Sənədləşdirilməsi mümkün olmayan evlərin aqibəti necə olacaq? - Açıqlama

3-08-2019, 10:56 296 dəfə baxılıb

Sənədləşdirilməsi mümkün olmayan evlərin aqibəti necə olacaq? - Açıqlama

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sənədsiz evlərin uçota alınması ilə bağlı fəaliyyətə başlayıb.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan daşınmaz əmlak eksperti Nüsrət İbrahimov sözlərinə görə bu prosesin həyata keçirilməsi xeyli vaxt aparacaq:

“Onlar hazırda bütün ölkə üzrə daşınmaz əmlakın elektron bazasını yaratmaqla məşğuldurlar. Bu proses başa çatdıqdan sonra yəqin ki, ölkədəki daşınmaz əmlakın sayı və yerləşdiyi regionlarla bağlı tam məlumat alacağıq. Koordinatları nələrdir, o ərazilərdən hansı infrastrukturlar keçir? - bütün bu məlumatlar olduqdan sonra yəqin ki, onu ümumi saf-çürük etmək, yəni iqtisadi təhlilini də aparmaq lazım gələcək. Çünki onlar hələ ki, fiziki təhlilini aparırlar.

Bunun iqtisadi təhlilini ona görə aparmaq lazım gələcək ki, sənədsiz evlərin hansını sənədləşdirmək olar, hansını olmaz, sənədləşdirilə bilməyən evlərin problemini necə həll etmək olar - bütün bunların maliyyə tərəfi hesablana bilsin. Sonra bu barədə qərar qəbul olunmalıdır ki, bu məsələlərin həlli kimlərə tapşırılsın və problemlərin həlli hansı müddətdə həyata keçirilsin. Bu bir az geniş məsələdir. Həm xeyli vaxt, həm də maliyyə aparan prosesdir. Ona görə də təbii ki, bunun yaxın 1, 2, 3 ilə həlli də çətin məsələdir. Amma təbii ki, bu istiqamətdə işlər aparılır".

Ekspertin sözlərinə görə hazırkı durumda plana düşəcək evlərin aqibəti məlum deyil:

“Yəqin əvvəlcə hesablanacaq ki, evlərin köçürülməsi daha ucuz başa gəlir, yoxsa sənədləşdirilməsi? Sənədləşdirilmə ucuz başa gələrsə, infrastrukturu başqa yerə köçürəcəklər. Əks halda bu insanlara ayrı bir torpaq sahəsi ayrılar və tikinti xərcini də kompensasiya etməklə köçürülməni təmin edərlər”.

O, evlərin "uçot"a alınmasının həm dövlət, həm də vətəndaşlar üçün faydalı olacağını bildirib:

“Sənədləşdirmə nəticəsində ilk olaraq vətəndaşların hüququ tanınır. Bu zaman onlar əmlakını sərvət kimi istifadə edə biləcək. Yəni girov qoyub kredit götürə, bizneslərini inkişaf etdirə bilərlər. Onların vərəsəlik, seçki hüququ tanınacaq və.s. Dövlət də əmlak vergisi ala biləcək".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR