Həmsədrlər münaqişəni dondurmaqla məşğuldur...

25-12-2019, 19:50 350 dəfə baxılıb

Həmsədrlər münaqişəni dondurmaqla məşğuldur...

25 ildən çox atəşkəs dönəmində Dağlıq Qarabağ konfliktinin həllində heç bir ciddi irəliləyişin əldə olunmamasına, sülh danışıqlarının heç bir nəticə verməməsinə görə əsas məsuliyyət sözsüz ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin üzərinə düşür. Bu müddətdə Rusiya, ABŞ və Fransadan neçə-neçə həmsədr dəyişib, ancaq “Qarabağ yükü” hələ də öz yerində qalır. Çünki həmsədrlər dəyişsə də, vasitəçi dövlətlərin konfliktə münasibəti, özəlliklə işğalçı Ermənistana loyal yanaşması dəyişməyib.

Artıq aydındır ki, daha neçə il belə davam edə bilməz. Azərbaycan öz torpaqlarının işğalını nə qədər gözləməlidir? Başqa bir məntiqli sual budur ki, əgər Minsk Qrupu həmsədrliyi Dağlıq Qarabağ problemini yoluna qoymaq iqtidarında deyilsə, - hansı gerçək ki, 25 illik zaman kəsiyində öz təsdiqini tapır, - o halda yeni, daha işlək bir formata ehtiyac yaranmırmı?

Rusiyalı politoloq Vladimir Lepexin haqlı olaraq, hesab edir ki, həmsədrlər yalnız münaqişəni dondurmaqla məşğuldur. Bunu o, Minsk Qrupunun Ermənistan-Azərbaycan münaqişəsində oynadığı rola qiymət verərkən söyləyib.

Ekspertin sözlərinə görə, hazırda Qarabağ münaqişəsinin həllinə bəzi yanaşmalara yenidən baxılması prosesi gedir: “On il əvvəl də demişdim ki, ATƏT-in Minsk Qrupu bu problemi heç vaxt həll etməyəcək, həmsədrlər yalnız münaqişəni dondurmaqla məşğuldur. Mənim fikrimcə, münaqişənin gələcəyi bölgənin 6 ölkəsinin - Ermənistan, Rusiya, Gürcüstan, İran, Azərbaycan və Türkiyənin iştirak edəcəyi 3 + 3 formatından asılıdır. Əminəm ki, bu gün bəzi yeni səhifələrin açılması lazımdır. Müzakirələri yeni formatda davam etdirmək lazımdır”.

*****

Heç şübhəsiz, gələn il aktual olacaq məsələlərdən biri də bu olacaq: Qarabağ nizamlanmasına necə real dinamika, stimul vermək?

Məsələ ondadır ki, Rusiya və Türkiyə Azərbaycan və Ermənistanla birgə (2+2 formatı) qısa zamanda konfliktin ortaq həll reseptini tapa bilər. Çünki Rusiyanın İrəvanın, Türkiyənin isə Bakı yanında sözü keçərlidir. Bu isə hər hansı həll variantının reallaşmasına yüz faizli zəmanət deməkdir.

Yəni nizamlanma üçün 2+2 formatı da uğurlu ola bilər. Niyə də olmasın? Moskva-Ankara əlaqələrinin ildən-ilə dərinləşməsi bu yöndə ümidləri artırır. Gözləmək olar ki, qardaş ölkə günün birində Rusiya ilə real müzakirələrə qərar verəcək. Bunu həm də təmas xəttində getdikcə artan müharibə riski diktə edir. Hansı müharibə ki, dinamik inkişafda olan Ankara-Moskva münasibətlərinə də ciddi təhdid yaradacaq. Çünki müharibə zamanı Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında olacaq. Rusiya isə öz forpostunu sövq-təbii qorumaq zorunda qalacaq. Hərçənd Azərbaycan ordusu Ermənistan sərhədini keçməyi hədəfləməyib. Azərbaycanın tək hədəfi beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa eləməkdir - hansı ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qeyd-şərtsiz tanınır.

Söz düşmüşkən, srağagün Avropa Birliyi (AB) bir daha ölkəmizin ərazi bütövlüyü və suverenliyini müdafiə etdiyini təsdiqləyib. Bu barədə Bakıda AB nümayəndə heyəti ilə Azərbaycan nümayəndə heyəti arasında keçirilən təhlükəsizlik dialoqunun ikinci raundu zamanı bəyan olunub. “AB nümayəndə heyəti növbəti dəfə AB-nin yüksək çinli rəsmilərinin mövqeyini təkrarlayaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib”, - deyə məlumatda qeyd edilir.

Azərbaycanın ərazi bütövlüyünə dəstək isə həm də müharibə haqqına dəstək deməkdir. Bunu İrəvanda da yaxşı bilirlər. İşğalçı tərəf anlayır ki, atəşkəs sonsuzadək davam etməyəcək və sülh danışıqları real nəticə verməzsə, Azərbaycan güc variantını işə salacaq. Bu üzdən həm Ermənistanda, həm də separatçı bölgədə daima bir təlaş yaşanır. Bunun bir təzahürü də odur ki, iki gün öncə İrəvanda baş nazir Nikol Paşinyanın başçılığı ilə Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib və separatçı rejimin başçısı Bako Saakyanın da qatıldığı iclasda əsas müzakirə mövzusu “Dağlıq Qarabağ ətrafında situasiyanın ciddi inkişafı” ilə bağlı gözləntiyə həsr olunub.

Bu arada düşmən ölkədə Paşinyanın Qarabağla bağlı siyasəti sərt tənqid olunmaqdadır. Məsələn, “Yeni Müsavat” erməni qaynağına istinadən xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan deyib ki, Dağlıq Qarabağ nizamlanması üzrə danışıqlarda erməni tərəfi çox əlverişli bir gündəmi əldən verib.

“Nəticədə biz bu gün elə bir situasiyadayıq ki, Dağlıq Qarabağın azərbaycanlı icması mahiyyət etibarilə legitimlik qazanmaqdadır. Bu haqda artıq Minsk Qrupunun müxtəlif vəzifəli şəxsləri danışırlar. Bu, olduqca təhlükəli məsələdir. Digər bir problem hakimiyyətin bəyan etdiyi belə bir formuldur ki, nizamlama Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır. Bu isə öz müqəddəratını təyinetmə hüququna tamamilə ziddir”, - deyə Şahnazaryan qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycan beynəlxalq birlik tərəfindən erməni təcavüzünün qurbanı kimi qəbul edilir: “Azərbaycan işğal altındakı əraziləri qaytarmaq məqsədilə keçirəcəyi hərbi əməliyyata haqq qazandırmaq üçün arqumentlər arsenalını əldə edib. Danışıqlar masası üzərində isə mərhələli həll planı var. Bu barədə ABŞ, Rusiya bəyan edir. Nə deməkdir bu? O deməkdir ki, status məsələsi kənara qoyulur. Stol üzərində rayonların qaytarılması haqda sənəd qoyulub. Bu tam absurddur. Siz təsəvvür edirsizmi Qarabağda nələr baş verəcək?”

Erməni ekspertin fikrincə, münaqişə zonasında hərbi əməliyyatların təhlükəsi xeyli artıb və Qarabağda hər an müharibə başlaya bilər. “Mənə aydındır ki, bu vəziyyətdə mövcud hökumətin həm intellektual məhdudiyyəti, həm də fikirlərini nəzərə alaraq bu hərəkətlərə imkan verməsi yolverilməz olmalıdır. Yeni bir hərbi əməliyyatlar şəraitində nə təmas xəttinin müdafiəsini, nə də bütün siyasəti, gördüyümüz kimi, praktik olaraq ”Kalaşnikov" avtomatına sahib olmayan bir adamın həyata keçirə bilmədiyini aydın şəkildə anlamalıyıq", - Şahnazaryan sonda əlavə edib.

*****

Beləcə, işğalçı ölkədə müharibə xofu getdikcə ekspertlər səviyyəsində də özünü qabarıq büruzə verməkdədir. Bu xof və acınacaqlı həyat ta o günə qədər davam edəcək ki, erməni toplumu işğal edilən Azərbaycan torpaqlarını öz halal yiyəsinə qaytarmağın vacibliyi dərkinə yaxınlaşacaq. Çünki Azərbaycanın işğalla barışacağını gözləyənlər boşuna gözləyir.

Bu xüsusda Azərbaycan prezidenti İlham Əliyevin yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində söylədiyi aşağıdakı fikrin altını qırmızı xətlə cızmaq lazım gəlir.

Sitat: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz müstəqil ölkə kimi BMT-yə daxil olanda artıq Azərbaycanın ərazi bütövlüyü qəbul edilib, dəstəklənib və təsdiq edilib. Ona görə həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. O ki qaldı xalqların öz müqəddəratını təyinetmə prinsipinə, - Ermənistan həmişə buna istinad edir, - bu prinsip artıq bu münaqişə ilə bağlı işləmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik. Ona görə bizim prinsipial mövqeyimiz bundan ibarətdir ki, ərazi bütövlüyü prinsipi üstünlük təşkil etməlidir, bizim ərazimiz bərpa edilməlidir və münaqişə yalnız bu prinsiplər əsasında öz həllini tapmalıdır. Bundan əlavə, beynəlxalq təşkilatların qərar və qətnamələri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının oxşar qərar və qətnamələri var. Qeyd etdiyim kimi, keçən il Avropa İttifaqı bizimlə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən sənəd imzalayıb”.

Prezidentin bu sözləri bir daha işğalçı tərəfə aydın bir mesajdır ki, rəsmi İrəvan konstruktiv danışıqlara köklənməyincə, beynəlxalq hüquqa sayğı göstərməyincə, konfliktin həlli yaxınlaşmayacaq. Demək, erməni xalqının iztirabları da davam edəcək. Eyni zamanda böyük müharibə təhlükəsi daima onun başı üzərində “Domokl qılıncı” kimi asılı qalacaq... //musavat.com//


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR