İran “fırtınası”: Güney Azərbaycan hazırdır?

10-05-2019, 09:32 357 dəfə baxılıb

İran “fırtınası”: Güney Azərbaycan hazırdır?


Son illər Güney Azərbaycan Milli Hərəkatı xeyli güclənib.

Ötən sərin 90-cı illərindən başlanmış hərəkat artıq xeyli məsafə qət edib. 20 il öncə özünü “iranlı” kimi tanıyan azərbaycanlıların düşüncəsində artıq türk kimliyi formalaşıb. İran rejiminin apardığı təbliğata rəğmən Azərbaycan türkləri milli kimliyini, ana dilini unutmur, milli mübarizəni davam etdirirlər.Bəs Güney Azərbaycanda milli oyanış prosesi hansı bölgələrdə yayılıb? Tehran, Həmədan, Qaşqay türklərində milli düşüncə formalaşıbmı? Bu və digər suallarla Azərbaycanda və müxtəlif ölkələrdə yaşayan milli fəallara, ziyalılara müraciət etdik.

“Molla rejimi dindən türkləri əzmək aləti kimi istifadə edir”

Kanadada yaşayan güneyli milli fəal, Kanada Vəkillər Kollegiyasının hüquqi məsələlər üzrə məsləhətçisi Hüseyn Türkelli “Cümhuriyət”ə açıqlamasında deyib ki, İran adlanan ölkədə yaşayan türklər arasında milli özünüdərk prosesi xeyli güclənib:

“Din və məzhəb anlayışı artıq üçüncü plana keçib. Millətimizin böyük hissəsi hesab edir ki, türkçülük başda gəlir, ondan sonra digər faktorlar. O cümlədən məzhəb məsələsi”.

Hüseyn Türkellinin fikrincə, molla rejimi dindən türkləri əzmək üçün siyasi alət kimi istifadə edir: “Artıq toplumumuz bunu dərk edir və buna qarşı mübarizə aparır. Güney Azərbaycanın qurtuluşunu istəyiriksə, din faktorunun təsirini sıfıra endiməliyik”. Güneyli fəal hesab edir ki, artıq İranın türklər yaşayan əksər bölgələrində milli oyanış prosesi sürətlənib: “Son 10 ilədək türkçülük, azərbaycançılıq yalnız Güney Azərbaycanda yayğın idi. İndi milli hərəkat artıq Tehran, Xorasan, Gülüstan, İsfahan, Şiraz və başqa bölgələri də əhatə edir. Təsərvvür edin ki, Təbrizin “Traktor” klubu farsların çox yaşadığı Şirazda, İsfahanda oynayanda türk azarkeşlərin sayı az olmur. Bu türkçülük şüurunun getdikcə yayıldğını göstərir.Biz təkcə Güney Azərbaycan türklərinin haqqlarını müdafiə etməməliyik.Güneyin sərhədlərindən kənarda yaşayan türklərin də hüquqlarını qorumalıyıq.Məsələn, Qaşqay türkləri niyə öz müqəddaratını özləri həll etməsin?Tehran, Həmədan və Qaşqay türkləri arasında milli düşüncənin yayılması həm də molla rejiminin son vaxtlar şovinist siyasəti gücləndirməsi ilə bağlıdır. İranın ali dini lideri Seyid Əli Xamneyi yarı fars, yarı türkdür. Onda türk milli düşüncəsi yoxdur. Necə türkdür ki, 45 milyon türkün dili iran adlanan ölkədə yasaqdır? Xamneyinin “türkçülüyü” yalnız türklərin əsarət altında saxlanılmasına xidmət edir.Xamneyi amili olmasa Güney Azərbaycanın və başqa türk bölgələrinin İrandan qopması prosesi sürətlənə bilər”. Hüseyn Türkellinin fikrincə, İranda hakimiyyət boşluğu yaranan kimi Güney Azərbaycan öz müstəqilliyini elan edəcək: “Bu prosesə həm Güney, həm Quzey Azərbaycan, ümumilikdə türk dünyası hazır olmalıdır. Milli hərəkat indi prosesə hazır görünməsə də, qısa müddətdə mütəşəkkil formada ortaya çıxacaq, gücünü göstərəcək”.

Türkləri əridən “iranlı” kimliyi

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Bütöv Azərbaycan Ocaqları (BAO) sədrinin türk dünyasıyla əlaqələr üzrə müavini Faiq Ələkbərli isə hesab edir ki, İran adlanan ölkədə yaşayan türklər arasında milli düşüncənin qalib gəlməsindən danışmaq hələlik bir qədər tezdir:

“Hər halda türklər milli düşüncə baxımından qalib durumda olsa idilər, hazırkı durumla qətiyyən razılaşmaz, yəni onların uşaqları ana dilində təhsil alar, İran telekanallarında və digər yerlərdə türklərin aşağılanması prosesi davam etməzdi. Sadəcə, bir şey həqiqətdir ki, artıq bu ölkədə yaşayan türklər, o cümlədən də Azərbaycan türkləri son bir əsrlik asimliyasiya prosesinə qarşı güclü və ciddi şəkildə dirəniş göstərməkdədir. Artıq türklər, o cümlədən də Azərbaycan türkləri 1945-1946-cı illərdəki Pişəvəri dönəmindən, hətta 1978-1979-cu il hadisələrindən də daha dərin şəkildə Milli Hərəkatın əhəmiyyətini dərk etməkdədirlər. Başqa sözlə, türklər son dövrlərdə xeyli dərəcədə “iranlı” və “şiə” ideoloji kimliklərini məntiqi və ağıllı şəkildə çözə bilmişlər. Hələ, Qacarlar dövründə şüurlara yeridilən “iranlı” kimliyinin onlar üçün nə dərəcədə təhlükəli, zərərli olub asimilyasiyaya yönəlmiş bir antitürk ideyası olduğunu, bu gün daha çılpaq şəkildə dərk edirlər.Yəni “iranlı” anlayışının onların türk kimliyini ortadan qaldırmaq üçün ortaya atıldığını, faktiki olaraq türk kimliyinə, türk dilinə, türk mədəniyyətinə qarşı yönəldiyini, demək olar ki, böyük ölçüdə türklərın çoxluğu bilməkdədir”.

“Azərbaycan türklərinin coğrafiyasını daraltmağa çalışırlar”

F.Ələkbərlinin sözlərinə görə, son illər milli kimlik mübarizəsi xeyli uğurlar əldə edib:

“Azərbaycan türklərinin yaşadığı bütün torpaqlarda, yəni Makudan tutmuş Həmədana, Astaradan tutmuş Qaşqaya, hətta İsfahana qədər milli oyanış hərəkatı yayılıb: “Bu, yalnız bizim sosial şəbəkələrdən və digər KİV resurslarından cüzi şəkildə görə bildiyimiz bir milli oyanış hərəkatı deyil. Bu, bütövlükdə bir əsrə yaxın türk dilində təhsil almaq hüququ əlindən alınmış, ana dilində az qala danışmağı, milli mədəniyyətini ifadə etməyi qadağan edilmiş, irançı kimliyinə bürünmüş antitürkçülərin saysız-hesabsız təhqirlərinə məruz qalmış qədim Azərbaycan Türk xalqının yenidən oyanışıdır, harayıdır. Bir çoxları, o cümlədən irançı fars-molla rejimi uydurulmuş Qərb tarixçiliyi əsasında Azərbaycan türklərinin coğrafiyasını nə qədər daraltmağa çalışsa da, bu mümkün deyildir.Sözün açığı, türkü durdurmağın tək yolu hər hansı yaşadığı bölgədə onun ya tamamını məhv etmək, ya da oradan sürgün etməkdir.Rejim bir tərəfdən Böyük Azərbaycanı “kiçik Azərbaycan”a çevirməyə çalışır, digər tərəfdən də türkləri doğma yurd-yuvalarından sürgün etməklə, həmin yerlərə kürdləri və digər qeyri-türk etnik qrupları yerləşdirirlər. Ancaq bütün bunlara baxmayaraq milli oyanış hərəkatı yalnız Təbriz, Urmiya, Xoy, Maku, Sərab, Salmas, Culfa, Astara, Ərdəbil və digər bölgələrmizdə deyil, eyni zamanda Azərbaycandan inzibati-coğrafi anlamda ayrı salınmış Zəncan, Həmədan, Tehran, Qum və digər ərazilərdə də yüksələn xətlə getməkdədir. Eyni zamanda, Türkmən səhrasında, Xorasanda, Qaşqayda, İsfahanda və digər Türklər yaşayan bölgələrdə də bu hərəkat öz gücünü artırmaqdadır.Ancaq bu bir həqiqətdir ki, milli oyanış hərəkatının əsas mərkəzi başda Təbriz olmaqla Azərbaycan coğrafiyasıdır.Sadəcə, bu milli oyanış prosesini Təbrizdən Tehrana keçirməliyik”.

“Milli oyanışı Tehrana keçirməliyik”

F.Ələkbərli deyib ki, Tehran, Qaşqay və Həmədan türklərində də milli kimlik düşüncəsi möhkəmlənib:

“Tehran, Qaşqay və Həmədan türkləri Azərbaycan türklərinin bir parçasıdır. Fars şovinistləri onları Azərbaycan coğrafiyasından və Azərbaycan türklərindən ayrı salmağa çalışıblar.Bu gün də molla rejimi bütün taktikalara əl ataraq milli oyanış hərəkatının Təbrizdən Tehrana keçməsinin qarşısını almağa çalışır. Çox təəssüf ki, Azərbaycan türk fəalları, ya da aydınları arasında artıq Tehranın, İsfahanın, Həmədanın, Qaşqayın itirilməsi ilə razılaşanalar var. Bu, qətiyyən yolverilməzdir. Əslində, Təbrizi Azərbaycan türklərinin mərkəzi kimi görmək, ya da Azərbaycanın güney sərhədlərini ən yaxşı halda Zəncana qədər görmək “kiçik Azərbaycan” deməkdir! Milli düşmənlərimiz Tehransız, Həmədansız, Qaşqaysız, Urmiyasız, Zəncansız, Xoysuz, Makusuz, Muğansız bir Azərbaycan görmək istəyirlər. Bunun qarşısı alınmalıdır.Yəni türklər yaşayan bütün ərazilərdə Milli oyanış hərəkatı baş verməli, Azərbaycan türkləri ilə digər türklər arasında bağlar gücləndirilib vahid hədəfə doğru istiqamətlənməlidir”.

Xamneyi amilinin Güney Azərbaycan milli hərəkatına təsirinə gəlincə, Faiq Ələkbərlinin fikrincə, bu məsələyə bir qədər fərqli və ehtiyatlı yanaşmaq lazımdır:

“Birincisi, ali dini lider Xamneyini birmənalı türk adlandırmaq doğru deyil. Onun nəsli Rəştdən Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə yerləşib. Çox güman ki, Xamneyi genetik anlamda yarı türk, yarı fars qanı daşıyır. Ancaq əsas məsələ odur ki, bəzi hallarda özünü türk kimi qələmə verən Xamneyinin türklüyü zahiri xarakter daşıyır və o, bütün anlamlarda türkçülük ruhundan uzaqdır.Əgər Xamneyi genetik və şüuru anlamda türklük ruhunun daşıyıcısı olsa idi, türklərin ən ibtidai haqlarının əlindən alınmasına və təhqir olunmasına yol verməzdi. Azərbaycan türkləri, xüsusilə də milli oyanış hərəkatının fəalları üçün “ali dini liderin” formal şəkildə olsa belə, türk qanı daşıması heç bir əhəmiyyət kəsb etməməlidir”.

“Molla rejiminin yerini başqa şovinist qüvvə tutacaqsa...”

İran ətrafında həlqə daralır.Güney Milli Hərəkatı baş verəcək hadisələrə hazırdımı? F.Ələkbərli hesab edir ki, bu ölkədə rejim dəyişikliyini hansı qüvvənin etməsindən çox şey asılıdır:

“Burada önəmli məsələ Tehranda hakimiyyəti kimlərin ələ kəçirməsidir. Əgər Tehranda hakimiyyət dəyişikliyi Qərb dövlətlərin əliylə baş verib, hazırki rejimin yerini başqa bir irançı qüvvə tutacaqsa, o zaman türklərə, o cümlədən Azərbaycan türklərinə yaxşı heç nə vəd etməyəcək.Ona görə də, burada əsas məsələ Azərbaycan türklərinin öz üzərinə düşür.Azərbaycan türkləri Tehranda milli oyanış hərəkatını gücləndirməli, nə olursa olsun, burada güc mərkəzinə çevrilməlidir”.(cebhe.info)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR