Vaşinqton Azərbaycanı Mərkəzi Asiya və region üçün açar ölkə hesab edir -

30-10-2019, 16:56 252 dəfə baxılıb

Vaşinqton Azərbaycanı Mərkəzi Asiya və region üçün açar ölkə hesab edir -


NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirlərinin Brüsseldə toplantısı keçirilib. Toplantı çərçivəsində ABŞ tərəfinin təşəbbüsü ilə ABŞ müdafiə naziri Mark Esper ilə Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında görüş baş tutub.

İki müdafiə nazirinin bu görüşünün ardından bir sıra müzakirələr açılıb. Azərbaycanın ABŞ üçün regionda çox əhəmiyyətli ölkə olduğu önə çəkilib və görüş təşəbbüsünün qarşı tərəfdən gəlməsinin təsadüf olmadığı vurğulanıb. Arqument kimi də ən çox Amerikanın Əfqanıstanda hərbi əməliyyatlara başlamasından sonra yükdaşıyan amerikan təyyarələrinin Bakı üzərindən Əfqanıstana uçmaları göstərilir.

Siyasi şərhçi Elçin Mirzəbəyli öncə toplantının önəminə toxundu: ““Qətiyyətli dəstək” missiyasında 39 dövlət iştirak edir və ABŞ-ın müdafiə naziri bu missiyaya töhfə verən dövlətlərin müdafiə nazirlərinin bir çoxu ilə, o cümlədən Azərbaycanın müdafiə naziri ilə görüşüb. Müzakirə olunan məsələlər maraq doğurur və qarşılıqlı əlaqələrin mövcud əməkdaşlıq prioritetləri çərçivəsində davam etdirilməsi baxımından əhəmiyyətlidir. NATO rəsmiləri dəfələrlə bəyan ediblər ki, Alyans tərəfindən Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” missiyasının başa çatma tarixi yoxdur. “Qətiyyətli dəstək” missiyası 2015-ci ilin yanvarından başlayıb və qeyri-hərbi missiya xarakteri daşıyır. Missiyanın fəaliyyət çərçivəsinə Əfqanıstanın hökumət qüvvələrinin hazırlığına dəstək vermək daxildir.

Bu missiya ilə bağlı fikir ayrılığı yoxdur. Missiya BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamə və qərarlarına əsasən həyata keçirildiyi üçün heç bir qütbün narahatlığına əsas vermir. Bu baxımdan “Qətiyyətli dəstək” beynəlxalq missiya hesab olunur. Yükdaşımalar da bu missiyanın çərçivəsində həyata keçirilir və bu məsələdə söhbət yalnız təhlükəsizlik və sülh naminə əməkdaşlıqdan gedə bilər. Belə məsələlərdə absurd siyasi fərziyyələrin yer ala biləcəyini düşünmürəm. Nə zaman Əfqanıstan hökuməti bu missiyanın öhdəsindən gələ bilmək gücündə olacaqsa, o zaman “Qətiyyətli dəstək” də başa çatacaq".

Politoloq Məhəmməd Əsədullazadə ABŞ-ın Azərbaycana diqqətinin artmasının səbəblərini sadaladı: “Brüsseldə keçirilən müdafiə nazirlərinin konfransında Azərbaycanın iştirakı mühüm əhəmiyyət kəsb edir. İlk növbədə Azərbaycan NATO və ABŞ-ın Əfqanistana daşınan hərbi yüklərin tranzitini həyata keçirir. Əfqanistanda NATO qüvvələrinin lojistik təminatında Azərbaycanın rolu danılmaz faktdır. Həmçinin ölkəmiz ABŞ-la beynəlxalq terrorizm və təhlükəsizliklə bağlı əməkdaşlıq edir. ABŞ Xəzər dənizində Azərbaycanın təhlükəsizliyi üçün 100 milyon dollar ayırması ikitərəfli əlaqələrin inkişafının bariz nümunəsidir. Azərbaycan müdafiə naziri ilə ABŞ müdafiə nazirinin görüşü hərbi əməkdaşlıq baxımından iki ölkə arasında yeni səhifə aça bilər. Qeyd edim ki, ABŞ-ın regiona diqqəti artır. Həmçinin ölkəmizlə hərbi-texniki əməkdaşlıqda yeni planları var. Hazırda dünyada silah ticarəti uğrunda mübarizə gedir. Silah ixracatçıları yeni bazarlar axtarmaqdadırlar. ABŞ region ölkələrinə silah satmaqla bir növ bununla Cənubi Qafqazda daha da möhkəmlənməyi planlayır. ABŞ-la Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq mümkündür və düşünürəm ki, müdafiə nazirləri bu istiqamətdə ilkin razılığa gəliblər. ABŞ Azərbaycan ordusunun NATO standartlarına keçidində maraqlıdır. Çünki Cənubi Qafqazda yeni geosiyasi və geohərbi dəyişikliklər baş verir. Regionda Rusiyanın təsirini azaltmaq üçün orduda islahatlar mütləqdir. Təbii ki, Vaşinqtonun Azərbaycanla hərbi-texniki əməkdaşlıq istəyi və silah ticarətini həyata keçirməsi artıq Vaşinqtonun milli və geostrateji maraqlarına cavab verir. Məhz ABŞ-Azərbaycan müdafiə nazirlərinin görüşü sıradan yox, ikitərəfli hərbi-texniki əməkdaşlığı özündə ehtiva edən bir görüşdü. Təbii ki, Azərbaycanın Əfqanıstanda sülhməramlı iştirakı qlobal təhlükəsizlikdə ABŞ-ın yanında olmasının göstəricisidir. ABŞ yaxşı anlayır ki, Azərbaycan mühüm tərəfdaş və regionda etibarlı müttəfiq ola bilər.

Ölkəmiz Əfqanistanda iştirakı və digər əməliyyatlarla bunu sübut edib. Ona görə də Vaşinqtonda hərbi dairələr Azərbaycanı Mərkəzi Asiya və region üçün açar ölkə hesab edirlər. Bu əlaqələr ikitərəfli etimadı daha da artırır və Vaşinqtonun ölkəmizə artan dəstəyinə səbəb olur. ABŞ təyyarələrinin Azərbaycan səmasından istifadə etməsinə gəldikdə isə, Əfqanistan və Mərkəzi Asiyada geosiyasi planları durduqca davam edəcək. Azərbaycan ən əlverişli marşrut və daha bu regiona yaxın məsafədə yerləşir. Cənubdan İran və Şimaldan Rusiya olduğu üçün Azərbaycan hava məkanı ABŞ üçün daha cəlbedicidir. Məhz bu faktora görə ABŞ daima Azərbaycanı regiona açılan pəncərə kimi görür. ABŞ prezidenti Donald Tramp Əfqanıstandan ordunu çıxaracağını qeyd etsə də, bu, mümkün görünmür. Çünki Əfqanıstandan çıxmaq regiondan çıxmaq olacaq və burada estafeti Rusiyaya buraxmalı olar. Pentaqonda generalitet Trampı bu məqsədindən yayındıracaq. Hesab edirəm ki, Azərbaycanın Əfqanıstandan hərbçilərini geri çağırması regional şərtlərdən asılı olacaq. Hələ ki Əfqanıstanda sülhə nail olunmayıb. Taliban qüvvələri daha da aktivləşib. ABŞ-la aparılan sülh danışıqları fiasko olub. Belə olduqda Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatında iştirakı hələ davam edəcək. Bu da ABŞ-Azərbaycan əlaqələrində etimadı və etibarı daha da artıracaq”.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR