Qarabağ danışıqlarının perspektivi sürətlə sıfırlanır

24-06-2019, 10:42 262 dəfə baxılıb

Qarabağ danışıqlarının perspektivi sürətlə sıfırlanır


Cəbhə xəttindəki son insident - zabitimizin erməni işğalçı qüvvələri tərəfindən şəhid edilməsi onsuz da kövrək olan atəşkəsi daha həssas hala gətirib, Qarabağa dair sülh danışıqlarına növbəti ciddi zərbəni vurub, bu danışıqları bir az da mənasız edib. Hadisənin ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgədə olarkən baş verməsi isə işğalçı Ermənistanın atəşkəsi süni surətdə uzatmağa hesablanan təxribatı olduğuna, böyük sülh anlaşmasında maraqlı olmadığına şübhə yeri saxlamayıb.

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra da İrəvanla sülh danışıqlarını irəli aparmaq mümkün olmur. Artıq bir ildən çoxdur ki, Paşinyan hökuməti ilə istər xarici işlər nazirləri səviyyədə olsun, istərsə də ən yüksək - iki ölkənin rəhbərləri səviyyəsində aparılan Qarabağ müzakirələri səmərə vermir. Əksinə, Rusiya kimi beynəlxalq birliyin, ABŞ və Avropanın sanksiyalarına tuş gəlmədikcə işğalçı get-gedə daha aqressiv, daha azğın mövqe tutur. Hər hansı kompromisi yaxına belə buraxmır.

Azərbaycan və Ermənistan XİN başçılarının sonuncu, Vaşinqton görüşü məhz bu reallıq fonunda gerçəkləşdi. 3 saata yaxın sürən danışıqlar gözlənildiyi kimi, yenə heç bir ümidverici nəticə ilə yekunlaşmadı. Bunu ölkəmizin xarici işlər naziri Elmar Məmmədyarovun görüş sonrası verdiyi açıqlama sübut edir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşlə bağlı yaydıqları bəyanatından isə belə qənaət hasil oldu ki, vasitəçiləri indi ilk növbədə atəşkəsin saxlanması maraqlandırır, nəinki təcavüzkar tərəfə təzyiq edib onu konstruktiv mövqeyə məcbur etmək.

*****

“Hesab edirəm ki, Vaşinqtonda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında keçirilən görüş ”görüş naminə görüşdür".

Bunu politoloq Arzu Nağıyev deyib. O, münaqişənin həllində Vaşinqton görüşünün hər hansı müsbət effekt verəcəyinin inandırıcı olmadığını bildirib: “Təbii ki, iki ölkə arasında bu görüşlərin keçirilməsini alqışlamaq lazımdır. Lakin son günlər Ermənistanda baş verən hadisələr göstərir ki, Ermənistan doğurdan da status-kvonun saxlanmasında maraqlıdır. İrəvan həm format məsələsini ortaya atır, həm də Dağlıq Qarabağ ərazisində işğalçı ordunun təlimlərini keçirir. Belə bir şəraitdə görüş ancaq protokol naminə ola bilər və münaqişənin həllində hər hansı müsbət effekt verəcəyi inandırıcı görünmür”.

Ekspert ABŞ-ın birmənalı şəkildə Dağlıq Qarabağ probleminin həlli prosesinə təsir edə bilməyəcəyini də vurğulayıb: “Moskva və Paris görüşlərinin ardınca bu görüşün Vaşinqtonda baş tutacağı gözlənilən idi. Düşünmürəm ki, ABŞ Qarabağ probleminin həllində dominant olsun. Çünki burada əsas məqam ondan ibarətdir ki, regionda nüfuz davası gedir. Rusiya da burada açar fiqurdur. Fikrimcə, əvvəl Rusiyanın, sonra Fransanın və indi də ABŞ-ın təşəbbüsü ilə keçirilən bu görüşlər protokol xarakterlidir. Təbii ki, ABŞ öz gücündən, nüfuzundan istifadə edib, Ermənistana hansısa təsir mexanimzlərindən istifadə etməlidir. Çünki münaqişə 30 ildir uzanmaqdadır. Nə Rusiya, nə də digər regional oyunçular bu məsələnin birmənalı şəkildə həllində demək olar ki, maraqlı deyillər”.

*****

Bu arada Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ mövzusunda əsla reallığa əsaslanmayan sarsaq və isterik bəyanatlar verməkdə davam edir. Məsələn, Paşinyan bu dəfə özündənrazı şəkildə izhar edib ki, “Ermənistanın bütün xarici və daxili düşmənləri birmənalı şəkildə məğlub olacaqlar”. Bunu o, polis qüvvələri günü münasibəti ilə çıxışında deyib.

“Biz regionda uzun və stabil sülhü dəstəkləyirik, amma əgər bizim mövqeyimizi zəiflik kimi dəyərləndirən qüvvələr olsa, onlar layiqli cavab alacaqlar. Bütün düşmənlərimizi - xarici və daxili düşmənlərimizi - birmənalı məğlubiyyət gözləyir”, - deyə blokada vəziyyətində inləyən və əhalisinin yarısı çörəkpulu dalınca yaxın xaricə səpələnmiş cırtdan ölkənin rəhbəri növbəti dəfə sərsəmləyib.

Yaranmış vəziyyətdə konfliktin həllində güc amili sövq-təbii önə çıxır. Doğrudur, bir çox təhlilçilərə görə, hazırda yeni və böyük Qarabağ müharibəsinin başlanması real deyil. Çünki Rusiya, ABŞ buna imkan verməz. Ancaq “fors-major” deyilən vəziyyət də yaddan çıxmamalıdır. Yəni elə bir məqam yetişə bilər ki, böyük güclər müharibəni önləyə bilməz. Hər halda müharibə başlayanda heç kimdən soruşmur və onu dayandırmaq elə asan məsələ də deyil.

Bütün hallarda 25 illik danışıqların heç bir nəticə vermədiyinin yaxşı fərqində olan Azərbaycan təbii ki, öz “qızıl saatı”nı gözləyir və ona kimi lokal əməliyyatlar aparıb düşmənin itkilərini qat-qat artıra, onu işğala görə peşman edə bilər. Söhbət torpaqlarımızın “addım-addım” taktikası ilə azad edilməsindən gedir. Bunun üçün Azərbaycan Ordusunun imkanları yetərlidir və silahlı qüvvələrimiz işğalçıları ərazilərimizdən vurub çıxarmağa hazırdır.

“Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq, bu gün Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır”. Bu sözləri Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasimdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov deyib.

General xatırladıb ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordu sırasındadır. Onun sözlərinə görə, ordu quruculuğu sahəsində görülən işlər döyüş qabiliyyətini yüksəldib: “Ordu və xalq arasında birlik var. Bu da orduya inamı artırır”.

Şübhə yox ki, əsas amil də elə xalqla ordunun birliyidir. 2016-cı ilin “4 günlük” aprel müharibəsi, ordumuzun mini-zəfəri də göstərdi ki, xalq torpaqlarımızın düşmən tapdağından azad edəcək silahlı qüvvələrimizin bütünlüklə arxasında olacaq. Yetər ki, Ali Baş Komandan hücum əmri versin. Belə görünür ki, bu əmrin veriləcəyi gün uzaqda deyil. Ona görə ki, 25 illik nəticəsiz atəşkəs, düşmənin son davranışları, verdiyi həyasız bəyanatlar Azərbaycana fərqli yol saxlamır...
"Yeni Müsavat"


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR