Böyük Britaniya Azərbaycanın etiraz notasına cavab verdi

2-07-2015, 15:16 793 dəfə baxılıb

Böyük Britaniya Azərbaycanın etiraz notasına cavab verdi




















Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb

XİN-in mətbuat xidməti bildirir ki, xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfəri və “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda iyulun 8-də keçirilməsi nəzərdə tutulan tədbirdə iştirak edəcəyi ilə bağlı Azərbaycan hökumətinin qəti etirazını bildirib.

X.Xələfov bu kimi halların Azərbaycan və Böyük Britaniya arasında mövcud olan dostluq və strateji münasibətlərin ruhuna uyğun olmadığını vurğulayıb və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirib.

Səfir İrfan Siddiq Böyük Britaniyanın Dağlıq Qarabağdakı rejimi tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını deyərək, Azərbaycanın narahatlığı barəsində ölkəsinin Xarici İşlər Nazirliyinə məlumat verəcəyini diqqətə çatdırdı.

Həmçinin XİN-in təlimatı əsasında Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən məsələ ilə bağlı Böyük Britaniya XİN-də görüş keçirilib və müvafiq etiraz məktubu təqdim edilib.

Azərbaycanın Londondakı səfirliyinin məktubuna cavab olaraq, Böyük Britaniya XİN-in məktubunda bildirilib ki, Böyük Britaniya Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir, Dağlıq Qarabağda yaradılmış rejimi tanımır və Böyük Britaniyanın bu mövqeyi dəyişməz olaraq qalır.

Məktubda separatçı rejimin başçısının Böyük Britaniyaya səfərinin hökumət tərəfindən təşkil edilmədiyi və onun Londonda olacağı müddətdə heç bir hökumət rəsmisi ilə görüşünün olmayacağı xüsusilə vurğulanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR