ATASI ÇOBAN, ÖZÜ DƏMİRÇİ OLAN PREZİDENT…- Nazarbayevin qızları və kürəkənləri Qazaxıstanın ən varlı adamlarıdır

18-09-2018, 13:11 593 dəfə baxılıb

ATASI ÇOBAN, ÖZÜ DƏMİRÇİ OLAN PREZİDENT…- Nazarbayevin qızları və kürəkənləri Qazaxıstanın ən varlı adamlarıdır

Rəsmən “Millət atası” titulunu daşıyan, ölkə qanunvericiliyində edilən son dəyişikliklə Qazaxıstan Təhlükəsizlik Şurasına ömürlük sədr seçilən Nursultan Nazarabayev 1940-ci ildə Almatı vilayətinin Çemolqan kəndində anadan olub. Kitablarının birində doğmaları haqqında belə yazır: “Mən çoban oğlu, çoban nəvəsi və çoban nəticəsiyəm”.

Sinif yoldaşlarının dediyinə görə, gələcək prezident dərslərini çox yaxşı oxuyub. Məktəbi bitirdikdən sonra Ukraynanın Dneprodcerzinsk texniki peşə məktəbində təhsil alıb. 20 yaşında Temirtau şəhərinə gələrək metallurgiya zavodunda əmək fəaliyyətinə başlayıb.

Sonrakı 9 il ərzində dəmirçi və dispetçer işləyib. Ağır fiziki işlə yanaşı, komsomolda da aktiv fəaliyyət göstərib. 1962-ci ildə respublika komsomolunun onuncu qurultayının nümayəndəsi seçilib



Ali təhsil alandan sonra – 29 yaşında fiziki işdən ayrılaraq tamamən partiyada və komsomolda fəaliyyət göstərib. Mitinq və yığıncaqlar təşkil edib. Bir neçə il partiyada katib işləyib. Paralel olaraq Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki Ali Partiya Məktəbinin qiyabi şöbəsində oxuyub.

«Pravda» qəzetində çıxan tənqidi məqaləsi ilə 38 yaşlı Nazarbayev Moskvanın da diqqətini cəlb edib. 39 yaşında Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olub. 1989-cu ildə onu birinci katib seçiblər. Elə o vaxtdan bugünədək ölkəni idarə edir. 2015-ci ildə keçirilən son seçkilərdə o, səslərin 98 faizini yığmışdı.

Hazırda Nazarbayev postsovet məkanında sovet dönəmindən bu yana hakimiyyətini qoruyan yeganə lideridir.

Həyat yoldaşı Sara Konakayeva ilə zavodda işləməyə başlayandan dərhal sonra tanış olub. Cütlüyün toyu hər ikisinin 21 yaşı olanda baş tutub.



Xanımının dediyinə görə, komsomol toyu ediblər və mərasim zamanı partiya funksionerləri tərəfindən onlara iki otaqlı mənzilin açarı təqdim olunub. İki il sonra qızları Dariqa, 4 il sonra isə Dinara dünyaya gəlib.

Xanımının orta məktəbdə cəmi 7 sinif oxumasından narazı olan Nazarbayev onun təhsilini davam etdirməsinə israr edirdi. “Mən də sözəbaxan Şərq qadınıyam”, – deyə Sara Konakayeva həyat yoldaşının sözündən çıxmadığını dilə gətirir.

Beləliklə, uşaqlı ana əvvəlcə orta məktəbi tam başa vurur, sonra texnikuma, ardınca da instituta qəbul olunur.

40 yaşları olanda cütlüyün üçüncü qız övladı – Aliyə dünyaya göz açır.


Hazırda Sara Konakayeva “Bebek” (körpə) uşaq xeyriyyə fonduna rəhbərlik edir. Nazarbayev ailəsi bütün ictimai tədbirlərdə – istər dövlət ziyarətlərində, istər seçkilərdə bir yerdə olur.

Amma internetdə dolaşan məlumatlara görə, Nazarbayevin Sara Konakayeva ilə yanaşı, daha iki xanımı var. Deyilənlərə görə, onlardan biri prezident təyyarəsinin keçmiş stüardessası Gülnarə Rakişevadır. Nazarbayevlə onun iki qız övladının olduğu deyilir.

İddialara görə, digər xanım Asel İsabayevadır ki, onun haqqında daha çox məlumat var. Aselin Qazaxıstan prezidenti ilə 1999-cu ildə tanış olduğu deyilir. Həmin vaxt 19 yaşı olan Asel “Miss Qazaxıstan” yarışmasının qalibi seçilmişdi. Deyilənə görə, Nazarbayevin bu xanımdan iki oğlan övladı var ki, bu oğlanlardan böyüyü 13 yaşındadır



Bəzi internet istifadəçiləri Nazarbayevin vaxtı çatanda hakimiyyəti məhz bu oğlana ötürmək istədiyini yazırlar. Bu məlumatın nə dərəcədə həqiqət olduğu məlum deyil. Lakin o məlumdur ki, Nazarbayevi bir neçə tədbirdə bir oğlan uşağı ilə birgə görüblər.

Nazarbayevin qardaşı Satıbaldın oğlanları Kayrat və Samat Daxili İşlər Nazirliyində yüksək postları tuturlar. Rəsmi olaraq Nazarbayevin 8 nəvəsi, 5 nəticəsi var. Onlardan yetkinlik yaşına çatanları rəhbər vəzifələrdə çalışır.

Nəvəsi Nurəli 33 yaşında “Nurbank”ın Direktorlar Şurasına sədr təyin olunub. Həmçinin “Qazaxıstan İnkişaf Bankı”nın vitse-prezidentidir. Və paralel olaraq bizneslə məşğul olur. Nurəlinin xanımı ölkənin Mərkəzi Seçki Komissiyasının sədrinin qızıdır.

Nəvəsi Aysultan tanınmış biznesmenin qızı ilə evlidir və Milli Futbol Şurasının vitse-prezidentidir. Nazarbayevin qızları və kürəkənləri nəhəng şirkətlərə sahibdilər. “Forbes” onları Qazaxıstanını ən varlı şəxslərinin siyahısına salıb



Bu ailəyə düşmək də, oradan çıxmaq da olduqca çətindir. Məsələn, iri biznesmenlərdən olan və bir vaxtlar yüksək rütbəli diplomat kimi fəaliyyət göstərən Raxat Aliyev 2008-ci ildə prezidentin qızı Dariqadan boşanıb. Boşanmadan dərhal sonra bütün imtiyazlardan məhrum edilən Raxat ölkədən qaçmağa məcbur olub.

Qazaxıstanda qətldə ittiham olunan və barəsində qiyabi hökm çıxarılan Aliyev Astananın sorğusu ilə Avstriyada həbs olunub. Aliyev 2015-ci ildə Vyana həbsxanasında ikən Qazaxıstan məmurlarının korrupsiyaya necə bulaşdığını açıqlamağa hazırlaşırdı. Lakin kamerasında ölü tapıldı. Rəsmi versiya intihar olsa da, vəkilləri Raxat Aliyevin özünü öldürməsinə şübhə ilə yanaşdıqlarını bəyan etmişdilər.

Prezidentin nəvəsi, Raxat Aliyevin oğlu Aysultan 20017-ci ildə mətbuata etiraf etdi ki, atasının ölüm xəbərindən şoka düşüb və hətta narkotik istifadə etməyə başlayıb. İndi Aysultan çıxışlarında Qazaxıtan gənclərinə narkotikin zərərlərindən danışır.



Nursultan Nazarbayev gənc yaşlarından idmanla məşğul olur. Hələ peşə məktəbində oxuyarkən ona idman ustası adı verilib. Nazarbayev boksla da məşğul olub.

Prezident postunu tutandan sonra qolf, at sürmə, tennis və dağ xizəyinə maraq göstərməyə başlayıb. Çıxışlarında da insanlara bədən tərbiyəsinə vaxt ayırmağı tövsiyə edir.

Qazaxıstan lideri oxumağı, milli musiqi alətlərində ifa etməyi sevir. Keçmiş kürəkəni hələ sağkən deyirdi ki, Nazarbayevin qol saatlarına böyük marağı var. Deyilənlərə görə, yerli məmurlar adətən Nazarbayevə saat hədiyyə edirlər. Pay verilən saatdan özündə olarsa, prezident onu xarici qonaqlara hədiyyə edir.

Tərcümə Strateq.az-ındır


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR