“Talışlar heç vaxt separatizmə dəstək verməyib, verməyəcək

30-05-2019, 09:51 323 dəfə baxılıb

“Talışlar heç vaxt separatizmə dəstək verməyib, verməyəcək

Bu günlərdə erməni qadının inanclı talış xanımı kimi təqdim edilməsinin təfərrüatı məlum olub. “Yeni Müsavat” xatırladır ki, Qarnik Asatryan ölkəsində “Talışıstan Milli Televiziya” layihəsinə Azərbaycan dilini yaxşı bilən şəxs axtarıb tapıb. Bu, Azərbaycan SSR-in əməkdar artisti olan Marieta Vartanyandır. O, İlhamə Cəfərzadə adı ilə talış xanımı kimi təqdim olunur.

Marieta 1952-ci ildə Qazaxda doğulmuş Kərimova Marieta Məhərrəm qızıdır. Atası müsəlman kürdü, anası ermənidir. Valideynləri boşandıqda Marieta anası ilə birlikdə İrəvana köçüb. O, İrəvan teatrının inzibatçısı və eyni zamanda daşnak təəssübkeşi Vrej Vartanyanla evlənib. Onların oğlu Armen Ermənistan Milli Təhlükəsizlik Xidmətində işləyir. Göründüyü kimi, nə Marietanın özü, nə də əri talışdır.

Aktrisa M.Vartanyan “Talışıstan Milli Televiziyasının” verilişlərinin aparıcısı İlhamə Cəfərzadə rolunu ifa etməyə başlayıb. Aradakı boşluqları doldurmaq üçün Q.Asatryan sədaqətli adamı olan Fəxrəddin Abbaszadəyə müraciət edib və sonuncu Marietanın dindar qadın obrazında ekranlara çıxması əfsanəsini şəxsən özü hazırlayıb, özü səhnə arxasında qalıb. Vartanyana hicab geyindirib onu inanclı talış qadını obrazında tamaşaçıya təqdim etmək ideyasını irəli sürməklə Fəxrəddin Abbaszadə həm İslam mənəviyyatına, həm talışlara, həm bütövlükdə Azərbaycan xalqına həqarət etmiş olub. Bu məsələdə Zabil Məhərrəmovun da iştirakı var.

İlhamə Cəfərzadə adı altında çıxış edən Marieta Vartanyan eyni zamanda öz adı ilə sosial şəbəkələrdə talış qruplarında müzakirələrə can atır, Azərbaycan dilində şərhlər paylaşır, separatçı əhval-ruhiyyəli şəxslər arasında Ermənistan xüsusi xidmət orqanları üçün yeni qurbanlar axtarır. Lakin onlar unudurlar ki, talışlar hər zaman Azərbaycana bağlı olublar, özlərini toplumdan ayırmayıblar, hər hansı separatçı ideyalara, təşəbbüslərə qoşulmayıblar, burada yaşayan bütün xalqlarla mehriban münasibətdə yaşayırlar. Ümumiyyətlə, talışlar istər din, istərsə mədəni cəhətdən türklərlə birgə olub, Qarabağda, aprel döyüşlərində talış oğulları da şəhid olub, bu gün də düşmən gülləsindən şəhid olan talış əsgərlərimiz var.

O baxımdan erməni aktrisaya hicab geyindirib onu efirə çıxarmaq, talış xanımı kimi təqdim eləmək gerçək talış analarına, qadınlarına təhqirdir. F.Abbaszadə, Z.Məhərrəmov tipli adamlar anlamırlar ki, bununla ilk növbədə zərbəni elə talışlara vurmuş, onlara pislik eləmiş olurlar. Axı talışlar sizə nə edib?

Azərbaycan Xalq Cəbhəsinin Lənkəran hərəkatında aparıcı fəallardan olmuş, cənub zonasının hörmətli ziyalısı İltifat Rəhimzadə “Yeni Müsavat”a bildirdi ki, sözügedən erməni qadınla bağlı dərin bilgiyə malik olmasa da, Ermənistanda belə bir televiziyanın olmasından məlumatlıdır. Onun sözlərinə görə, təqdir olunmalı heç bir hal yoxdur. Keçmiş hərəkatçı qeyd etdi ki, Azərbaycanda müxtəlif millətlər yaşayır: “Tarix boyu Azərbaycana düşmənçilik mövqeyində dayananlar, ölkəni hədəfə alanlar bölücülük yaratmağa, azsaylı xalqların məsələlərini qaldırmağa can atıblar. Təbii ki, harada bir etnos varsa onun problemi da olacaq. Amma ayrı-ayrı adi vətəndaşın problemini milli-etnik səviyyəyə qaldırmaq olmaz. Hüququ pozulursa, vətəndaşın hüququ pozulur. Bu mənada etnik zəmində müzakirələrin əleyhinəyəm”.

İ.Rəhimzadə hesab edir ki, azsaylı xalqların bir vətəndaş, bir də milli azlıq kimi hüquqları olur: “Dövlət nəzarətində saxlamalıdır ki, bu məsələ bir-birinə qarşı qoyulmasın. Mən Azadlıq hərəkatının aparıcılarından olmuşam, Müsavat Partiyasının Lənkəran təşkilatına 15 il sədrlik etmişəm, hazırda Lənkəranda yaşayıram. Yəni bu prosesləri daha yaxından görürəm. Vaxtilə Rusiya və digər ölkələrin Azərbaycanı parçalamaq cəhdləri olub. Lakin xalq bu çağırışları qəbul etməyib. Eləcə də talış xalqı Azərbaycanın parçalanmasında maraqlı deyil. Talışlar heç vaxt separatizmə dəstək verməyib, verməyəcək”.

Lənkəranlı ziyalı 1992-ci ilin sentyabrında Elçibəyin imzaladığı sərəncamı xatırlatdı: “Sərəncam azsaylı xalqlarla bağlı idi və onların mədəni irsini, ədəbiyyatını, folklorunu qorumaq üçün dövlət xeyli işlər görürdü, talışlar efirə buraxılırdı. Mən bunların içində olmuşam. Ancaq son dövrlərdə yanaşma fərqlidir. Etnik məsələ dövlətin təhlükəsizlik konsepsiyasına daxil olmalıdır. Dövlət özü maraqlı olmalıdır. Düzdür, prezidentin sərəncamı var ki, talış dili tədris olunsun, amma yerlərdə bu sərəncam həyata keçirilmir. Çünki sərəncamın icrası mexanizminə nəzarət edilmir. Həmçinin etnik xalqların folkloru, mədəni irsi ilə bağlı müəyyən məhdudiyyət olanda düşmən bundan istifadə edir. Yerli televiziyada həftədə bir dəfə talış dilində efir verilməsinə nə mane olur? Əksinə, dövlətin özünə lazımdır. Bu olmayanda düşmən təxribat aparır, erməni qadınını talış kimi efirə çıxarır, xalqlar arasında ziddiyyət yaradır”.



“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan əleyhinə aparılan kampaniyalardan biri də bölücülük siyasətidir. Onun sözlərinə görə, bu bölgədə yaşayan talışlar azərbaycanlıdır, Azərbaycan vətəndaşlarıdır: “Fəxrəddin Abbaszadə, Ələkrəm Hümmətov kimilərin cavabını ilk növbədə elə talış aydınları, o regionun ziyalıları verməlidirlər. Talışlar özləri onu lənətləməlidirlər ki, sənin nə haqqın var bizim adımızdan televiziya açırsan. Üstəlik, erməni millətindən olan qadını talış kimi təqdim eləmək talış qadınlarını təhqir etməkdir. Buna görə gərək özləri onların cavabını versinlər”.

T.Rüstəmxanlı hesab edir ki, bu gün Avropada yaşayan bəzi azərbaycanlılar ermənidən betər ölkəyə qarşı kampaniya aparırlar: “Sadəcə, adam heyrətə gəlir. Elə iş aparırlar ki, bunun adı namərdlikdir, xəyanətdir. Axı sən bu torpaqda böyümüsən, onun suyunu içmisən, çörəyini yemisən. İndi gedib düşmənin ”dəyirmanına su tökmək"lə məşğulsan. Dünyada millətinə, torpağına xəyanət qədər böyük ayıb yoxdur. Ancaq onlar özlərinə xəyanətkar damğası vururlar".

Müsahibimiz qeyd etdi ki, separatçıların arzuları ürəklərində qalacaq: ““Talış Muğan Muxtar Respublikası” qurmaq Ələkrəmin xəyallarıdır. O, heç vaxt o günü görməyəcək. Çünki talış xalqı o cür xəyanətkarların layiqli cavabını verib və verəcək. Bütün bunlar əsassız iddialardır, bölücülükdür, qaşınmayan yerdən qan çıxarmaq cəhdləridir. Çünki tarix boyu türk-talış qarşıdurması olmayıb, olmayacaq da. Biz bir-birimizə qaynayıb-qarışmışıq, qız alıb, qız vermişik. Yəni bu gün belə bir narazılıq yoxdur. Burada yaşayan bütün xalqlar Azərbaycan vətəndaşlarıdır".


Sabiq milli təhlükəsizlik zabiti Arzu Nağıyevin fikrincə, separatizm toxumunun səpilməsində maraqlı qüvvələr istər etnik, istər sub-etnik, istərsə də millətçilik ideyasını rəhbər tutaraq bir sıra cəhdlər ediblər: “Hətta müəyyən muxtariyyət əldə etmək ideyaları da olub. Lakin bunun qarşısı aparılan siyasət, qabaqlayıcı məlumatlar əldə edən orqanların səyi nəticəsində alınıb. Eyni zamanda həmin bölgələrdən olan ziyalı təbəqələrin maarifləndirici təbliğatı çox mühüm əhəmiyyət kəsb edib. Separatçıların liderlərinin həbsi buna bariz sübutdur və ”Talışıstan TV"-nin erməni xüsusi xidmət orqanları tərəfindən idarə edildiyi ifşa olunub. Nə qədər məkrli planlar olsa da, hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə birlikdə dövlət və qeyri-hökumət strukturları bu istiqamətdə mühüm işlər görür".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR