Ermənistanda “Barış pınarı”ndan sonrakı “Cıdır düzü” xofu

15-10-2019, 11:38 534 dəfə baxılıb

Ermənistanda “Barış pınarı”ndan sonrakı “Cıdır düzü” xofu



Türkiyə və Azərbaycana qarşı cəfəng iddialarını onilliklərdir davam etdirən işğalçı Ermənistan bugünlərdə Türkiyə dövlətinin Suriyada başlatdığı antiterror əməliyyatından ciddi şəkildə təşviş keçirir. Bunu erməni mediasının tirajladığı materiallar da təsdiqləyir. Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasından olan deputatı Makael Zoloyan medianın suallarını cavablandırarkən narahatlıqlarını gizlətməyib.

“Yeni Müsavat” xəbər verir ki, erməni deputat Türkiyənin Suriyada başlatdığı hərəkatın Azərbaycana “metastaz” verə biləcəyi ilə bağlı suallara cavab verib. Düzdür, o, özünü narahat göstərməməyə cəhd edib, lakin Azərbaycandakı könüllülərin Türkiyəyə yardıma getmək niyyətinin ermənilər üçün ürəkaçan hal olmadığını büruzə verib. “Əgər Türkiyə uğur qazansa, mən istisna etmirəm ki, Azərbaycan bundan ilhamlanacaq”, - deyə deputat əlavə edib. Doğrudur, ardınca Suriya və Qarabağdakı terrorçuları fərqləndirməyə cəhd göstərib, “bir halda kürd birləşmələri var, digərində isə nizami Ermənistan və ”artsax" ordusu", deyərək. Onu da deyib ki, Türkiyə Qarabağ məsələsinə birbaşa hərbi müdaxilə edə bilməz. “Hər halda, sayıqlığı itirməməli və döyüşə hazır olmalı, eyni zamanda təxribatlara və manipulyasiyalara yol verməməliyik” - Zoloyan deyib.

Təkcə bu açıqlamalar kifayətdir ki, Ermənistandakı narahatlığın miqyasının geniş olduğu qənaətinə gələsən. Əslində ermənilərin narahatlığı boşuna deyil. Söhbət heç də ondan getmir ki, Ermənistan Ağrı vilayəti daxil olmaqla, Türkiyənin bir sıra ərazilərinə iddiasını hətta konstitusiya qanununda belə rəsmiləşdirib. Qondarma “erməni soyqırımı” iddiaları da bir kənarda qalsın. Məsələ burasındadır ki, ermənilərin Türkiyəyə qarşı döyüşən terrorçu birləşmələrə açıq və gizli dəstəyi barədə kifayət qədər faktlar və məlumatlar var, o cümlədən Türkiyə kəşfiyyatında. Vaxtaşırı məhv edilən və ələ keçirilən kürd terrorçuları sırasında ermənilərin də olması bunu bir daha təsdiqləyir. Elə bugünlərdə məlum oldu ki, Suriyanın şimalında, Haseki bölgəsində qurulan və Ermənistanın xüsusi dəstək verdiyi ‘’Nubar Ozanyan’’ adlı erməni terror qrupu Türkiyəyə qarşı savaş elan edib. Hələ yay aylarında bildirilirdi ki, əvvəlcə 90 nəfərdən ibarət olan silahlı qrupun üzvləri 500-ə çatıb. Erməni qruplaşmasının Qamışlı, Haseke, Rasulayn, Amude, Tel Abyad, Aynularab ve Rasullayn bölgələrində yer alacağı hələ ilk günlərdən bildirildi. Suriyada qurulan erməni birliyi özünü ASALA terror qruplaşmasının davamçısı olaraq təqdim edir.

Onu da vurğulayaq ki, Suriyada vətəndaş müharibəsi başlayandan sonra oradakı ermənilərin bir qismi PKK-nın tərkibinə qatılıb, 13 mindən artıq Suriya ermənisi isə Azərbaycanın işğal olunmuş Qarabağ ərazisinə köçürülüb. Mətbuat yazılarına görə, PKK-nın tərkibində yaradılan erməni qrupuna Ermənistan tərəfindən bilavasitə döyüşçü qüvvələr cəlb edilib. Son qurulmuş erməni qrupu Türkiyə ordusu ilə mübarizə aparacaq. Ancaq PKK və erməni terrorçuları üçün Qarabağ kimi nəzarətdən uzaq ərazi həm gizlənmək, həm təlimlər keçmək üçün çox rahat ünvandır. Lakin bu da var ki, Türkiyə bölgədə terrorun kökünü tam kəsməkdə israrlıdır. Deməli, hərbi əməliyyatlar günün birində Qarabağı da əhatə edə bilər.

Bu yerdə qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Dağlıq Qarabağ bölgəsinə, erməni tərəfinə kömək üçün PKK terror təşkilatının qüvvə göndərdiyi xəbərləri yayılmışdı. O zaman “İhlas” agentliyi bildirirdi ki, qarşıdurmaların başladığı ilk günlərdə PKK terror təşkilatı ermənistanlı dostlarına dəstək olmaq üçün 400 terrorçunu bölgəyə göndərib. Kandil və Kamışlı bölgəsindən gələn birliklər Ağrı vilayətindən Ermənistana keçib. “Göyçə gölü yaxınlığında PKK üçün təsis edilmiş Vardenes Düşərgəsinə yerləşdirilən 400 nəfərlik terror qrupu savaşmaq üçün Qarabağa göndərilib. Azərbaycanila döyüşmək üçün Ermənistana gedən silahlıların arasından İŞİD və digər bənzər qruplara qarşı PKK-nın Suriya qolu - PYD sıralarında döyüşən 150 erməni əsilli terrorçu da var. Terrorçular Dağlıq Qarabağ bölgəsindəki üç ayrı şəhərə göndərilib. Laçın, Şuşa və Kəlbəcər şəhərlərinə paylanan terrorçular qarşıdurmaların davam etdiyi Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli cəbhələrinə göndərilib” - xəbərdə deyilirdi.

Son aylarda erməni terrorçular qaçaq yolla Ağrı dağına qalxaraq erməni bayrağını qaldırıblar və bununla da Türkiyə və Azərbaycana mesaj verməyə çalışıblar. Ötən ay Türkiyənin Ağrı vilayətində antiterror əməliyyatı keçirməsi də zərurətdən irəli gəlirdi. Lakin bununla kifayətlənmək mümkün deyil. Qeyd edək ki, hələ PKK İraqda sıxışdırılanda yaraqlıların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ torpaqlarına köç etməsinə dair sensasion məlumat yayılmışdı. “PKK yeni məskən kimi Ermənistan və Dağlıq Qarabağı seçib” - məlumatda deyilirdi.

Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey Ermənistanın terror təşkilatları ilə işbirliyinə dair sensasion məlumatlarla çıxış etmişdi. Bildirmişdi ki, Ermənistan işğal etdiyi Qarabağda 12 PKK düşərgəsi yaradıb və həmin düşərgələrdə 1750 PKK yaraqlısını yerləşdirib. Təşkilat sədri qeyd edib ki, aprel döyüşləri ərəfəsində Suriyadan 400 PKK terrorçusu Türkiyənın Ağrı bölgəsindən Ermənistana keçib.

Ermənistanın Türkiyəyə qarşı xain davranışları barədə məlumatlar kifayət qədərdir.

Ermənistanın Şirak bölgəsində Osmanlı imperiyasının son baş nazirlərindən olan Tələt paşanı öldürən daşnak suiqəsdçisi Soqomon Teyliryana aid heykəl inşa olunub və bu zaman Türk paşasına qarşı həqarət edilib. Faşizmin təbliğatçısı Nijdeyə abidə qoyan ermənilər bununla da növbəti dəfə türklərin heysiyyətinə toxunublar. Bir çox ekspertlər hesab edir ki, Ermənistanın cavabı sərt şəkildə verilməlidir.

Yeri gəlmişkən, 2018-ci ilin yazında Bakıdakı VI Qlobal Bakı Forumunda iştirak edən Türkiyənin ovaxtkı baş naziri Binəli Yıldırım “Yeni Müsavat”ın əməkdaşının “Afrin əməliyyatından sonra qardaş ölkənin hərbi qüvvələrinin Azərbaycan ordusu ilə birlikdə işğal altındakı Qarabağ torpaqlarında erməni işğalçılarına və nəzarətsiz ərazidə yerləşdirilmiş PKK-çılara qarşı birgə hərbi əməliyyat keçirilə bilərmi” sualına cavabında belə demişdi: “Əgər dost və qardaş Azərbaycana buradan başqa bir təhdid yönələrsə, yaxud Türkiyəyə bu ərazilərdən bir terror təhdidi yönələrsə, qarşılığı mütləq olacaq”.

Artıq erməni terrorçular Suriyada Türkiyəyə meydan oxuyur, üstəlik, İrəvandan dəstək alırlar. Terrorun bölgədə kökünün kəsilməsi üçün Qarabağdakı nəzarətsiz zonanın təmizlənməsinə də ehtiyac var.

Ermənilər Türkiyənin zəfər qazandıqdan sonra Azərbaycanla birgə Qarabağda hərbi əməliyyatlar aparacağından ehtiyatlanır. Bu yandan da Suriyadakı əməliyyatda ermənilərin zərər çəkdiklərini iddia edirlər. Bu arada Paşinyan da Putinə zəng edib. Ermənilərin qorxulu röyası çin ola, Türkiyə üzünü Qarabağa çevirə bilərmi?

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bu mövzuda danışarkən bildirdi ki, ermənilər təkcə Suriya ərazisində deyil, tarix boyu türk düşmənlərinin yanında yer alıblar: “PKK problemi yarandığı gündən ermənilər bu terror təşkilatı ilə vahid mövqedən çıxış ediblər. Erməni terror təşkilatlarının, o cümlədən ASALA-nın PKK ilə əməkdaşlığını, Türkiyəyə qarşı həyata keçirilən terror aksiyalarında ermənilərin iştirakını təsdiqləyən çoxsaylı faktlar var”.

E.Mirzəbəyli digər məqama da diqqət çəkdi: “Ermənilərin Türkiyənin Suriyada zəfər qazanacağından narahatlığı təkcə antiterror əməliyyatlarının gələcəkdə Azərbaycanda keçirilə biləcəyi ehtimalı ilə bağlı deyil. Türkiyənin Suriyada qazanacağı zəfər qardaş ölkənin təhlükəsizliyinə təhdid yaradacaq əsas problemə son qoyacaq. Bu isə təkcə Ermənistanın yox, ermənilərlə eyni mövqedən çıxış edən riyakar Tehran rejiminin də maraqlarına uyğun gəlmir. Regionda Türkiyənin güclənməsini istəməyən təkcə Ermənistan deyil, təəssüf ki... Türkiyənin güclənməsi, Suriya ərazisindən ölkənin ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdid yaradan amillərə son qoyması şübhəsiz ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə birbaşa, yaxud dolayası ilə ciddi təsir göstərə bilər”.

Bu arada Bakıda Türk Şurasının 7-ci sammitinin keçirilməsi və üzv ölkələrin rəhbərlərinin, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğanın zirvəyə qatılması Ermənistana əlavə narahatlıq yaradıb. Türkiyə prezidentinin bu həssas dönəmdə Bakıda, Azərbaycan prezidenti İlham Əliyevlə görüşməsi işğalçı Ermənistan üçün heç də xoş olmayan hadisədir. Erməni mediası R.T.Ərdoğanın səfər öncəsi “Mən ilk növbədə qardaşım İlham Əliyevlə görüşəcəyəm” sözlərinə xüsusi diqqət çəkiblər. Rusiya-Ermənistan əlaqələrinin tənəzzülə uğraması fonunda Bakı-Ankara əlaqələrinin daha yüksək səviyyəyə qalxması rəsmi İrəvanın yuxusunu qaçırır. Ermənistanda “Barış pınarı”ndan sonrakı “Cıdır düzü” xofu yaşanır. İnşallah gerçək olar!


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR