3 saylı Şəhər Klinik Xəstəxanasında ÖZBAŞINALIQ

27-09-2019, 17:46 314 dəfə baxılıb

3 saylı Şəhər Klinik Xəstəxanasında ÖZBAŞINALIQ


“Xəstəxananın mühafizəçiləri gəldi, mən özümü atan anda onlardan biri sağ qolumdan yapışıdı, digərlərinin də köməkliyi ilə məni yuxarı dartdılar, bununla da həyatımı xilas etdilər. 4-cü mərtəbə idi, özümü atsaydım, sağ qalmayacaqdım. Və bu dərəcəyə məni tibb bacısı ilə şöbə müdiri çatdırmışdı”.

18 yaşlı Aqşin Hüseynovdanışır ki, sentyabrın 16-da “Koroğlu” metrostansiyasında səhhəti pisləşdiyinə görə çağırılan təcili yardım onu Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına götürüb. Xəstəxananın 4-cü mərtəbəsində yerləşən nevroloji şöbəyə yerləşdirilib. Sentyabrın 19-dan 20-nə keçən gecə növbədə olan Xuraman adlı tibb bacısı ilə onun arasında mübahisə yaranıb. Tibb bacısı onu xəstəxanadan qovduracağı ilə hədələyib.

Növbəti gün səhər saatlarında həmin tibb bacısı Aqşin Hüseynovun yerləşdirildiyi palataya gələrək bildirib ki, şöbə müdiri onu öz iş otağında gözləyir. Deməsinə görə, elə hər şey də şöbə müdirinin otağına gedəndən sonra başlayıb:

“Palatada çay içirdim, tibb bacısı gəlib dedi, şöbə müdirinin sənə sözü var. Mən də durub getdim. Şöbə müdirinin otağına daxil olan kimi tibb bacısı qapını bağladı, şöbə müdiri mənə yaxınlaşdı, məni sığallaya-sığallaya qəfil sillə ilişdirdi, nəyə görə tibb bacısının xətrinə dəymişəm deyə soruşdu və o, mənimlə danışanda söyüşlər işlədirdi. Şöbə müdiri mənə sillə vuran kimi tibb bacısı da üstümə cumdu, qollarımı cırmaqladı, dedi, əlimizdəsən, stolu təpənə keçirdərik, otaqdan meyitin çıxar. Onlar yaxşı bilirdilər ki, isterik nevroz xəstəsiyəm, qəsdən belə davranırdılar ki, müqavimət göstərim, məni şərləsinlər. Bacardığım qədər dözdüm, ancaq görəndə ki, hərəkətləri əndazəni aşır, otaqdakı stolu aşırıb dəhlizə qaçdım. Onlar tamamilə məni özümdən çxıarmışdılar, pəncərəyə dırmaşdım, dedim, özümü aşağı atacağam. Təxminən 15 dəqiqə pəncərədə qaldım, başqa xəstələr hadisəni öz telefonları ilə çəkirdilər. Xəstəxananın mühafizəçiləri gəldi, mən özümü atan anda onlardan biri sağ qolumdan yapışıdı, digərlərinin də köməkliyi ilə məni yuxarı dartdılar, bununla da həyatımı xilas etdilər. 4-cü mərtəbə idi, özümü atsaydım, sağ qalmayacaqdım. Və bu dərəcəyə məni tibb bacısı ilə şöbə müdiri çatdırmışdı”.

Aqşin Hüseynovun sözlərinə görə, xəstəxananın baş həkimi də həmin vaxt hadisə yerinə gəlib:

“Mühafizə polisinə dedi, bu, dəlidir, basın bunu Maştağadakı dəlixanaya... Məni Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə apardılar. Orada izahatım alındı, valideynlərim gəldi, oradan çıxıb Sabunçu Rayon Prokurorluğuna getdik. Mən prokurorluqda başıma gələnləri şikayət şəklində yazdım və izahat verdim.

Ekspertizadan keçmək üçün mənə göndəriş verildi, məlum oldu ki, ekspertizadan keçmək üçün yenə də 3 saylı Şəhər Klinik Xəstəxanasına getməliyəm. Sabahı gün ekspertizadan keçmək üçün anamla və bibim qızıyla birlikdə xəstəxanaya getdim. Valideynimlə qəbul otağına girdim və bildirdim ki, xəstə xəstəxanaya şəfa tapmaq üçün gəlir, ancaq burda xəstəni özünü öldürmək həddinə çatdırırsız. Təcili yardım məni bura müalicə üçün gətirmişdisə, niyə müalicə olunmadım, hanı mənim dərman reseptim? Həmin vaxt yanımda olan bibim qızı vatsapda əmimlə görüntülü danışırdı, polislər elə bildilər ki, çəkiliş aparır, cumub telefonu əlindən aldılar. “Sən yenə gəldin” deyib qollarımı burdular. Mən əllərindən çıxıb qaçdım, doğum şöbəsinin qarşısında huşumu itirdim. Maşına qoyub12-ci polis bölməsinə apardılar. Bölmənin qarşısında, müşahidə kamerasının altında həmin mühafizə polisləri və bir nəfər mülki geyimli mühafizə işçisi məni döydülər, küçə söyüşləri ilə təhqir etdilər. Valideynlərim də məni onların əlindən ala bilmirdi. Bölməyə girən kimi DİN 102 xidmətinə zəng vurub məlumat verdim”.

Deyir, polis bölməsinin rəisinin otağına gedib, rəis bildirib ki, həmin mühafizəçilər bölmənin işçiləri deyil. Mühafizəçilərsə yaxınlaşaraq anasından üzr istəyiblər:

“Anama dedilər, elə bildik qız çəkiliş aparır, ona görə əsəbiləşdik, üzürlü sayın. Anam dedi, bu, necə xəstəxanadır, müalicə olunmağa gələn xəstəni basıb döyürlər, yerdə sürüyürlər, sonra da üzr istəyirlər”.

Aqşin Hüseynov hələlik Sabunçu Rayon Prokurorluğuna və 12-ci polis bölməsinə şikayət edib. Ancaq deyir, şikayətlərinə baxılmasa, onu döyən həkim və mühafizə polisləri cəzalandırılmasa, Baş prokurora, daxili işlər nazirinə, prezidentə müraciət edəcək:

“Mən ora xəstə kimi götürülmüşdüm. Mən əsəbi ola bilərəm, ancaq ruhi xəstə deyiləm, özümü, hərəkətlərimi idarə edə bilirəm. Hətta əsəbləri yerində olan istənilən adamı da özündən çıxarıb affekt vəziyyətə salmaq mümkündür. Bunu həmin xəstəxananın həkimləri yaxşı bacarır. Bilirlər ki, bu xəstə nevrozdur, qəsdən xəstəni qıcıqlandırırlar. Həmin tibb bacısı gedib-gəlib deyirdi, istəsəm səni beş dəqiqənin içində xəstəxanadan çölə atdıraram. Axı sən kimsən ki, xəstəylə belə davranasan, xəstəni dövlətin xəstəxanasından çölə atdırasan, xəstəxana sənin şəxsi mülkiyyətindir? Xəstə həkimdən şəfa diləməyə gəlir, bunlar xəstəni təpiklərinin altına salıb çırpırlar. Məni elə vəziyyətə salıblar ki, vəziyyətimi daha da ağırlaşdırıblar, əsəblərimizi pozublar, nitqim də pozulub. Bu da həkimlərimiz...”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR