“Müsavat Partiyası yanlış idarə olunur...”

30-09-2019, 18:53 315 dəfə baxılıb

“Müsavat Partiyası yanlış idarə olunur...”



Müsavat Partiyasının başqanlığına namizəd Yadigar Sadıqlının “Yeni Sabah”a müsahibəsi:
- Yadigar bəy, Müsavat Partiyasının başqanlığına iddialısınız. Bu ağır yükün altına girmək hansı zərurətdən doğdu?

- Mən xaraktercə ambisiyalı adam deyiləm. Heç vaxt partiyada vəzifə uğrunda mübarizə aparmamışam. 2004-cü ildə çox ağır vəziyyətdə Lənkəran təşkilatını qorumaq üçün sədrliyi götürdüm. Sonra İsa bəyin müşaviri, Arif bəyin müavini oldum. Hər iki halda da təşəbbüs özlərindən gəlib. Həbsdən çıxandan sonra bir çoxları məni gələcək, Arif Hacılının iki müddətindən sonrakı növbəti başqan kimi gördüklərini söyləyirdilər. Amma buna da çox həvəslənmədim. "O sonrakı işdir, indi qurultaydan sonra aldığımız yaraları sağaltmalı, Müsavatı yenidən ən güclü etməliyik" yanaşmasını sərgilədim.

Hazırda da başqanlığa namizədliyim ambisiyalarımdan irəli gəlmir. Müsavatda çox şeylər qaydasında getmir, partiya yanlış idarə olunur, onun böyük potensialından layiqincə istifadə edilmir. Bunun acı nəticələri də göz önündədir. Reytinqimiz xeyli zəifləyib, bizə olan maraq azalıb. Qos-qoca Müsavat Partiyası son illər heç bir gündəm yarada bilmir. Son günlər qurultayla bağlı yenidən diqqət mərkəzindəyik. O da cəmiyyətin Müsavatda mümkün dəyişikliyə ümid etməsilə bağlıdır. Hətta bu maraq da rəhbərliyin deyil, namizədlərin xidmətidir. Rəhbərlik isə əslində bu maraqdan narahatdır və onu azaltmağa çalışır. Sosial şəbəkələrdə münasibət bildirənlər qərəzlilikdə ittiham olunur, onlara susmaq təklif edilir, namizədliyini irəli sürəcəyi şübhə doğurmayan Arif Hacılı bu addımını gecikdirir və bununla da debat təkliflərindən yayınır.

Təxminən 1 il öncə vəziyyəti yaxın dostlarımızla dəyərləndirdik, belə qənaətə gəlindi ki, partiyanın nüfuzunu bərpa edəcək ən optimal namizəd mənəm. Yəni bu halda da mən təkbaşına qərar vermədim. Beləcə, soruşduğunuz zərurət də Müsavatın maraqlarını güdməkdən və mənafeyinə xidmətdən doğur.

- Müsavatın hazırkı rəhbərliyi ilə münasibətləriniz o qədər də ürəkaçan görünmür. Bu başqanlıq iddiası ilə bağlıdır yoxsa başqa səbəb var?

- Münasibətlər hələ başqanlıq iddiası olmayandan pozulmağa başlayıb. Bu da mənim müstəqil xarakterimlə və Arif Hacılının yadfikirliliyə dözümsüzlüyü ilə bağlıdır. Sonra isə yenə də hələ mən ortaya iddia qoymamış, "birdən namizəd olar" ehtimalı ilə, preventiv olaraq partiya strukturlarında haqqımda neqativ yüklü şayiələr buraxmağa başladılar. Əlbəttə iddiamdan sonra bunlar xeyli çoxaldı və "əsəb müharibəsi" şəklini aldı.

- “Mühacir alveri” qalmaqalı ilə bağlı fikirlərinizi publik şəkildə ifadə etməyiniz indiki rəhbərlik tərəfindən partiyanın mənafeyinə zərbə kimi qiymətləndirilirdi. Bu məsələni sizi ittiham edənlərin dediyi kimi partiya daxilində deyil, ictimai şəkildə müzakirə etməyiniz şəffaflıq prinsiplərinə söykənirdi yoxsa burada iddia edildiyi kimi hansısa başqa maraq var idi?

- Mən "alver" sözünü heç zaman işlətməmişəm. Ancaq çox təəssüf ki, cəmiyyətdə belə bir qənaət formalaşıb və bununla bağlı Müsavat Partiyası ətrafında xoşagəlməz söz-söhbətlər gəzir. Biz bunun partiya daxilində müzakirəsini xeyli apardıq. Arayış verilməsini birdəfəlik dayandırmağı təklif etdik. Qəbul olunmayanda konsensus naminə daha sərt qaydaların tətbiqini, ən azı Divan üzvləri səviyyəsində şəffaflığın təmin olunmasını istədik. Bəzən bizimlə hətta razılığa da gəlindi, sonra əməl olunmadı. İctimai fikirdə Müsavat Partiyasına çox ziyan vuran bir hala niyə bu qədər inadla davam edildi, bu söz-söhbətlərə son qoyulması üçün tədbirlər niyə görülmədi, anlamıram.

Fikir ayrılıqlarının ictimai şəkil alması isə mənim adım keçən saxta bir arayışın başqan müavini tərəfindən sosial şəbəkədə yayılmasından sonra baş verdi. Mən rəhbərliyin "arayış siyasəti"nə qarşı olduğumu aydın şəkildə nümayiş etdirməli oldum. Yeri gəlmişkən, rəhbərlik indiyə qədər o arayışın haradan əllərinə keçməsi barədə mənim suallarıma cavab verməkdən imtina edir. İndi isə, başqanlığa namizədliyimi irəli sürəndən sonra analoji müzakirələr qaçılmazdır. Çünki bu həm məni ən çox narazı salan, həm də Müsavatın nüfuzuna ən çox zərbə vuran hallardan biridir, bəlkə də birincisidir.

- Müsavat başqanlığına namizədliyinizi irəli sürdükdən sonra partiyada sizə münasibətdə hansısa dəyişikliklər varmı?

- Müəyyən dəyişikliklər var. Bəziləri müsavatçılıqdan daha çox başqançı olduqlarını ortaya qoyurlar. Bəziləri də çox təəssüf ki, barəmdə yayılan şər-böhtana inanırlar. Bizim Nizamnamədə "Müsavat yalansız yaşayanların partiyasıdır" yazılır. Amma haqqımda uydurulan yalanların sayı-hesabı yoxdur. Bununla belə, dəstəkləyənlər və münasibəti dəyişməyənlər də çoxdur.

- Ötən qurultayda Qubad İbadoğlu və bir sıra tanınmış müsavatçı nəticələri qəbul etməyərək partiya sıralarını tərk etdi. Bu dəfə də oxşar hal baş verə bilərmi? Ümumiyyətlə, nəticələr sizi qane etməyəcəyi təqdirdə hansı addımları atacaqsınız?

- Nəticələr məni qane etməyəcəksə, sıravi müsavatçı kimi qalacağam, heç bir strukturda təmsil olunmayacağam. Amma mən qalib gələcəyəm.

- Bəzi mülahizələrə görə, son anda namizədliyinizi başqanlığa digər iddialı Tofiq Yaqublunun xeyrinə geri götürə bilərsiniz.

- Biz Tofiq Yaqublu ilə dost olsaq da, həmfikir deyilik. Fikirlərimizin üst-üstə düşmədiyi hallar az deyil. Partiyadaxili demokratiya, şəffaflıq, kollektiv idarəçiliklə bağlı fikir ayrılığımız yoxdur, amma bir çox məqamlara baxışlarımz fərqlidir. Buna görə də yəqin ki, sona qədər hər ikimiz namizəd olacağıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR