Moskva Ermənistandan xəbərsiz Bakı ilə razılaşır? - İRƏVANDA CİDDİ NARAHATLIQ

17-07-2019, 23:37 333 dəfə baxılıb

Moskva Ermənistandan xəbərsiz Bakı ilə razılaşır? - İRƏVANDA CİDDİ NARAHATLIQ


Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçilərin statusu və təşkilatda təmsilçi ölkələrin səlahiyyətlərinin dəqiqləşdirilməsi haqqında qanun layihələrini ratifikasiya üçün Dövlət Dumasına təqdim edib.

Bundan başqa, Rusiya parlamentinə ratifikasiya üçün təqdim edilən üçüncü protokoldakı bəndə əsasən, KTMT-nin məqsəd və prinsiplərini bölüşən, təşkilatla qarşılıqlı faydalı münasibətləri inkişaf etdirməyə hazır olan dövlət və təşkilatlar KTMT üzrə tərəfdaş statusu ala biləcək.

Cebhe.info xəbər verir ki, köşə yazarı kimi tanınan Aram Sarkisyan məsələyə aydınlıq gətirib.

Putinin təşəbbüsü ilə Dövlət Dumasının gündəliyinə çıxarılan, 7 oktyabr 2002-ci il tarixli KTMT-nin hüquqi statusu haqqında sazişə dəyişikliklərin edilməsi barədə ikinci və üçüncü protokol 8 noyabr 2018-ci ildə KTMT Şurasının Astanada keçirilən növbəti iclası çərçivəsində imzalanıb.

“1in.am” saytının yazdığına görə, erməni ekspertlərdən çoxu bu təşəbbüsdə ciddi gizli məna görür, hətta onun Ermənistanın maraqlarına risk daşıdığını hesab edir. Onların sözlərinə görə, əsas məqsəd Azərbaycanın KTMT, ümumiyyətlə, “Avrasiya” inteqrasiya strukturlarına yolunu açmaqdır. Saytın analitikinin fikrincə, Putin Rusiya ilə isti münasibətdə olan Türkiyənin də “yolunu təmizləməyə” çalışır. Digər analitiklər qeyd edirlər ki, Moskvanın növbəti hədəfi Moldovadır. Belə ki, son illər burada rusyönlü və qərbyönlü qüvvələr hakimiyyət uğrunda amansız mübarizə aparır.

Amma rusiyalı analitiklər məsələyə başqa tərəfdən yanaşırlar. Onların fikrincə, Ermənistanın narahat olmağa heç bir əsası yoxdur, çünki belə məsələlərdə veto hüququ var.

Məsələn, Moskva Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin qeyd edib ki, müzakirə aparmağa səbəb görmür, KTMT üzvlüyü formallıqdırsa, onda müşahidəçi və ya tərəfdaş statusu ilə bağlı məsələyə əhəmiyyət vermək lazım deyil.

Xramçixin sayta açıqlamasında bildirib: “Başa düşə bilmirəm, nədən qorxurlar?! Özü də KTMT-ə üzv olan hər bir ölkənin veto hüququ var. Hamı çox gözəl anlayır ki, Ermənistan istənilən halda hər bir qərara veto qoyacaq, çünki o, tamhüquqlu üzvdür. Hər şey göz qabağındadır”.

Rusiyanın Cənubi Qafqaz ölkələrini yenidən ümumi siyasi, iqtisadi sistemə, həmçinin təhlükəsizlik sisteminə inteqrasiya etməyə çalışdığını, ya da ən azından bununla bağlı uzunmüddətli məqsəd güddüyünü söyləyənlər də çox olub. Dolayısıyla, bu, kompleks tapşırıq və prosesdir. Çünki onu regional problemləri həll etmədən, xüsusilə Ermənistan-Azərbaycan münasibətlərini tənzimləmədən həyata keçirmək mümkün deyil. Dağlıq Qarabağ məsələsində Ermənistanın maraqlarına mümkün təhlükələr də buradan aydın görünür.

Başqa sözlə, Bakı dəfələrlə bildirib ki, Moskva Dağlıq Qarabağ məsələsində Azərbaycana yardım etsə, Azərbaycan öz növbəsində “Avrasiya” inteqrasiyası barədə ciddi düşünə bilər. Lakin hərbi analitik Aleksandr Xramçixin Ermənistanın iştirakı olmadan Moskva və Bakı arasında sazişin ola biləcəyini təsəvvür etmir. “Məncə, bu cür senarilər fantastika janrına aiddir”, - deyə o əlavə edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR