Paşinyan Azərbaycanla sülh razılaşması istəyir, amma qorxur? - İDDİA

7-07-2019, 23:10 308 dəfə baxılıb

Paşinyan Azərbaycanla sülh razılaşması istəyir, amma qorxur? - İDDİA


Rusiyanın tanınmış politoloqu Sergey Markov bildirib ki, Nikol Paşinyan Qarabağda sülh istəyir, lakin daxili siyasətdə vəziyyət ona bu istiqamətdə konkret addımlar atmağa imkan vermir. Onun sözlərinə görə, Paşinyan Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla razılaşmağa qorxur. Çünki hesab edir ki, ərazilərin qaytarılması ölkədə ona qarşı sui-qəsd və çevrilişlə nəticələnəcək.

Sitat: “Ermənistanda artıq belə presedent var. 1999-cu ildə Qarabağ məsələsinə görə parlament rəhbərliyi güllələnmişdi. Bu vəziyyət münaqişənin nizama salınması ilə bağlı danışıqlar prosesini tormozlayır. Bu fonda əsirlərin mübadiləsini ən yaxşı halda sülh simvolu hesab etmək olar. Lakin bu o demək deyil ki, tərəflər bundan sonra daha tez-tez görüşəcək və nizamasalma ilə bağlı hansısa sənədi imzalamağa başlayacaqlar. Sadəcə olaraq, bu addım yaxın vaxtlarda danışıqlar prosesində yeni təmaslara maksimal imkan yarada bilər. Mübadilə pozitiv atmosfer yaradır. Lakin yenə də vurğulayıram ki, bu, danışıqlar prosesində konkret sənədlər üzrə razılaşmaya səbəb olmayacaq”.

Siyasi-hərbi ekspert Ramil Məmmədli isə Sergey Markovun həqiqəti dilə gətirdiyini hesab edir. “Yeni Müsavat”a şərhində Ramil Məmmədli bildirdi ki, Markov Ermənistandakı yaxın siyasi tarixə bələdçiliyi olan bir şəxs kimi bu fikirləri səsləndirib: “Onun bu fikri tam həqiqətdir və əgər Ermənistanın baş naziri Azərbaycanla Qarabağ münaqişəsi ilə bağlı razılaşmaya imza atarsa və burada bizim mövqeyimiz daha üstün olarsa, İrəvanda növbəti siyasi gərginlik başlayacaq. Bu gərginlik isə Nikol Paşinyanın məhvi ilə nəticələnəcək. Hətta ola bilər ki, Paşinyanın fiziki məhv edilməsi də baş versin. Çünki yaxın siyasi tarixdə İrəvanda biz bunun iki dəfə şahidi olmuşuq. Məsələn, Levon Ter-Petrosiyan prezidentlik kürsüsünü Qarabağ münaqişəsinin həllində aqressiv erməni cəmiyyətinin və müharibə tərəfdarlarının-işğalçılıq siyasətinin tərəfdarı olmadığından itirdi. Həmin dövrdə ondan sonra prezidentlik kürsüsünü ələ keçirən Robert Köçəryan müsahibələrinin birində Ter-Petrosyanın hakimiyyətdən devrilməsini Azərbaycanla yaxınlaşması ilə əlaqələndirmişdi. Bəzi məqamları da açıq söyləmişdi. Digər bir fakt isə Azərbaycanla münasibətlərin normallaşması tərəfdarı kimi çıxış edən və qismən ədalətli sülh sazişinin imzalanmasının tərəfdarı olduğunu dilə gətirən Ermənistan parlamentinin keçmiş sədri Karen Dəmirçiyanın güllələnməsi idi. Ona görə də bu hadisələrdən sonra İrəvanda heç bir rəhbər şəxsin münaqişənin həllində ədalətli mövqe tutacağını gözləmək olmaz. Birincisi, ermənidir, ikincisi isə öldürülməkdən və ya siyasi meyitə çevrilməkdən qorxur. Nikol Paşinyanın Qarabağ məsələsində ”bir addım irəli, iki addım arxaya" kimi təhlil edilə biləcək siyasəti məhz bununla bağlıdır. Paşinyan Azərbaycanın beynəlxalq vasitələrlə siyasi təzyiqini görür və hiss edir. Amma məhv olmaq qorxusu onu sülh razılaşmasına getməkdən çəkindirir".

Bəs Paşinyan sülh razılaşmasına cəhd etsə, Ermənistanda nələr baş verər?

Ekspertin sözlərinə görə, belə bir cəhd olsa, işğalçı ölkənin daxilində əvvəlcə siyasi gərginlik, sonra isə qisas və daxili çaxnaşma başlayacaq: “Proseslərdə qalib gələn tərəf isə Qarabağ müharibəsindən siyasətə gələn şəxslər olacaq. Hadisələr Qarabağ klanının hakimiyyəti ələ keçirməsi ilə nəticələnəcək. Düşünürəm ki, münaqişə ilə bağlı bütün kartlar açılıb və artıq hamı hər şeyi bilir. Artıq bəllidir ki, münaqişənin həllində əsas həlledici söz Rusiyanındır. Rusiya 1990-cı illərin əvvəllərində hərbi və siyasi dəstək verdiyi ermənilərə işğal altında saxlanılan ərazilərdən çıx əmrini verməlidir. Əks təqdirdə, qalan yeganə yol müharibədir”.

Onu da qeyd edək ki, iki gün öncə internetdə Ermənistanın baş naziri Nikol Paşinyanın adından NATO-nun baş katibi Yens Stoltenberqə yazılmış məktub yayılıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin məktubda Paşinyanın adından Ermənistanın NATO ilə yaxınlaşmaq niyyəti ifadə olunur və buna maneə yaradan əsas səbəbin-Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyi deyilir. Paşinyan guya vəd edir ki, bir il ərzində Ermənistan qoşunları Qarabağdan çıxarılacaq, işğal edimiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılacaq. Ermənistan Xarici İşlər Nazirliyində məktubun saxta olduğunu deyiblər, amma şərh vermək istəməyiblər.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR