə təzyiq göstərib ondan daha 3 milyon avro qoparmaq istədilər. Sonu fiasko ilə nəticələnən bu qalmaqalı başlatmağa italyalı biznesmenləri onların Bilgəhdə qurduqları fırıldaq sxeminin bəzi yerli iştirakçıları sövq etmişdi.

Lakin sifarişçinin də susmaq niyyəti yox idi və F.Əhmədovun qanuni nümayəndəsi italyanların Bilgəhdə nə işlə məşğul olduqları haqda əllərindəki bütün sənədləri, faktları mətbuata açıqladı. Beləliklə, italyanların Bakı məcaları xeyli müddət yerli KİV-lərdə əsas mövzulardan birinə çevrildi, məsələ hətta Rusiya və Qazaxıstan KİV-lərinə də gedib çıxdı.

Faktlar açıldı, qalmaqal böyüdü

Faktlar isə doğrudan da heyratamiz idi. Məsələn, məlum olurdu ki, malikanənin ərazisində 90.927 bitki və 1.6 hektar qazon əkilməliydi. Obyektə göstərilən miqdarda bitki gətirilib, amma qazon işlərinin cəmi 30 faizi görülüb. Üstəlik bitkilərin əkilməsindən bir müddət sonra onlardan 23 minə yaxını quruyub.

Yaxud ərazidə qurulmuş suvarma sistemi faktiki olaraq işlək deyildi, malikanənin qış bağında əkilməli olan bitkilərin bəziləri yox idi. Qış bağlarında fontanlar yarımçıq qoyulmuşdu, elektrik işlərinin cəmi 30 faizi görülmüşdü.

Podratçı ərazidə Beynəlxalq Tennis Federasiyasının standartlarına uyğun tennis kortunun qurulmasını üzərinə götürüb bu işlər üçün nəzərdə tutulan pulları alsa da işlər cəmi 50 faiz yerinə yetirilmişdi. Ərazidəki gəzinti yolları isə aşağı keyfiyyətli sement qarışığından istiafdə edildiyi üçün çox keçmədən sökülüb-dağılmağa başlamışdı. Hansı ki, podratçı şirkət təkcə gəzinti yolları üçün 600 min avrodan çox vəsait almışdı.

Patriotizmin pulları əkişdirməyə nə dəxli?

İşıqlandırma sistemində istifadə olunan elektrik kabelləri və şitləri üçün “Paghera” müqavilədə 607 min avro vəsait göstərib. Bu cür yüksək rəqəmi onunla əsaslandırıb ki, bütün kabellər və elektrik şitləri, digər elektrik avadanlıqları İtaliyadan idxal ediləcək.

Lakin sifarişçi nə görsə yaxşıdır? Bütün kabellər və şitlər yerli istehsal idi, şirkət onlara cəmi 57 min avro ödəmişdi və aradakı fərqi geri ödəmək niyyətində deyildi. Üstəlik KİV-lərdə belə hay-küy qaldırıldı ki, guya milyarder Əhmədov patriot deyil, Azərbaycan istehsalı olan malları bəyənmir və onları keyfiyyətsiz sayır. Amma xaricdə istehsal olunmuş materiallar əvəzinə yerli materiallar istifadə edib müqavilə şərtlərini pozduqları və aradakı 550 min avroluq fərqi niyə geri ödəmək istəmədikləri haqda inadla susurdular.

“Bu kabelin keyfiyyəti bizdə şübhə doğurmur, onun sertifikatı var və standartlara cavab verir. Burada söhbət qiymət fərqindən gedir: yəni yerli kabel üçün cəmi 57 min avro ödənilib, müqavilədə isə 607 min avrodan çox vəsait göstərilib. Bizim etirazımız kabelin keyfiyyəti ilə bağlı deyildi, iki məbləğ arasındakı fərqi geri ödəməyi tələb edirdik”,-sifarişçi tərəfin qanuni təmsilçisi Nail Şahverdiyev deyirdi.

On milyonlarla dollarlıq “qanunsuz tikili”?

Əhmədovun patriot olmadığı barədə hay-küyün nəticə vermədiyini görəndə isə italyanların maraqlarını müdafiə edən vəkil daha bir “sensasion dəlil” ortaya atdı: heç demə malikanənin inşa edildiyi hektarlarla ərazinin qanuni mülkiyyət sənədləri mövcud deyilmiş, yəni milyarder Bakıda faktiki olaraq “qanunsuz tikili” inşa etdiribmiş.

Dərhal sual yarana bilərdi: axı ərazinin mülkiyyət sənədlərinin İtaliya şirkətinin aldığı və yerinə yetirmədiyi sifarişə nə aidiyyatı var? Digər tərəfdən, torpaq sahəsi üzərində mülkiyyət hüququna malik olmadan hansı ağlı başında milyarder orada nəhəng malikanə inşa etdirməyə on milyonlarla (bəlkə də daha artıq) vəsait sərf edərdi?

Beləliklə, bu “dəlil” də boşa çıxdı və məhkəmələri belə arqumentlərlə italyanların xeyrinə qərar çıxarmağa sövq etmək səyləri baş tutmadı.

“Rusca bilməyən” Massimo, onun ortağı və tərcüməçisi Xudaverdiyev

Nəhayət məsələnin ən tragikomik tərəfi: “Paghera” şirkətinin icraçı direktoru Massimo Alberti sifarişçi tərəflə görülən işlərin nəticələrinə dair birgə Yekun Aktı imzalamışdı. Aktda podratçının müqavilə öhdəliklərini yerinə yetirmədiyi faktlarla təsbit edilirdi. Amma sonra nə baş verdi? Həmin Alberto bəyan etdi ki, sənədi “məzmunundan xəbərsiz”, təzyiq altında imzalayıb. Çünki rus dilini bilmirdi və orada nələrin yazılmasından xəbəri olmamışdı.

Axı necə ola bilərdi ki, öz sahəsində Avropanın ən qabaqcıllarından biri olduqlarını iddia edənlər məzmununu bilmədikləri sənədi imzalasınlar? Xüsusən də söhbət 12 milyon avroluq sifarişin taleyindən gedirdisə?

Sifarişçi tərəf məcbur olub bu iddia üzrə də öz dəlillərini ortaya qoydu. Məlum oldu ki, əslində Massimo Alberti ilə sifarşçi tərəf arasında elektron poçt üzərindən yazışmalar rus dilində aparılıb, üstəlik “Paghera” şirkətinin Azərbaycandakı törəməsi “Paghera Azərbaycan” MMC şirkətinin icraçı direktoru Sahib Xudaverdiyev adlı şəxs bütün tərəfdaşlıq prosesi ərzində tərəflər arasında italyancadan ruscaya və azərbaycancaya tərcüməçilik edib.

F.Əhmədovun qanuni nümayəndəsinin dediklərindən: “Yekun Aktın imzalanmasına qədər tərəflərin iştirakı ilə birgə təftiş aparıldı, o cümlədən videoçəkilişlər oldu. Hansı ki, Massimo Albertinin, mütəxəssislər Massimo Bençinin və Roberto Caniellonun qismində şirkət rəhbərliyi, o cümlədən tərcüməçi-şahid Sahib Xudaverdiyev bunu təsdiq ediblər. S.Xudaverdiyev bütün təftiş prosesi ərzində yekun Aktın tərtib edilməsi ilə bağlı tərcüməçilik edib, özü də ingilis dilinə yox, italyan dilinə”.

N.Şahverdiyev deyirdi ki, sifarişçi tərəf podratçının müqavilə şərtlərindən yayınması barədə hər dəfə ona yazılı reklamasiya-pretenziya təqdim edirdi. Cavablar isə həmişə rus dilində, cənab Massimo Albertinin imzası ilə verilirdi. Nəticədə “rus dilini bilmədən Aktı imzalamaq” bəhanəsi də qeyri-ciddi olduğu üçün işə yaramadı.

Sahib Xudaverdiyev italyanları “yoldan çıxaran” əsas fiqurdur?

Yeri gəlmişkən, həmin Sahib Xudaverdiyev barədə. Sifarişçi tərəf həmin şəxsin “Paghera” şirkətinin Azərbaycanda və İtaliyada vergidən yayınması üçün sxemin qurulmasında əsas rol oynadığını güman edir. Üstəlik münasibətlər pozulanda Xudaverdiyev italyanları inandırmağa çalışmışdı ki, guya sifarişçi tərəfin nümayəndələri ona iri məbləğdə pul (əvvəlcə 50, daha sonra 100 min avro) təklif edir. Şirnikləndirməyə çalışır ki, məhkəmədə “Paghera”ya qarşı şahidlik etsin.

“Bu absurddur! “Baku Caspian Real Estate Limited” MMC şirkəti bu işdə zərərçəkən tərəfdir. Necə ola bilər ki, Fərhad Əhmədovun adamları həmin adama 50 min dollar təklif etsin? Hansı ki, özü məhz həmin adamın da günahı üzündən bir neçə milyon dollar ziyana düşüb, mahiyyətcə Sahib Xudaverdiyev bizə ziyan vurmuş qrupun üzvüdür. Və ona guya pul təklif edildiyi barədə deyilənlərin sadəcə olaraq məntiqi əsası yoxdur. Üstəlik sual yaranır ki, əgər “Baku Caspian Real Estate Limited” MMC hələ məhkəməyə müraciət etməyibsə Xudaverdiyevin hansı məhkəmə ifadəsindən söhbət gedə bilər? Sahib Xudaverdiyev şahid deyil, bəhs edilən əməllərin iştirakçısıdır”,-Nail Şahverdiyev həmin iddialar barədə bunları demişdi.

Ortaya “Asnaf” MMC çıxdı: “Onlar bizi də aldadıb!”

Nəhayət tərəflər arasında işgüzar münasibətlər pozulandan sonra ortaya çıxmışdı ki, “Paghera” şirkəti hansısa “Asnaf” MMC adlı yerli şirkəti də öz dolaşıq sxeminə cəlb edib. Həmin şirkətin adına yüz TIR-dan çox ağac, bəzək kollarını Azərbaycana idxal edib, mallar gömrük prosedurlarından keçib, amma “Paghera” şirkəti həmin əməliyyatdan “Asnaf” MMC-yə yaranmış iri məbləğdə borcunu ödəməyib. Həmin şirkətin məhkəməyə müraciət etdiyi haqda məlumatlar var. Eləcə də qaranlıq qalmışdı ki, nəyə görə “Paghera” Azərbaycanda eyni adlı törəmə şirkət qursa da malları başqa şirkətin adına idxal edib.

Beləliklə, bütün bu əhvalatda arqumentlər tamamilə sifarişçinin xeyrinə olduğu halda italyanlar mübahisəni yerli məhkəməyə daşımağı qərara almışdılar. Hansı ki, müqavilə şərtlərinə görə bütün mübahisələrə London məhkəməsində baxıla bilərdi.

Amma görünür bu cür zəif mövqedə olan işbazların London məhkəməsində azərbaycanlı milyarderlə çəkişməyə girməsi perspektivləri bəribaşdan dumanlı olduğu üçün “dumanlı Albion”da onlardan səs-soraq çıxmadı. Axı ora Londondur, milyarder Əhmədovdan 3-5 milyon avro qoparmaq üçün iddia qaldırırsansa gərək bahalı vəkillər tutasan və onlara ətək-ətək pullar xərcləyəsən. Arqumentlər tamamilə sifarişçinin xeyrinə olduğu halda bu riskin altına girmək italyanların Bakıdakı qeyri-adi sərgüzəştlərinin daha acınacaqlı sonluğu olardı.

Xüsusən də milyarderin keçmiş arvadı Tatyana Əhmədovanın London məhkəməsinin köməyi ilə onun sərvətinin yarısını ələ keçirmək cəhdlərinin hansı nəticələrə gətirib çıxardığı məlumdursa. Doğrudur, Tatyana Əhmədova milyarderin 500 milyon dollardan çox dəyəri olan “Luna” adlı yaxtasına Dubayda həbs qoyulmasına nail olmuşdu. Amma bir ilə yaxın məhkəmə çəkişməsindən, iddiaçının vəkillərə milyonlarla funt xərcləməsindən sonra iş Əhmədovun xeyrinə yekunlaşdı-o yaxtasını həbsdən qurtara bildi…
Virtualaz.org


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR