Nazirliklərin “kölgə” işçiləri: onlar niyə saxlanılır? - TƏHLİL

25-01-2019, 11:57 358 dəfə baxılıb

Nazirliklərin “kölgə” işçiləri: onlar niyə saxlanılır? - TƏHLİL


İstisnasız şəkildə dövlət qurumlarının rəsmi qəzetləri bağlanmalı, sıradan çıxarılmalıdır. Bununla nazirliklər əlavə yükdən, büdcə izafi xərcdən xilas olar.

Bu sözləri Axar.az-a Aznyus.az saytının baş redaktoru Taleh Şahsuvarlı nazirlik, müəssisə və dövlət qurumlarının hələ də internet portalı ilə yanaşı, sahəvi qəzet çapını davam etdirməsinə münasibət bildirərkən deyib.

T.Şahsuvarlı bildirib ki, rəsmi qurumlarının öz daxili çap mediasının olması Sovet dövründən qalmışvə artıq öz funksiyasını itirmiş lazımsız bir ənənədir:

“Azərbaycanda bilirsiniz ki, elektron hökumət layihələri çoxdan həyata keçirilməyə başlayıb. Bütün dövlət orqanlarının, ayrı-ayrı nazirliklərin elektron portalları var. Həmin nazirliklər öz fəaliyyətləri, səlahiyyətlərinə daxil olan məsələlərin icrası, müxtəlif toplantılar, görüşlər barədə saytlarında məlumat yerləşdirir, mediaya elektron press-reliz göndərirlər. Belə məqamda çap mediasına nə ehtiyac var? Rəsmi qurumlarının öz daxili çap mediasının olması Sovet dövründən qalmış bir ənənədir. Öz dövrünü çoxdan başa vurmuş bir işdir. Bu, dövlət büdcəsinə də ziyandır. Praktiki olaraq həmin qəzetlər nazirliklərin fəaliyyəti haqqında cəmiyyətin geniş təbəqələrini məlumatlandıra bilmir. Məlumatlandıra bilmədiklərinə, effektivliyi olmadığına görə də istər-istəməz sual yaranır ki, bunun bir faydası yoxdursa, nə üçün ona bu qədər sərmayə qoyulmalıdır?

Bu baxımdan hesab edirəm ki, istisnasız şəkildə dövlət qurumlarının rəsmi qəzetləri bağlanmalı, sıradan çıxarılmalıdır”.

T.Şahsuvarlının sözlərinə görə, bəzi nazirliklərdəki redaksiyaların 60-70 nəfərlik, bəlkə də daha çox işçi cədvəli mövcuddur:

“Orada işləyənlərin yarıdan çoxunu faktiki olaraq Azərbaycan mediasında tanıyan yoxdur, imzaları məlum deyil. Ümumiyyətlə, elə şəxslərin hətta olub-olmadığı bilinmir. Şişirdilmiş ştat cədvəlləri də təbii olaraq cəmiyyət üçün müəyyən suallar yaradır. Bu çox vaxt korrupsiya şübhələrinə də səbəb olur. Buna görə də təsisçisi dövlət qurumları olan sahəvi qəzetlərin, jurnalların bağlanması olduqca əhəmiyyətli bir hadisə olardı”.

T.Şahsuvarlı onu da əlavə edib ki, ümumi bir qərar olsa, bütün dövlət qurumları həmin qərara tabe olaraq, heç bir əhəmiyyəti olmayan nəşrləri bağlayacaq:

“Mən inanmıram ki, dövlət qurumlarının hamısı bu qəzetlərin işıq üzü görməsində maraqlı olsun”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR