Rusiya-Türkiyə yaxınlaşması Qarabağ məsələsinin həllini niyə yaxınlaşdırmır?

3-06-2019, 10:46 465 dəfə baxılıb

Rusiya-Türkiyə yaxınlaşması Qarabağ məsələsinin həllini niyə yaxınlaşdırmır?


Ekspert: “Moskva Ankaranın regionda əsas söz sahibi olacağından ehtiyatlanır...”
Türkiyə-Rusiya yaxınlaşması strateji müttəfiqlik münasibətləri səviyyəsinə qədər irəliləməkdədir. Artıq bir neçə ildir bu proses gedir. Hətta Türkiyə Rusiyaya görə ən böyük müttəfiqi olan ABŞ-la münasibətlərin korlanmasını belə göz önünə alıb. Bəs nədən Rusiya-Türkiyə münasibətlərinin bu qədər yaxınlaşması Dağlıq Qarabağ probleminin həllinə təsir göstərmir? Gələcəkdə təsir göstərməsi ehtimalı varmı?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, bunun bir sıra səbəbləri var: “Əvvəla, Türkiyə-Rusiya strateji yaxınlaşması əsasən Yaxın Şərqdə baş verən proseslərlə bağlıdır. ABŞ-la Türkiyə arasında müttəfiqliyə baxmayaraq iki ölkə arasında ciddi siyasi böhran yaşanır. 2003-cü ildə İraq müharibəsində Ankaranın Amerika ordusunu şimali İraqa keçirməyə öz ərazisindən icazə verməməsi ilə iki ölkə arasında başlanan və davam edən böhranın əsası qoyuldu. Vaşinqton tərəfindən Ankaraya soyuq münasibət sərgilənməyə başlandı. Rusiya o zamandan bəri Türkiyəni Qərbdən qoparmaq xəttini tutub. Baş verənlər fonunda Türkiyənin geri çəkilməməsi öz siyasətini pioritet şəkildə inkişaf etdirməsi Vaşinqtonu ciddi narahat edirdi. Bundan əlavə, Suriya müharibəsi də iki NATO ölkəsini üz-üzə qoydu. İlk əvvəllər birlikdə koalisiyada təmsil olunsalar da, ABŞ-ın PKK-nın Suriya qolu YPG-yə dəstək verməsi, iki ölkə arasında FETÖ problemi problemləri yeni inkişaf mərhələsinə yaxınlaşdırdı. Bütün bunlar isə Rusiyanın işinə yarayırdı. Ankara Yaxın Şərqdə yeni strateji tərəfdaş olaraq Rusiya ilə hərəkət etməyə başladı.


Çünki Rusiya və Türkiyənin yaxın perspektivdə maraqları üst-üstə düşürdü. Moskvanın marağında Türkiyəni NATO -dan qoparmaq və öz orbitinə çəkməkdir. Hazırda iki ölkə arasında münasibətlər müttəfiqlik səviyyəsinə qalxıb. Rusiyanın Türkiyədə Atom Elektrik Stansiyasını tikməsi və hərbi-texniki əməkdaşlıq barədə sazişlər bağlaması, Kremlin 2016-cı ildə hərbi çevriliş cəhdində Ankaranın yanında olması əlaqələrə yeni dinamizm gətirdi. Hesab edirəm ki, Putinin əsas planı Türkiyəni Qərb oxundan çıxarıb Rusiya-Çin-İran oxuna cəlb etməkdir. Prinsipcə, buna nail olub. Türkiyə-Rusiya yaxınlaşması Cənubi Qafqaza da təsirsiz ötüşmür. Bu regionu özünün ”arxa bağçası" hesab edən Rusiyanın maraqlarına qarşı dirəniş göstərib müəyyən təsirə malik olan ölkə məhz Türkiyədir. Rusiya isə Türkiyəni bu bölgəyə nüfuz etməkdən, bu bölgədəki münaqişələrə hər hansı şəkildə müdaxilə etməkdən uzaq tutmağa çalışır".

Politoloq qeyd etdi ki, Türkiyə Dağlıq Qarabağ məsələsinin ədalətli həlli üçün zaman-zaman cəhdlər edib, Rusiya ilə münasibətlərin yaxınlaşmasından da istifadə edib müəyyən cəhdlər edildi: “Lakin Rusiyanın maraqları bu cür cəhdlərin uğurlu nəticə verməsinə əngəl olur. Məhz Türkiyə rəhbərliyi dəfələrlə Rusiya rəhbərliyi ilə Qarabağ danışıqlarını aparıb. Moskva isə Ankaranın regionda əsas söz sahibi olacağından ehtiyatlanır və Dağlıq Qarabağ məsələsinin Türkiyənin iştirakı ilə həllini istəmir. Buna baxmayaraq Anakara yenə təşəbbüs göstərir və bu münaqişəni Moskva ilə müzakirə edir. Son iki ildir Rusiya rəhbərliyi çalışır ki, Ankaranı proseslərdən kənarda tutsun. Qismən buna nail olub. Hesab edirəm ki, burada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da ”xidməti" var. Lavrov Dağlıq Qarabağ prosesində Türkiyənin iştirakının əleyhinədir. Göründüyü kimi, rus-erməni birliyi Qarabağ məsələsində yekdil olaraq Türk-Azərbaycan birliyinə qarşı birgə fəaliyyət göstərir. Fikrimcə, Ankara ilə Moskva arasında sıx strateji tərəfdaşlığa baxmayaraq Rusiya Qarabağ məsləsində Türkiyə ilə birgə çalışmayacaq".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR