Sənədsiz evlərin taleyindən xəbər var – Bakı Şəhər İcra Hakimiyyətindən açıqlama

19-11-2019, 11:45 332 dəfə baxılıb

Sənədsiz evlərin taleyindən xəbər var – Bakı Şəhər İcra Hakimiyyətindən açıqlama


Bakı şəhəri İcra Hakimiyyətindən bildiriblər ki, sənədsiz evlər ilə bağlı yaradılmış komissiyalar öz işini davam etdirir. İcra hakimiyyətindən «Turan» agentliyinə deyilib ki, hər rayon üzrə komissiya üzvləri aidiyyəti ərazilər üzrə araşdırmalar aparırlar. Sonradan bütün məlumatlar Bakı şəhəri İcra Hakimiyyətinə təqdim edilməlidir.

Komissiyaların tərkibinə rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, Fövqəladə Hallar Nazirliyinin, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin (Komitə yaxınlarda İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilib-red.), SOCAR-ın, «Azərsu», «Azərişıq» açıq səhmdar cəmiyyətlərinin və «Azəriqaz» İstehsalat Birliyinin təmsilçiləri daxildir.

«Hər rayon üzrə nə qədər evin sənədsiz olması, həmin evlərin sənədləşdirilə bilmə imkanları araşdırılır. Amma indidən nə qədər evin sənədləşdiriləcəyini demək hələ çox tezdir. Bircə bunu demək olar ki, sənədsiz evlər Bakının bütün rayonlarını əhatə edir və bütün rayonlar üzrə hər bir komissiya öz işini davam etdirir», – Bakı şəhəri İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.
İ.Kərimov əlavə edib ki, araşdırma müəyyən meyarlarla aparılır: «Nəticə ilə bağlı məlumatlar verildikdə bu məlumatlar ictimailəşdiriləcək».

Onu sözlərinə görə, yüksəkgərginlikli elektrik xətləri altında, kommunikasiya xətlərinin üstündə, neft kəmərləri zonasında, Neft Şirkətinə aid ərazilərdə tikilən evlər var: «Odur ki, suallar çoxdur. İşlər bitəndən sonra bu sualların cavabları tapılacaq».

Xatırladaq ki, sənədsiz evlərlə bağlı Bakı şəhəri İcra Hakimiyyətində komissiya yaradıldığı bu ilin mayında açıqlanmışdı. Amma hələ 2011-ci ildə prezident İlham Əliyev bu məsələni gündəmə gətirmişdi. Yerli mətbuatın yazdığına görə, dövlət başçısı bu məsələnin həll edilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyəti qarşısında məsələ qaldırmışdı. Amma bu məsələnin həlli illərdir ki, uzanır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR