“İfritələşmək müasirləşmək deyil” - “Halloven” bayramının Bakıda qeyd edilməsinə ETİRAZ

29-10-2019, 10:52 206 dəfə baxılıb

“İfritələşmək müasirləşmək deyil” - “Halloven” bayramının Bakıda qeyd edilməsinə ETİRAZ

Bir neçə gündür ki, şəhərin müxtəlif yerlərində əcaib görünüşlü maskalardan istifadə edən gənclərə, uşaqlara rast gəlmək mümkündür. Qorxu effekti yaratmaq istəyən bu kütlə Qərb ölkələrinin xüsusi qeyd etdiyi, “Cadugərlər bayramı” kimi tanınan “Halloven”ə hazırlaşırlar.
Halloven hər il oktyabrın 31-də qeyd edilir. Bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında hazırlanıb. “Halloven” bayramını digər bayramlardan fərqləndirən əsas əlamət, həmin gün insanların bir-birindən maraqlı, qeyri-adi qiyafələr geyinməklə bir yerə toplaşmasıdır. Bəziləri düşünür ki, həmin gün "o dünya" və bu dünya arasındakı darvazalar açılır. İnsanlar ölmüş yaxınları ilə birlikdə dünyaya gəlmək istəyən ziyanverici ruhları qorxutmaq üçün iyrənc makiyajlar edir, qorxuducu qiyafələr geyinirlər.
Dünya ölkələri tərəfindən xüsusilə qeyd edilən bu bayram Azərbaycanda da gənc nəslin maraq dairəsindədir. Hətta bəzi məktəblərdə şagirdlər üçün bayramla əlaqədar kiçik tədbirlər təşkil edilir, maskarad da olur.

Əsasən xristian dünyasının təmtaraqlı şəkildə qeyd etdiyi Halloven bayramının ölkəmizdə də qeyd edilməsi nə dərəcədə düzgündür? Bu bayramın gənc nəsil üçün hansı təsiri var?

Məşədi Dadaş məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli Modern.az-a bildirib ki, “Halloven” xürafat xarakterli düşüncələrdən qaynaqlanır. Onun sözlərinə görə, bayram sevinc bəxş etməlidir, qorxu yaratmamalıdır:

“İnsanlara faydalı olan ayinlərin, bayramların qeyd olunması məqsədəuyğundur. Yəni istənilən dəyəri mənimsədiyimiz zaman düşünməliyik ki, bu bizə nə qazandıracaq? Cəmiyyət bunu bütövlükdə düşünə bilməsə də, hər halda aparıcı qüvvə olan ziyalılar bir meyar əsasında mövqe bildirməlidirlər. “Halloven” kimi bayramlar uşaqlar üçün xeyirli deyil, əksinə ziyanlıdır. Elə bayramın atributlarına baxdıqda başa düşmək olur ki, bunu xüsusi qeyd etməyin insanlara heç bir müsbət təsiri yoxdur. Dünyaya inteqrasiya olunduğumuz halda belə biz öz kimliyimizi qorumalıyıq. Yəni hər rəngə boyanmaq, istənilən təsirə məruz qalmaq bir millət üçün natamamlıq kompleksi yarada bilir. Ona görə də düşünürəm ki, bu kimi məsələlərə milli kimliyimiz nöqteyi-nəzərindən yanaşmalıyıq. Milli kimlik deyəndə biz heç də bizə xas olmayan yeniliyi qəbul etməməkdən danışmırıq. Təbii ki, biz bütün dünyaya açığıq, yenilikləri qəbul edirik. Lakin bu prosesdə diqqətli olmalıyıq ki, nə gəldi təkrarlamayaq ki, toplumda natamamlıq yaranmasın”.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, Təhsil Nazirliyi müdaxilə etməli, bu bayramın keçirilməsinə razı olmamalıdır.

“Son illərdə uşaqların təkcə onların oyun yerləri zəbt olunmayıb, eyniylə onların oynaması, oxuması üçün oyunlar, kitablar da zəbt olundu. Ümumiyyətlə, uşaq ədəbiyyatı çox həssas məqamdır. Və buna görə uşaq kitablarına hansısa məlumatı, hekayəni, nağılı daxil edəndə onun doğuracağı fəsadları öncədən görmək lazımdır. Məsələn, ibtidai siniflərə “Tık-tık xanım”ın nağılını salıblar. Burda uşağın kiminsə xoşuna gəlmək, özünə bəzək – düzək verməsi, tək – təhna gəzib özünə dost axtarması, tüstünün içərisində göbək rəqsi eləməsini və sair şagirdlərin yaş xüsusiyyətinə və milli dəyərlərə zidd fəaliyyətini təbliğ etməyi heç cür anlamaq, qəbul etmək olmaz. Düzdür, dünya günü-gündən inkişaf edir, dəyərlər dəyişir. Biz dünyaya inteqrasiya edirik. Lakin bu o demək deyil ki, mentalitetə zidd olan bayramlar, adətlər bizə ayaq açmalıdır. Bunların da bir çərçivəsi olmalıdır. Uşaqlar oyunlarla bu və ya digər bilik və bacarıqlara yiyələnirlər. Lakin son illərdə ölkəmizdə sürətlə populyarlaşan “Halloven” bayramını heç cür anlamaq olmur. Düzdür, balqabaq bizim eradan əvvəldən mətbəximizdə olub. Amma mətbəximizdə olan bütün tərəvəzlərə bayram keçirmirik və ya hansısa mənfi və müsbət personajlarla obrazlar yaratmırıq. “Halloven” bayramı zamanı valideynlər övladlarını küpəgirən qarı, iblis kimi hansısa mənfi obraza salır, hansısa qanlı cani, qorxulu personajın obrazında geyindirirlər ki, bu da onların yaş psixologiyasına uyğun deyil. Vacib bir məqamı qeyd edim ki, orta təhsil müəssisələrinin fəaliyyət planı və hər bir təhsil müəssisəsinin keçirdiyi tədbirlər planı var. Ondan kənar hansısa tədbirin keçirilməsinə icazə verilməməlidir. “Təhsil haqqında” Qanuna əsasən, təhsil müəssisələri yerli dəyərlərə zidd olan şəxsiyyət yetişdirməməlidir. Əsas məqsəd milli dəyərləri qiymətləndirən təhsilin qurulmasıdır. Məktəblər də bu dəyərləri formalaşdırmalıdır. “Halloven” bizim milli dəyərlərimiz deyil. Onun əvəzində məktəblər mərasim bayramları keçirsinlər. Bizim əkinçilik, nar bayramı kimi bayramlarımız var. Məktəblərin inzibati ərazisi Təhsil Nazirliyinə tabedir. Nazirlik öz ərazisi daxilində “Halloven” kimi bayramların keçirilməsinə imkan verməməlidir”.

Ekspert bildirir ki, tədbirlər, təbliğat elə qurulmalıdır ki, məktəblilər cadugərlər bayramına meyllənməsin.
“Şagird məktəbin subyektidir. Sinifdənxaric və məktəbdənkənar fəaliyyət də məktəbin nəzarəti daxilindədir. Məktəblərin rəhbərliyi və əməkdaşları buna xüsusi diqqət etməlidilər. Yoxsa ki, görürsən, bir direktor cadugər geyimli uşaqların fonunda özçəkim edir ki, mən belə tədbir keçirdim. Ayıbdır, sadəcə. Təhsilin müasir standartlara cavab verməsi dəyərlərin itirilməsi demək deyil. İfritələşmək müasirləşmək demək deyil. Bu, eradan əvvəlki cadugərliyin bir növü və onun təbliğidir. Onun yerinə bir obraz yaradın. ”Meyvələrin söhbəti", oxu materialları var bizdə. Təhsil Nazirliyi bu məsələdə bütün gücünü səfərbər etməli və ictimai fəaliyyətini gücləndirməlidir. Biz işləməsək, hansısa qüvvələr işləyəcək. Bizim gələcəyimiz olan uşaqların beynini zəhərləyəcəklər. Buna imkan vermək olmaz”, - deyə K.Əsədov bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR