Kəlbəcər girovunun oğlu Şuşaya getmək istəyir

17-04-2019, 19:42 453 dəfə baxılıb

Kəlbəcər girovunun oğlu Şuşaya getmək istəyir

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında iki gün öncə Moskvada keçirilən görüşdə Azərbaycan və Ermənistan tərəfində olan əsir və girovların ailə üzvləri ilə görüşməsinə şərait yaradılması barədə razılıq əldə olunduğu bildirilir. Kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə hazırda saxlandıqları Şuşa türməsində görüşün təşkil oluna biləcəyi bildirilib.

Qeyd edək ki, ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan əsir və girovların yaxınları istəyəcəyi halda onlarla görüşün mümkün olduğunu bəyan etmişdi. Paşinyanın açıqlamasından bir həftə sonra nazirlərin sözügedən məsələ barədə razılıq əldə eləməsi girovlarla görüşün reallaşa biləcəyindən xəbər verir.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ona bu məsələ barədə hökumətdən hələ heç bir məlumat və ya təklif verilməyib: “Əgər dövlət mənim Şuşaya getməyimə və atamı görməyimə müsbət qərar verərsə, əlbəttə ki, atamı ziyarətə gedəcəyəm”.

Bəs belə bir görüşün reallaşması mümkündürmü? Əsir və Girovlar üzrə Beynəlxalq İşçi Qrupun xətti ilə görüş həyata keçirilə bilərmi?

Əsir və Girovlar üzrə Beynəlxalq İşçi Qrupun üzvü Əvəz Həsənov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında bu razılaşmanın əldə olunması təqdirəlayiqdir: “Bu, reallaşması asan olan bir məsələdir. Bundan ötrü təbii ki, hökumət hazırda Dağlıq Qarabağda saxlanılan azərbaycanlıların yaxın qohumlarına müraciət edə bilər. Onların Beynəlxalq Qırmızı Xaç Komitəsinin və ya Beynəlxalq İşçi Qrupunun vasitəsilə Dağlıq Qarabağa getmələrini təşkil etmək olar. Burada ciddi bir problem yoxdur. Ermənistan tərəfinin razılığı olacaqsa, bu səfər reallaşar. Vaxtilə bizim Beynəlxalq İşçi Qrupu belə bir təkliflə çıxış eləmişdi, lakin bu təklifə ciddi əhəmiyyət verilməmişdi”.

Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda yaxınlarının məzarını ziyarət etmək üçün Kəlbəcər rayonuna gediblər. İşğalçı Ermənistan ordusunun əsgərləri onları ələ keçirib. Dağlıq Qarabağda onlara qondarma məhkəmə qurulub. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 20 il azadlıqdan məhrum edilib. 5 ilə yaxındır hər iki mülki azərbaycanlı Şuşa türməsində girov saxlanılır. Onlardan başqa Elnur Hüseynzadə adlı azərbaycanlı keçmiş hərbçi Ermənistanda əsir saxlanır.

Azərbaycan tərəfində isə hazırda üç erməni diversant (Arsen Baqdasaryan, Zaven Karapetyan, Karen Kazaryan) saxlanılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR